İçdən gələn düşüncələr

Ölkə başçısı İlham Əliyev Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovu ictimai-siyai həyatda fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif etdi. Başa düşüləndir və döydürülüb yaraşıqlı şəklə salınmış bu orden və medallar nəhayətdə dəmir parçası olmaqdan qurtulub kiminsə sinəsində öz sahibinə şöhrət gətirən parıltısını verməlidir.

Şərəf, şöhrət, istiqlalla bağlı orden və medalların təqdimatı bütün dünyada qəbul edilən normadır və bu təltiflər insanların cəmiyyət qarşısında göstərdiyi ictimai-siyasi və mədəni fəaliyyətinə dövlət tərəfindən verilən qiymət kimi dəyərləndirilməlidir. Lakin diqqətlə nəzər salsaq yalnız avtoritar və antidemokratik rejimlərdə bu cür təltiflər cəmiyyət qarşısında xidməti olanlara deyil, avtoritara sədaqətlə xidmət edən şəxslərə təqdim edilir. Bu tip rejimlərdə mütləq deyil ki, təltif edilənlər aldığı orden və medallara layiq olsun...

Mükafatlar, təltiflər, adlar coğrafiyası daralan, əhalisi misgin hala salınan, qanunları işləməyən ölkədə onların rəhbər sevgisini birə on qat artırır və təltif sahibləri vətən, vətəndaş məfhumlarını unudub kor istəklə öz avtoritarına bağlanırlar. Biz də hansı rejimdə yaşamağımızı bildiyimizə görə insanı itaət köləsi edən bu cür şirnişdirici təltifləri təəccüblə qarşılamırıq.

Amma vəzifədən getdikdən sonra bu orden və medalların müəlliflərinin gözdən salınmasını, təltiflərinin əlindən alınmasını, mülklərinə əl qoyulmasını, yeri gələndə zindana atılmasını görəndə doğrudan da bu təltiflərin şəxsi sədaqət zəminində verilməsinin şahidi oluruq. Prezidentin ən yaxın çevrəsində olan insanların ən böyük ödüllərdən sonra ən böyük cəzalara məruz qalması hər kəsin fərqində olduğu məsələdir.

Konkret olaraq vitse-spikerə gəldikdə isə, onun ictimai-siyasi həyatda hansı aktiv rolu olub ki, o, bu mötəbər ordenə layiq görülsün? Ümumiyyətlə, bizdə aktiv ictmai- siyasi fəaliyyət meydanı varmı ki, onun iştirakçıları da bu aktivliyin mükafatını alsın? Varsa, niyə bu təqdimatlar təkcə hakimiyyət mənsublarına aid edilməlidir?

İllərlə ictimai-siyasi həyatda can çürüdən insanlar, istiqlal aktına imza atan millət vəkilləri, bütün fəaliyyətini Azərbaycanın müstəqilliyi və demokratiyası uğrunda mübarizəyə həsr edən müxalif mənsublar var, nə oldu ki, bunların heç biri orden və medallara layiq görülmədiyi halda, dağıdıcı, talançı, anti-istiqlalçı hakimiyyət nümayəndələri hər cür ödüllərə layiq görülür?!

Bəlkə belə bir norma qəbul edək ki, Azərbaycan torpaqları işğaldan azad olmayınca, bu ölkədə ədalət bərpa olunmayınca, insan hüquq və azadlıqları yerini tapmayınca, bir milyon qaçqın dədə-baba yurdlarına dönməyincə, əsarətdə qalan qız-gəlinin şərəfi qanımızla yuyulmayınca bir kimsəyə nə şərəf, nə şöhrət, nə də istiqlal ordeni verilməsin...

Bu təşəbbüs bir az sadəlövh, bir az da orden həvəskarlarının bostanına daş atmaq kimi görünür. Amma bundan irəli gedən təkliflər də var. Gəlin hər-birimizə ucuz şöhrət qazandıran dəbdəbəli toylardan, təmtəraqlı yaslardan da əl götürək. Dalbadal düzülən maşın karvanları ilə siqnallar verə-verə gəlin aparanda gəlinlik haqqını itirən qızlarımızı, bəyliyi şəhid olmuş oğullarımızı yaddan çıxarmayaq. Yaxınlarımızın acısını yaşayıb çığır-bağır edəndə qanı içinə axan boğdurulmuş Azərbaycan meyitinə göz yaşı axıtmağı yaddan çıxarmayaq.

Gəlin, dörd dövrəsi aclıq içində can verənlərə əl tutmayıb şöhrət naminə həcc yolu gedənlərə uğurlar arzulamayaq. Gəlin istiqlal bayramımızı “gül”, “qayıdış”, “qurtuluş” adı ilə keçirilən mövsümi bayramlara qurban verməyək. Gəlin, bu ölkədə korrupsiya və rüşvətxorluğun kökünü kəsməyin şərəf andını içək. Gəlin insandan baha qəbir yeri satmaq kimi rəzalətlərə son qoymağın şərəf andını içək. İnsanı şərəfsizləndirən, dədə-baba şöhrətinə xələl gətirən, onu misgin hala salan, övladı qarşısında gözü kölgəli edən yaltaqlıq mərəzindən qurtulmağın andını içək. İvanın, cemin nə vecinə ki, sənə, mənə şərəf, şöhrət ordeni verdilər, ya vermədilər.

Biz milli şərəf nümunəsi ortaya qoyanda var oluruq. Seçkilər milli məsələdir. Gəlin tövbə edək ki, bir kimsə başqasının səsini oğurladıb öz adına yazdırmasın. Müqəddəs olan sandıqlardır. And içək ki, sandıqlara topa-topa bülleten doldurmayacaq, bir kimsənin ilahi tərəfindən şərəfləndirildiyi “faili-muxtarlıq” haqqını tapdalamayacaq. İçdən gələn bu düşüncələr tülkü siyasilərə, iman və inamını fələyin güdazına verənlərə, qəlbi şeytanla əlləşənlərə sadəlöhv görünə bilər. Amma ölkəmizin uçuruma doğru getdiyinin də fərqində olmalıyıq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar