“Yeni Günəşliyə qəsəbə statusu verilsin” – Deputat Yeni Günəşlinin ən böyük problemlərini qaldırdı

Deputat Etibar Əliyev Milli Məclisin bugünkü iclasında təmsil etdiyi ərazinin problemlərini qaldırıb. Deputatın çıxışını təqdim edirik:

“Seçildiyim 31 saylı Suraxanı 2-ci Seçki Dairəsinə daxil olan Yeni Günəşli yaşayış sahəsində 35 Mənzil Tikinti Kooperativi (MTK) binası var ki, bunlardan 31 bina "D" massivinin payına düşür. Təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, minlərlə insanın yaşadığı “D” massivində bir dənə də olsun uşaq bağçası yoxdur. Bu çox ciddi problemdir. Valideynlər uşaqlarını digər massivlərdə fəaliyyət göstərən uşaq bağçalarına aparmaq məcburiyyətində qalırlar.

Digər tərəfdən, sözügedən “D” yaşayış massivində sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi, uşaqların əylənməsi üçün park da yoxdur. Daha dogrusu "D" parkı deyilən bir park var. Amma bura park demək mümkünsə. Bu park baxımsızlıqdan bərbad vəziyyətə düşüb.

Diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Mənzil Məcəlləsi qanununa əsasən inşa edilmiş Yeni Günəşli yaşayış sahəsi "AB" və "D" yaşayış ünvanında yerləşən Mənzil Tikinti Kooperativləri çoxmənzilli yaşayış binalarının istismar və idarə olunmasında çətinliklər mövcuddur. Belə ki, sözügedən binaların istismar və idarə olunması ölkə qanunları ilə ziddiyyət təşkil edir. 30.06.2009-cu ildə yeni Mənzil Məcəlləsi təsdiq edilmişdir. Bununla da 1982-ci ildə qəbul edilmiş Məcəllə qüvvədən düşmüşdür.

01.10.2009-cu ildən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin V bölmə XI fəsli MTK-ların təşkili və fəaliyyəti ilə bağlıdır. Məcəllənin 109-cu maddəsinin 5-ci bəndində deyilir:

- Kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

Qəbul edilmiş qanunlar Azərbaycan SSR-nin dövründə inşa edilmiş MTK binalarına şamil edilmir. Bu səbəbdən də hazırda həmin MTK-lar nizamnamə və əsasnaməsiz fəaliyyət göstərirlər. 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsində köhnə MTK-larla bağlı maddələrin olmaması bu sahədə boşluqların yaranmasına gətirib çıxarır. Qeyd olunan MTK-lar qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramlardan və yerli tədbirlər proqramından kənarda qalır. Qəsəbənin yarısı dövlət büdcəsi hesabına abadlaşır, MTK-ların binaları isə baxımsız qalır.

Bunları nəzərə alıb təklif edirəm ki, Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14.07.2017-ci il tarixli fərmanına, 310 nömrəli 18.10.2018-ci il tarixli fərmanına, 1395VDQ 18.12.2018-ci il tarixli fərmanına uyğun təlimat hazırlanması, 1982-ci ilin Mənzil Məcəlləsinə əsasən tikilmiş MTK binalarının ləğv edilib mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi üçün hüquqi prosedurların və xususi təlimatların hazırlanması üçün əlaqədar dövlət qurumları tədbirlər görməlidirlər.

Həmçinin Yeni Günəşli yaşayış sahəsində yaşayan əhalinin sıxlığını və çoxluğunu nəzərə alıb sahəyə qəsəbə statusunun verilməsini təklif edirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar