190 MANATIN “TƏHSİL VARİANTI”... - Təhsil haqqı güzəştlərinin tətbiqi forması ədalətlidirmi?

Məlum olduğu kimi, hökumətin koronavirus epidemiyasının əhalinin sosial vəziyyətinə təsirlərini azaltmaq məqsədilə atdığı addımlardan biri də tələbələrin bir qisminin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsilə bağlı verilən qərardır. Qərar sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri əhatə etməli idi.

Qərarda deyilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

1.1. ünvanlı dövlət sosial yardımı alanlar;

1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya

qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid
olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.

Artıq bir həftədən çoxdur ki, təhsil haqlarına güzəşt edilməsi üçün e-telebe.edu.az saytına edilən elektron müraciətlərə cavablar verilməyə başlayıb.

Cavablardan belə məlum olur ki, bu sistem də əhaliyə ödənilən 190 manatlıq yardımın paylanması mexanizminin bir tayıdır. Yəni gerçəkdən həmin güzəştə ehtiyacı olan ailələrin böyük əksəriyyəti onu ala bilmir. Belə ki, qərarın əsas mahiyyəti pandemiyadan zərər çəkən sosial təbəqəyə aid olan ailələri təmsil edən tələbələrə yardım etməklə bağlı olsa da, 190 manatlıq yardımda olduğu kimi, burada da həmin güzəştə ehtiyacı olanların obyektiv şəkildə müəyyən edilmədiyi üzə çıxır.


Məsələn, elə redaksiyamıza müraciət edən E. Məmmədov kimi bir çox ailələrə valideynlərdən birinin rəsmi əmək müqaviləsilə işləməsi əsas gətirilərək, həmin güzəştdən istifadə edə bilməyəcəyi bildirilib. Hansı ki, əslində gerçəkdən də sosial baxımdan dəstəyə ehtiyacı olan ailələr müəyyən edilərkən, həmin ailənin büdcəsinə daxil olan aylıq gəlir nəzərə alınmalı idi.

Misal üçün, bir ailədə yalnız ailə başçısı işləyir və onun əmək haqqı 300 manatdırsa, artıq bu, kifayət edir ki, həmin ailənin təhsil haqqı güzəşti ilə bağlı müraciətinə imtina cavabı verilsin. Ancaq heç kim soruşmur ki, məsələn, 300 manat aylıq əmək haqqı ilə bir valideyn 2000 manatlıq illik təhsil haqqını necə ödəsin? Heç olmasa pandemiyanın yaratdığı hazırkı ağır durumda belə ailələrə kömək etmək olmazmı?

Və yaxud bir müqayisə aparmaq olar. Misal üçün hər iki valideyni əmək pensiyaçısı olan, yaxud ünvanl sosial yardım alan ailələrə aid tələbələrə həmin güzəşt tətbiq edilir, lakin valideynlərindən yalnız biri işləyən və 300 manat rəsmi maaşı olan tələbə kənarda qalır. Hansı ki, həmin iki valideynin pensiyalarının cəmi 300 manatı xeyli üstələyir.

Yaxud elə ailələr var ki, aldığı sosial müavinətlər 300 manatdan çoxdur. Belə olan təqdirdə işləyən, vergi ödəyən və rəsmi maaşı 300 manat olan valideynə güzəşt edilməməsi nə dərəcədə ədalətli yanaşma sayıla bilər?

Bir sözlə, təhsil haqları ilə bağlı güzəştlərin ədalətli şəkildə dağıdıldığını söyləmək olmur. Çünki bunun üçün müraciət edən ailələrin real sosial durumu, gəlirləri nəzərə alınmır. Nəticədə bu iş də 190 manatlıq yardımda olduğu kimi, “qaş düzəldən yerdə göz çıxarmaq” effekti verir və narazılığa səbəb olur.

V.Nəsibov

AzPolitika.info 

635x100

Şərhlər

Kasıb 2020-06-17 20:59:51

Elə şərtlər qoyulur ki, 190 manatı kasıb əhalinin cüzi bir hissəsi ala bildi. Eləcə də başqa güzəştlər. Yəni çalışılır ki əhaliyə pul verilməsin. Ac qalsın millət tərpənməyə halı olmasın virus da yaxşı təsir etsin.

Fazil 2020-06-17 20:14:52

Ayının 52 oyunu bir armudun başında olduğu kimi bunların da oyunu insanlara yardım etməmək üçün yüz oyun düşünməkdir.

Son yazılar