COVİD-19 GƏLƏCƏYİN OBRAZINI NECƏ DƏYİŞƏCƏK? – Optimist və pessimistlərin gözləntiləri

Etibar ƏLİYEV, millət vəkili

Bizdən tez-tez soruşurlar: Pandemiyadan sonrakı dünya necə olacaq?

Əlbəttə ki, bu sualın cavabını filosoflar, psixiloqlar və iqtisadçılar verməlidirlər.

Gələcəyin fərdi obrazından fərqli olaraq kollektiv obrazı - cəmiyyətin uğurlarını və gözləntilərini məqsədlərə, planlara, ssenarilərə bölür. Gələcəyin kollektiv obrazının əsas hissəsini – qorxular, ümidlər, həmçinin kollektiv arzular təşkil edir ki, bütün dünyada onların yaxın perspektivdə həlli güman edilmir.

Sosioloji nöqteyi-nəzərdən gələcəyin kollektiv obrazı - bu qorxu və ümidlərin bazarıdır. Və buna nəhəng texnoloji korporasiyalar və dövlətlər külli miqdarda vəsait qoyurlar.

Pandemiya dövründə ölkələrin psixoloqları və filosofları birləşdilər. Bizdə bu cür birləşmə halları istisna olunur. Məsələn, Rusiya psixoloqlarının gəldikləri qənaət bundan ibarətdir ki, pandemiya aqressiya və sosial qeyri-bərabərliyi gücləndirəcək. Gələcəyin kollektiv obrazı vətəndaşların sosial institutlara inamının səviyyəsindən asılıdır. Onların tədqiqatlarına görə, Rusiyada əhalinin 27 faizi dövlətə güvənir. Müqayisədə aparılan tədqiqatlar göstərir ki, Çində əhalinin 77 faizi, İtaliyada 48 faizi, ABŞ-da 45 faizi dövlətə güvənir. Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin son tədqiqatlarına diqqət edək: Hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7%) Prezidentə etibar edir. Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90.8%) təşkil edir.

Son tədqiqatlar göstərir ki, dünyada sosial pessimizmin artımı da fərqli şəkildə müşahidə olunur. İnkişaf etmiş ölkələrdə uşaqlarının xoşbəxt gələcəyinə inanan insanların sayı azalır. Beynəlxalq sosioloji tədqiqatlar göstərir ki, əksər insanlar mövcud sosial sistemi qeyri-ədalətli hesab edirlər. Buna görə də qəflətən bizi haqlayan pandemiya və onun gətirdiyi böhranın işartıları ilk növbədə gələcəyə imidi deyil, qorxunu çoxaldır. Bununla yanaşı qorxunun əhali arasında daha tez yayılmasının vasitələri də öz işini görür. Amerika tədqiqatçıları göstərirlər ki, neqativ və yalan informasiyalar sosial şəbəkələrdə pozitiv və mötəbər informasiyalardan qat-qat tez yayılır və əhatə dairəsini daha sürətlə genişləndirir. Kollektiv qorxu insanları tez birləşdirir. Və məzmununa görə gələcək haqqında arzulardan üç dəfə bəsitdir. Buna görə də kollektiv gələcək barədə düşünəndə biz müxtəliflikləri xəyal edirik və onların hər birindən qorxuruq. Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələr “qorxu fabrikinə” çevrilir və pandemiyanın mənfi psixoloji gözləntiləri bunu gücləndirir. Sosial şəbəkələrdə senzura yoxdur və kimin ağlına nə gəldi onu da yazır. Alimlərin və intellektualların böyük kəsimi ya orada yoxdur, ya da sözləri eşidilmir.

Müsahibələrinin birində Albert Eynşteyn 3 bomba adı çəkir: "Atom bombası, informasiya bombası və demoqrafiq bomba."

Atom bombası Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atıldıqdan sonra bəşəriyyət onun vahiməsini gördü. Atom bombasından daha dəhşətli bombalar icad olundu. Ancaq informasiya bombası bunları əvəz etdi. Biz informasiya bombası əsrində yaşayırıq. Bəşəriyyəti informasiya idarə edir. İnformasiya bombası insan psixikasına təsir edir və atom bombası bundan şükürlüdür. Demoqrafiq bomba isə öz konturlarını göstərməkdədir. Albert Eynşteynin fikri dövrümüz üçün çox aktualdır.

Pandemiya optimistlərlə pessimistləri gələcəyin kollektiv obrazının təsvirində bir-birindən ayırdı. Optimistlər gözləyirlər ki, pandemiyadan sonra bizim cəmiyyət əxlaq baxımından yetkinləşəcək, daha yaxşı təşkilatlanacaq və daha məsuliyyətli olacaq. Pessimistlər isə inanırlar ki, pandemiya sosial təbəqləşməni gücləndirəcək, ayrıseçkiliyi və cəmiyyətin qapalılığını artıracaq. Onların arasında əsas fərq ondan ibarətdir ki, optimistlər özlərini baş verənləri dəyişməkdə yararlı hesab edirlər. Onlar davranışları ilə biruzə verirlər ki, virusun yayılma sürətinə onların təsiri danılmazdır. Evdə oturmaqla başqalarının da həyatını xilas etmiş olurlar. Optimist əhvali-ruhiyədə olan insanların həyəcan və depressiya vəziyyətinə düşmək riski aşağıdır. Biz nə qədər çox özümüzü mövcud vəziyyətin qurbanı hesab etsək, hakimiyyətə və rəsmi KİV-lərə inanmasaq, gələcək planlarımız sosial kollapsa (yıxılmış) yuvarlanacaq.

Bizə belə böhrandan çıxmağa nə kömək edəcək? Düşüncəmə görə bir-birimizə inanmaq qabiliyyəti ilə, bütün dünyanı ağuşuna almış qeyri-müəyyənliyə tolerant yanaşmaqla, bir-birimizə dəstək və bir-birimizin problemini qarşılıqlı hiss etməklə normal həyata qayıtmağı sürətləndirəcəyik.

Pessimistlərin arzuları hələ ki, özünü doğrultmur. Sosial şəbəkələrin virusları (latınca zəhər) bu arzuları gerçələşdirə bilmir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar