“BU VƏZİYYƏT SENTYABRA QƏDƏR DAVAM EDƏ BİLƏR” - "Bakıda əhalini azaltmaq lazımdır”

Cəlal İsayev: “Bakıda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa yoluxmanın da getdikcə azaldığını görəcəyik.”

Azərbaycanda koronavirus epidemiyasına yoluxma pik həddə çatıb. Xüsusi karantin rejiminin ən sərt vaxtlarında, mart-aprel aylarında infeksiyaya yoluxma statistikası ürəkaçan idi. Bu gedişlə ümid edilirdi ki, ölkə pandemiyadan az itki ilə çıxmağa müvəffəq ola bilər.

Lakin aprelin 27-dən karantin rejiminin mərhələli yumşaldılmasına başlanması bumeranq effekti verməkdədir. Rəsmilər də etiraf edirlər ki, yumşalmanın nəticəsində koronavirusa yoluxma sürətlə artmaqdadır.

Bu səbəbdən 9 şəhər və rayonda karantin rejimi saxlanılır, bölgələrin sayının artması istisna deyil. Hətta aprel ayında olduğu kimi hamının yenidən evə qapadılması təklifləri səslənir. Çünki həftəsonu tətbiq edilən sərt karantin rejimi hələ ki ciddi effekt vermir. Hazırda hər gün yoluxanlar 300-dən çox, ölənlər 3-5 nəfər arası dəyişir. Eyni zamanda karantin rejiminin qaydalarına məsuliyyətli şəkildə riayət də edilmir: kafe-restoranlarda, ticarət mərkəzlərində, bazarlarda, marketlərdə, ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsinə əməl edilmir, heç də hamı bir nəfər kimi maska taxmır.

O baxımdan Azərbaycanda sərt tədbirlər görülməsi, Çində olduğu kimi hərbi vəziyyət elan edilməsi təklifləri səslənməkdədir.

Çinin paytaxtı Pekinin qonşuluğunda yerləşən Baodin şəhərində hərbi vəziyyət elan edilib. Bildirilib ki, bu qərar Pekin bazarlarından birində koronavirus peyda olması ucbatından qəbul edilib.

Baodinin Pekinə çox yaxın ərazidə yerləşməsi və paytaxtla aktiv əlaqəsi səbəbindən burada hərbi vəziyyət tətbiq olunub. Baodində 11,5 milyon insan yaşayır. Şəhər Pekinin 140 kilometrliyində yerləşir.

Pekinin “Sinfadi” bazarında iyunun 13-də koronavirus aşkarlanıb. Rəsmi məlumatlara görə, bazarı ziyarət edən 517 nəfərdən 45-i koronavirusa yoluxub. Bu nöqteyi-nəzərdən analoji praktikanın Azərbaycanda tətbiqinin hansı nəticələri verəcəyi müzakirə edilir. Çünki yoluxmanın heç bir üsulla qarşısını almaq mümkün olmur. Artıq xəstəxanalarda yer olmadığı xəbərləri gəlməkdədir, respublikanın tanınmış simaları arasında yoluxanlar var. Həmçinin Prezident Administrasiyasında, Milli Məclisin Aparatında, ayrı-ayrı nazirliklərdə COVİD-19 infeksiyasına yoluxanlar var.

Faktiki, ölkədə yoluxma sayı 10 minə yaxınlaşıb, bu yazı hazırlanarkən ölü sayı 119 nəfər idi, 4255 nəfər isə aktiv xəstə müalicə edilir. Üstəlik, pandemiyanın ikinci dalğasının gələcəyi israrla söylənilir və proqnozlaşdırılır.

Belə ki, Çinin Pekin bazarından qaynaqlanan koronavirus pandemiyasının ikinci dalğası nəticəsində 106 nəfər infeksiyaya yoluxub.

Səhiyyə Nazirliyinin baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev “Yeni Müsavat”a bildirdi ki, yoluxma və ölüm halları artır, xəstəlik stabil olaraq yüksək rəqəmlərdə qalır.

Baş infeksionist hesab edir ki, diqqətli təhlillər apardıqdan sonra karantin rejiminin sərtləşdirilməsi, yoxsa daha da yumşaldılmasına baxıla bilər: “Bu səlahiyyət Nazirlər Kabinetindədir və bizim indidən fikir söyləməyimiz yanlış istiqamətlərə apara bilər. Sadəcə, insanlar xəstəliyə məsuliyyətsiz, laqeyd yanaşırlar. Çoxu fikirləşir ki, xəstəlik mənə heç nə edə bilməz. Amma bu virus hava-damcı ilə keçir deyə yoluxma sürətlə artır. Ona görə maska taxmaq vacibdir. Maska yoluxmanın 70 faiz qarşısını ala bilir”.

