"Nissan" maliyyə ilini 6 milyard dollardan çox kəsirlə başa vurub

Yaponiyanın “Nissan Motor” avtomobilqayırma korporasiyası 2019-cu maliyyə ilində (martın 31-də sona çatıb) balans hesabatını 671,2 milyard yen (təxminən 6,3 milyard ABŞ dolları) kəsirlə bağlayıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə şirkətin Yokohamadakı qərargahında səhmdarların iclasında bildirilib.

“Nissan Motor”un prezidenti Makoto Utida itkilərə görə səhmdarlardan üzr istəyib və onlardan korporasiyanın COVID-19 pandemiyası ilə əlaqəli çətin bazar şəraitində fəaliyyətlərini restrukturizasiya etmək kursunu təsdiqləmələrini istəyib.

Şirkət menecmenti İndoneziya və İspaniyadakı zavodları bağlamağı, ümumi istehsal gücünü 20% azaltmağı, işçi qüvvəsində geniş ixtisar etməyi planlaşdırır.

Eyni zamanda, korporasiyanın rəhbərliyi konqlomeratın keçmiş rəhbəri Karlos Qonun maliyyə fırıldağı ittihamı ilə Tokioda tutulması səbəbindən münasibətləri əhəmiyyətli dərəcədə soyumuş “Renault” – “Nissan” – “Mitsubishi” Fransa-Yaponiya alyansı çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

2019-cu ildə alyansa daxil olan şirkətlər 9,34 milyon avtomobil satıb ki, bu, öncəki ilə nisbətən 10,9% azdır. Pandemiya ilə əlaqəli tətbiq edilən müxtəlif məhdudiyyətlər səbəbindən vəziyyət daha da pisləşib. Məsələn, Yaponiyada may ayında avtomobil satışları əvvəlki ilin eyni ayı ilə müqayisədə 35,2% azalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar