ERMƏNİSTAN DÖVLƏT ÇEVRİLİŞİ ASTANASINDA – Azərbaycan nəyə hazır olmalıdır?

Nikol Paşinyan üçün Ermənistanı idarə etməyin günü-gündən çətinləşdiyi aydın şəkildə sezilməkdədir. İstər siyasi və hərbi elitanın, istər xaricdəki – xüsusilə Rusiyadakı erməni diasporunun, istərsə də əhalinin Baş nazirə münasibəti sürətlə mənfiyə doğru dəyişməkdədir və bunu Paşinyanın özü də yaxşı anlayır. Görünür, onun son zamanlar səslənən bəyanat və çıxışlarındakı isterikanın və aqressivliyin artması da bununla bağlıdır...

Bütün bunların üzərinə Ermənistanda koronavirusun sürətlə yayılması və epidemiyanı nəzarətə götürməyin heç cür mümkün olmamasını, əhalinin sosial durumunun ağırlaşması və bunun fonunda hökumətdən narazılıqların çoxalmasını və nəhayət, Paşinyanın ən təhlükəli rəqibi Robert Koçaryanın azadlığa çıxmasını da gəldikdə, Baş nazirin vəziyyətinin heç də ürəkaçan olmadığını görmək olar. Bu situasiya Paşinyan hökumətinin onsuz da kövrək olan dayaqlarını silkələməkdədir və bunun yaxın müddətdə Ermənistanda növbəti hakimiyyət dəyişikliyilə nəticələnəcəyinə real əsaslar yaratdığını söyləmək olar. Məsələ ondadır ki, sabiq prezident R.Koçaryanın 4 milyon dollarlıq girov müqabilində azadlığa buraxılması Ermənistandakı sosial gərginliyin tezliklə böyük siyasi çaxnaşmaya keçməsi ehtimalını xeyli artırır. Belə ki, sabiq prezident siyasi ambisiyalarını və həbsinə görə Paşinyandan qisas almaq istəyini demək olar ki, heç vaxt gizlətməyib. Elə onun azadlığa çıxandan iki gün sonra Paşinyanın devirdiyi Serj Sarqsyanla görüşməsi də bunun göstəricisidir. Sabiq prezidentlər həmin görüşdə ölkədəki mövcud vəziyyət və müxalifətin birliyi məsələsini müzakirə ediblər. Bundan başqa, R.Koçaryan müxalifət liderləri və vaxtilə yüksək vəzifələrdə çalışmış sabiq məmurlarla da telefon danışığı aparıb. Bu isə təkcə “Qarabağ klanı”nın resurslarının konsolidasiyası anlamını daşımır. Çünki prosesə Paşinyandan narazı qalan digər siyasi qüvvələr də qoşulmaqdadır.

Ümumiyyətlə, Paşinyanın bütün çabalarına rəğmən Apellyasiya məhkəməsinin Koçaryanı azad etməsi Baş nazirin indiyə qədər aldığı ən sarsıdıcı zərbə hesab oluna bilər. Çünki Koçaryanı azad edən hakimlər Paşinyandan çox Rusiyanın təzyiqindən qorxduqları üçün eks-prezidenti sərbəst buraxdılar. Hakimlər düşünüblər ki, Paşinyan bu gün var, sabah yoxdur, Koçaryanı dəstəkləyən Rusiya isə daim var. Ona görə də hakimlər Rusiya amili ilə hesablaşdı. Yeri gəlmişkən, Koçaryanın azad edilməsi Paşinyanın məhkəmə sistemindən aldığı ilk və yeganə zərbə deyil. Artıq xeyli müddətdir ki, ölkənin Konstitusiya Məhkəməsilə Baş nazir açıq qarşıdurma vəziyyətindədir.

Konstitusiya Məhkəməsinin sədri Q.Tovmasyanla heç cür bacara bilməyən Paşinyan konstitusiya dəyişikliklərinə getməli oldu və iyunun 26-dan həmin dəyişikliklər qüvvəyə minəcək. Nəticədə Tovmasyan sədr vəzifəsilə vidalaşmalı olsa da, məhkəmə heyətinin üzvü olaraq qalacaq. Konstitusiya Məhkəməsinin Paşinyana qarşı olan digər üzvlərinin əvvəlki ömürlük hakimlik səlahiyyətləri isə 12 ilə endiriləcək. Lakin Paşinyanın açıq siyasi təzyiq və vəzifə imkanlarından istifadə etməklə tətbiq etdirdiyi bu dəyişiklik nəinki ölkə daxilindəki siyasi qüvvələr, hətta Avropa qurumları tərəfindən də narazılıqla qarşılanıb.

Yuxarıda qeyd edildiyi kimi, artıq Paşinyana qarşı təkcə Koçaryan və “Qarabağ klanı” deyil, digər siyasi qüvvələr də birləşməkdədir. Bunların sırasında yenicə deputat toxunulmazlığı qaldırılan Ermənistanın ən varlı adamlarından biri, “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri Qaqik Sarukyan da var. Maraqlıdır ki, məhkəmə Paşinyanın parlamentə təzyiqi nəticəsində deputat toxunulmazlığı qaldırılan və barəsində vergidən yayınma və seçicilərin pulla ələ alınması ittihamlarıyla cinayət işi açılan Sarukyana qarşı həbs qətimkan tədbiri təyin etməkdən boyun qaçırıb. Bu da Paşinyanı növbəti dəfə özündən çıxaran bir qərar olub. Hətta bununla bağlı o, parlamentdə isterik bir çıxış da edib. Çoxları bunu Ermənistandakı məhkəmə sisteminin müstəqilliyindən daha çox, onun Rusiyayla bağlılığı ilə əlaqələndirirlər.