C.İsayev Çindəki hərbi vəziyyətin eynilə bizdə tətbiq olunması təklifi ilə razılaşmır: “Çində ikinci dalğa var. Amma onlar təcrübəlidir və vəziyyətdən çıxacaqlar. Hərbi vəziyyət isə bizim üçün deyil. Çinin milyard yarım əhalisi var, nəzarət üçün lazımdır. Azərbaycanda belə bir vəziyyət elan olunmasına ehtiyac görmürəm. Sadəcə, sosial məsafə gözlənməsi, maska taxılması ən yaxşı mübarizə metodlarıdır. Ümid edirəm ki, yoluxma sayı ilə bağlı hər gün verilən məlumatlar insanları ayıldacaq, daha məsuliyyətli olmağa vadar edəcək”.

C.İsayevin sözlərinə görə, maska taxmağa məcbur etməklə, cərimələməklə nəticə əldə olunmur: “İnsanlar özləri gedişatı görməlidirlər və qaydalara könüllü əməl etməlidirlər. Çünki xəstəni də, ölünü də görürük. İndi gözləyirik ki, gərək əzizlərimiz yoluxsun, onda əməl edək?”

Baş infeksionistin fikrincə, insanların rayonlara buraxılmasını təşkil etmək, Bakıdakı sıxlığı azaltmaq lazımdır: “Bu haqda düşünmək lazımdır. Hesab edirəm ki, Bakıda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa yoluxmanın da getdikcə azaldığını görəcəyik. Bu, subyektiv fikrimdir”.

C.İsayev qeyd etdi ki, bu vəziyyət sentyabra qədər davam edə bilər: “Mənim əvvəlki proqnozum belə idi ki, hava istiləşər, insanlar sosial təcrid qaydalarına əməl edər və yayda yoluxma azalar. Amma gördünüz ki, koronavirus əvvəlcədən planlaşdırmanı sevmir”.

Bu arada TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirmişdi ki, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.

Qeyd olunan karantinlə bağlı “Trend”ə açıqlama verən TƏBİB mətbuat katibi Rəvanə Əliyeva deyib ki, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb.

O qeyd edib ki, əgər deyildiyi kimi cümə və şənbə günləri sərt karantin rejimi tətbiq olunacaqsa, bu barədə Operativ Qərargahın brifinqində ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, yoluxma sayındakı dinamika nəzərə alınmaqla, Azərbaycanda həftə sonları və bayram günlərində bir sıra rayon və şəhərlərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb.

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bundan öncəki həftəsonu da sərt karantin rejimi tətbiq edilib.

635x100

Şərhlər

Obyektiv 2020-09-17 14:00:23

Baki iLLerdir yukLene biLdikce yukLenib!.. Hekim tam.duz deyir,.. Sanki, başqa şeher, rayon ve kendLerimiz yox imiş kimi...

sual 2020-06-18 19:20:48

Psevdo professordan bundan artıq heçnə gözləmək olmaz.Hanı bizim alimlərimiz.Nə vaxt bizim alimlər elmə bir yenilik verəcəklər.

Arzu 2020-06-18 10:40:52

Krantin əksinə xəstəliyin artmasına səbəb olur. Həftəsonu insanların rayonlara axini bunu təsdiq edir. 14 İyunda axşam radələrində 1 ci Zabrat Ayxan marketdə dəhşətə gəldim. İnsanlar sumka sumka ərzaq daşıyırdı. Ən çox da içkilər istər spirtli istər qazlı. Sanki ölkə böyük toy məclisinə hazirlaşirdi.

Amon 2020-06-17 23:51:07

Celal bey siz olkenin bas infeksionisti dedizki yayda isti olacaq kecib gedecek virus amma tersine oldu. deyirlerki rayonlara giris cixis baglidi heftesonu heckim terpenmesin yerinnen birde baxirsanki baki ehli quba qusar zonasinda dincelir.icazesi olanda olmuyanda.menim fikrimce insanlari aciq temiz havaya devet edib bagli mekanlari tamamile baglamaq lazimdi aptek market istisna olmaqla.adam evde 4 divarin arasinda qalanda havasizluqdan hele de bu istide oz ozune qizdirmasi qalxir burnu axir

vidadi goyce 2020-06-17 16:30:00

hormetli celal doktor ictimai neqliyyatin ishi dayandirilmali,restoran kafe tm qapanmali,park ve eylence merkezlerini baglayin 10 gunden sonra mesele hellini tapar

