"İŞSİZLƏR YALNIZ 4 ŞƏHƏRDƏ VƏ 4 RAYONDA YAŞAMIR" - Ekspertlər sahibkarlara da maddi dəstək verilməsini təklif edirlər

Hökumət 190 manat birdəfəlik yardımı iyunun 21-dən iyulun 5-ə qədər sərtləşdirilmiş karantin rejimi elan olunmuş Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarında qeydiyyatda olan vətəndaşlara verəcək. Bunun üçün yenidın qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Bunula belə sərtləşdirilmiş karantin rejiminə görə fəaliyyətini dayandırmış sahibkarlıq subyektlərinə dəstək paketi açıqlanmayıb. İqtisadiyyat Nazirliyi belə bir dəstəyin olub-olmayacağı barədə hər hansı açıqlama verməyib. Ekspertlər bu qərarı tənqid etməklə yanaşı, böhrandan çıxmaq üçün bir sıra təkliflər irəli sürüblər.

Tanınmış iqtisadçı Rövşən Ağayev qərarı şərh edərkən bildirib ki, 190 manatı yalnız sərt karantin rejimi olan ərazilərə vermək sosial ədalətli deyil və mövcud iqtisadi reallığı nəzərə almayan qərardır: "Çünki sərt karantin elan olunan ərazilər ölkə iqtisadiyyatının ən azı 85 faizini formalaşdırır. Ölkənin bütün ərazisindən olan insanlar bu sərt karantin rejimi olan şəhər və rayonlara, xüsusən Bakı, Sumqayıt, Abşeron və Gəncəyə bağlıdır. Onların böyük əksəriyyəti qeyri-rəsmi və günəmuzd məşğullar kimi bu ərazilərdə yaşayıb və işləyib".

Ekspertin sözlərinə görə, ən azəndan sərt karantin rejimi elan olunan ərazilər üzrə sahiblarlara maddi dəstək paketi olmalı idi: "Xüsusən də kiçik və orta sahubkarların buna böyük ehtiyacı var. Hökumətin yanaşması budur ki, mümkün qədər az xərcləyim, birdən böhran daha da uzana bilər, mümkün qədər az itkim olsun. Hesab edir ki, biznes və əhalinin böhranın yükünü özləri çəkməsi, daha məqbul vaintdır. 

Yəni hökumətin hazırkı yanaşması strateji və peşəkar iqtisadi yanaşmadan daha çox, siyasi maraqlarını nəzərə alan bir yanaşmadır. Hesab edirlər ki, ehtiyatları nə qədər çox saxlayarıqsa, büdcəyə nə qədər çox qənaət edəriksə, postpandemiya dövründə özümüzü uzunmüddətli dövrdə daha rahat hiss edərik. Burada "cəmiyyət mümkün qədər az itkilə və az ağrı ilə başa vursun" yanaşması yoxdur".

İqtisadçı Qubad İbadoğlu da "Amerikanın Səsi"-nə bildirib ki, Nazirlər Kabinetinin imzaladığı Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron, Yevlax, Cəlilabad və Masallı rayonlarında işsiz kimi qeydiyyatdan keçənlərə 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi prosedurunda da kifayət qədər ciddi problemlər var: “Bu qərar verilərkən yenə də nəzərə alınmayıb ki, bəzi şəxslər ətraf rayonlarda yaşasalar da Bakıda, Sumqayıtda və Gəncədə işləyirlər. Belə olan halda onları kənara qoymaq ədalətsizlikdir. Əslində bu yardım işini itirənlərə nəzərdə tutulubsa, onun karantin rejimi ilə əlaqəsi olmalı deyil. Sərt karantin rejimi tətbiq edilməyən ərazilərdə olan işsizlər də bu yardımı almağa haqq edirlər. Belə yanaşma sahibkarların fəaliyyət yerləri üzrə tətbiq oluna bilər, işzilərə yox, çünki, işsiz onsuz da harda yaşamasından asılı olmayaraq çalışmır. Pandemiya bütün ölkəni əhatə edir, işsizlər yalnız 4 şəhər və 4 rayonda yaşamır.

Diğər tərəfdən də karantin rejimi avqustun 1-də başa çatır. Belə olan halda da iyul ayı üzrə də ödənişlər həyata keçirilməlidir. Nəhayət, bu ödənişlər əvvəlki qaydada sahibkarlara və muzdlu işçilərə də şamil olunmalıdır”.

Qubad İbadoğlu bildirir ki, hazırkı böhran şəraitindən çıxmaq üçün hökümətin atmalı olduğu bir neçə vacib addım var: Həm sahibkarlar, həm günlük işçilər, həm də aztəminatlı təqəbə üçün sosial və iqtisadi yardım proqramlarını genişləndirməlidir. Bu həm də ölkədə məcmu tələbin stimullaşdırmasına gətirib çıxardacaq. Alıcılıq qabiliyyətinin güclənməsi Azərbaycan iqtisadiyyatının böhrandan çıxışını sürətləndirə bilər.

İkincisi ölkədə şəffaflıq və hesabatlılıq məsələsidir ki, hazırda bununla bağlı ciddi suallar var. Bildiyiniz kimi xərcləmələrin bir hissəsi də tibbi ləvazimatların alınmasına və səhiyyənin infrastuktrunun qurulmasına yönəlib. Lakin, bununla bağlı məlumatlar qapalı olaraq qalır. Bilinmir ki, ölkəyə tibbi ləzavimatları hansı şirkətlər, hansı qiymət əsasında gətirir. Vətəndaş üçün aşkarlıq təmin olunmalıdır.

Üçüncü məsələ isə, qərarların qəbulunda ictimai iştirakçılıq təmin olunmasıdır. Vətəndaşlarla bağlı qərar qəbul edirlərsə orada həmin vətəndaşların maraqlarını müdafiə edən qeyri-hökümət təşkilatların nümayəndələri təmsil olunmalıdır. Amma təəssüflər olsun ki, hal-hazırda Azərbaycanın bir çox dövlət orqanlarında heç ictimai komitələr belə fəaliyyət göstərmir”.

AzPolitika.info

635x100

Şərhlər

Qafar 2020-06-25 18:31:05

Bunlar o qədər düşünə bildiyindən millət əziyyət çəkir.

Məmməd Vəliyev 2020-06-25 13:27:06

Məmurları insan talei yox,haadan nəyi necə çırpışdırmaq maraqlandırır.Hanı 4 milyard.Heç dezinfekiya hər yerdə aparılmır.

Bashirov Qarib 2020-06-25 10:34:09

20 minə yaxın yoluxma var və TƏBİB-ə bu məqsədlə 419 milyon manatın ayrılması məlumatı yayılıb.Yəni, hər yoluxan xəstə uçun 20 min manatdan çox.Hər şey aydındır.

Son yazılar