Yeri gəlmişkən xatırladaq ki, Paşinyanın rəhbərlik etdiyi inqilab zamanı Sarukyanın partiyası indiki Baş naziri dəstəkləyirdi. Lakin parlament seçkisindən sonra onun partiyası özünü müxalif siyasi qüvvə elan etdi. Deputat toxunulmazlığı əlindən alınandan sonra Sarukyan Paşinyan hökumətində 1 ildən artıq Mili Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş, sonradan isə Paşinyana qarşı çıxan Artur Vanetsyanla görüşüb. Yeni partiya yaradan Vanetsyanla Sarukyana daha bir müxalif partiya lideri Artur Kazinyan da qoşulub. Həmin görüşə dair məlumatda bu siyasi qüvvələrin Paşinyan hökumətinə müxalifət təşkil edərək, “ölkədə konstitusiya quruluşunun bərpasına” yönələn addımlar atacaqları bəyan edilir.

Bundan bir qədər öncə isə Ermənistanın güc strukturlarının rəhbərliklərində ciddi dəyişikliklər oldu. Məlum olduğu kimi, az müddət öncə Ermənistanın 3 güc strukturunda rəhbər vəzifə tutan şəxslər – Baş Qərargah, Milli Təhlükəsizlik Xidməti və Ermənistan polisinin rəisləri istefaya göndərilib. Rəsmi olaraq həmin istefalar güc strukturlarının koronavirus pandemiyası ilə mübarizədə yarıtmaz fəaliyyətilə əlaqələndirilsə də, gerçəkdə bunun arxasında hərbi çevriliş hazırlığına dair şübhələrin durduğu bildirilirdi. Hətta Paşinyanın Müdafiə nazirini də istefaya göndərəcəyi barədə məlumatlar yayılıb.

Müdafiə nazirinin istefaya göndərilməsi niyyətinin məhz Paşinyanın hərbi çevriliş qorxusundan irəli gəldiyi iddia olunur. Erməni mətbuatı Paşinyanın artıq hamıdan şübhələndiyini yazır: “Nikol Paşinyan hamıdan şübhələnir, xüsusilə də silahlı qüvvələrdən qorxur. O, dar çevrədə hərbi çevrilişin mümkünlüyünə dair fikir bildirib. Son günlər Müdafiə naziri David Tonoyanın aktivliyi də bununla bağlıdır...”

Göründüyü kimi, Paşinyan eyni vaxtda pandemiyanın yaratdığı sosial gərginlik də daxil olmaqla, ayrı-ayrı istiqamətlərdən zərbə almaqdadır. Bir neçə cəbhədə döyüşmək isə böyük güc və potensial tələb edir ki, bu da Paşinyanda yoxdur. Və hər kəs gözəl anlayır ki, indiki şəraitdə Paşinyana qarşı hər hansı ciddi siyasi addım atılacağı təqdirdə, 2018-ci il inqilabından fərqli olaraq, ermənilər onun müdafiəsi üçün kütləvi şəkildə küçələrə axışmayacaq. Belədə isə Ermənistanda dövlət çevrilişi də daxil olmaqla, hər hansı bir formada hakimiyyət dəyişikliyi olduqca real görünür.

Təbii ki, istəsək də, istəməsək də Azərbaycan işğalçı dövlətin siyasi arenasında baş verənləri izləmək məcburiyyətindədir. Çünki bu proseslər işğal altındakı torpaqlarımızın hərbi yolla, yaxud danışıqlar vasitəsilə azad edilməsi məsələsinə təsirsiz ötüşmür. Məlum olduğu kimi, hazırda Ermənistanla danışıqlar prosesi demək olar ki, “ölü nöqtə”dədir. Ermənistanda baş verənlərin nə ilə nəticələnməsi, hakimiyyətdə hansı siyasi qüvvənin olması isə Azərbaycanın atacağı diplomatik addımlarda müəyyən rol oynaya bilər.

Ancaq bütün bunlarla yanaşı, görünən odur ki, Ermənistan rəhbərliyində hansısa yeni və konstruktiv mövqeyə malik siyasi qüvvənin təmsil olunacağı ehtimalı sıfıra yaxındır. Çünki istər Paşinyan, istərsə də ona müxalif olan Koçaryan və digərlərinin rəhbərlik etdiyi siyasi qüvvələr Qarabağla bağlı real və beynəlxalq hüquqa uyğun diplomatik nəticə əldə etmək niyyətində deyil. Bu isə Ermənistanda nə baş verməsindən, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanın öz torpaqlarını istənilən an hərbi yolla azad etməyə hazır olmasını şərtləndirir. Və işğalçı ölkədəki siyasi təlatümlər əslində, bunun üçün daha əlverişli situasiya yaratmış olur...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Aborigen 2020-06-26 10:02:46

"Ancaq bütün bunlarla yanaşı, görünən odur ki, Ermənistan rəhbərliyində hansısa yeni və konstruktiv mövqeyə malik siyasi qüvvənin təmsil olunacağı ehtimalı sıfıra yaxındır. Çünki istər Paşinyan, istərsə də ona müxalif olan Koçaryan və digərlərinin rəhbərlik etdiyi siyasi qüvvələr Qarabağla bağlı real və beynəlxalq hüquqa uyğun diplomatik nəticə əldə etmək niyyətində deyil". Həhayət ki, başa düşdün.

Əli 2020-06-25 19:10:18

görək da.

Son yazılar