rasim quliyev 2020-06-17 13:16:16

gurcustan korona eshiden kimi serhedleri bagladi,Turkiye bele bagladi Amma siz neylediz Cenab prezidentin xaricdən gəlməsini gozlediz. Ancaq vaxtında baglasaydiz belə olmazdə....Amma sizler yaxsi gorsenesiz deye etmediz.Camaat corek tapa bilmir 1 mln ayi eti yeyen oglan oz boynuna cox demirem 100 aile gotursun...Allah dan.qorxsunlar .YEZIDLER

t.ədalət 2020-06-17 13:02:06

Cənab İsayev,bəli,Azərbaycanda xəstəliyin artması labüddür.Siz və digərləri konkret işlə məşğul olmaq əvəzinə xalqın başını gərəksiz çıxışlarla qatırsınız.Rayonlarda yaşlıların ölümü çoxalıb.Siz hər bir rayonda müalicə üçün lazım olan nə varsa hazırlamalısınız.Azərbaycanda oliqarxların tikdirdiyi çoxsaylı istirahət mərkəzlərini və villaları xəstəxana kimi istifadə etmək olar.Bakıda təbii sərvətlərimizin hesabına tikilmiş möhtəşəm otellər var.Bunların hamısı xəstəxanaya çevrilməlidir.Həkimlər müalicə apara-apara,həm də yeni biliklərlə tanış olmalıdırlar.

t.ədalət 2020-06-17 11:24:24

Karantinin əsasını əhaliyə dövlət tərəfindən ehtiyacları qarşılayacaq pulun verilməsi təşkil edir.Hakimiyyət,məgər, bilmir ki,iş yerləri olmayan bir ölkədə əhalinin ac-yalavac karantində qalması mümkün deyil?Operativ qərargah boğazdan yuxarı danışır,ancaq xalqın güzəran ehtiyaclarını qulaqardına vurur.

Qalib 2020-06-17 11:15:15

Cənab İsayev! Bu fikirləri mənə və mənim kimilərə demə! Yaradılmış qərargah üzvlərinə de və inandır. Çinin bir şəhəri bizim ölkədən böyükdür. Niyə tətbiq etmirsiz Çin təcrübəsini? Gürcüstan bizdən balacadır. Onların da təcrübəsinə baxın. Gərək mən deyim sizə?????

Musa Nağıyev 2020-06-17 11:13:43

Bakıda əhalinin normaı sayda olması üçün Qarabağ məsələsi ilə Hakimiyyət ciddi məşğul olmalı,köçkünlərə ev tikib vermək əvəzinə,torpaqları azad edib əhalini öz ata baba yurduna qaytarmaq vacibdir.Bu yeganə və düzgün çıxış yoludur.Bu zaman həm səhvən Bakıya gətirilmiş Qarabağ əhalisi öz yurduna qayıdar,həm də ERmənistan yüz minlərlə köçkünləri Qarabağda və digər işğal olunmuş rayonlarda yerləşdirməklə Bakı artıq yükdən azad oluna bilər.Hakimiyyət bu məsələni belə həll etməlidir.Ancaq.əksinə,Bakını insanlarla yükləmək daha is nəticələr verər.Şəhərin demoqrafiyasını dəyişmək yaxşı heç nə vəd etmir.ƏjlHksinə zərərlidir.

zaur 2020-06-17 10:15:25

Axır ki,bir ağıllı fikir səsləndirdiniz.Bakı şəhərini yüngülləşdirmək lazımdır.Camaatı şəhər yığıb ağzını bağlamaq bir başa virusun yayılması üçün şərait yaradır. Hörmətli Cəlal müəllim Əslində Nazirlər Kabineti mütəxəssislərin rəyinə uyğun qərar qəbul etməlidir.Amma Siz deyirsiniz ki, mən firkir söyləsəm düz olmaz Nazirlər kabinetinin səlahiyyətindədir.

Əlövsət 2020-06-17 10:13:22

Bəs bütün Azərbaycanı Bakıya yığanda belə olar da. Reqionların inkişafı nağılı dəvam edir...

Vətəndaş 2020-06-17 09:45:52

Ağsaqqal kişisən nə hay-küy salmısan. Saçına saqqalına bu yaraşmır. Özün hara gedirsən çıx get....

Həsən 2020-06-17 09:42:30

Talançı məmurlar çıxsınlar getsinlər. Dünyanın hər nöqtəsi onlar üçün vətəndir. Bütün ölkələrdə mülkləri biznesləri banklarda pulları var. Kasıbın getməyə nə yeri, nə də pulu yoxdur. Yetimin nəyi var?

Son yazılar