HÖKUMƏT ƏHALİYƏ VƏ BİZNESƏ YENİ DƏSTƏK PAKETİ ELAN EDƏCƏK? –Ekspertlər bunu zəruri sayır

Sərt karantin rejiminin tətbiqi ilə bağlı bu gün hökumətin təfsilatlı qərarının olacağı bildirilir. Qərarda rejimlə bağlı qayda və hüquqi çərçivələr müəyyən ediləcək.

Qeyd edək ki, Operativ Qərargah ümumilikdə karantin rejiminin müddətini avqust ayının 1-ə qədər uzadıb. Bu müddətin iki həftəsini (21 iyun-5 iyul) iri şəhərlərin və bir neçə rayonun əhalisi sərtləşdirilmiş karantin qaydaları altında keçirməli olacaqlar.

Beləliklə, Azərbaycanda karantin müddəti 4 ay davam edəcək. Bu müddətin aprel və may ayları üçün 600 min aztəminatlı vətəndaşa 190 manat birdəfəlik yardım verilib, sahibkarlıq subyektlərinə kompensasiya təyin olunub. Bəs son iki ay üçün əhaliyə hansı formada dəstək verilməlidir?

İqtisadçı Rövşən Ağayev bildirib ki, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə bilavasitə məsuliyyət daşıyan İqtisadiyyat Nazirliyini vətəndaş cəmiyyətinin təkliflərini eşitməyə dəvət edir:  “Fəaliyyətinə qadağa və məhdudiyyət tətbiq olunmayan sektorlar üzrə fərdi sahibkarların elektron icazə sistemini bərpa edilməlidir. Ən azından aktiv vergi ödəyicilərinin (məsələn, son 6 ayda sığorta və vergi ödənişlərini həyata keçirmiş) icazə sistemindən yararlanmaları təmin edilsin. İcazə həftənin 5 günü (rəsmi iş günləri) qüvvədə ola bilər”.

İqtisadçının sözlərinə görə, əgər belə icazə olmayacaqsa, o halda demək bütün fəaliyyət sahələri avtomatik olaraq qadağan edilmiş sayılacaq və bu səbəbdən sahibkarlara yeni dövlət dəstəyi paketi açıqlanmalıdır.

"Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”. Bunu isə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir: “Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.

Maliyyə naziri Samir Şərifov isə deputata cavabında bildirib ki, Əli Məsimlinin qaldırdığı məsələlər hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil. Nazir qeyd edib ki, təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar