Polis forması geyinib karantin postunu keçmək istədi - 30 sutka həbs aldı

Bakı sakini Xəyal Süleymanlının paytaxtda əhalinin evdən çıxmasına qadağa qoyulduğu iki gündə (14-15 iyun) Qubaya getməsi sonradan həbsə düşməsiylə nəticələnib. O, həm azadlıqdan, həm də sürücülük hüququndan məhrum edilib.

27-yaşlı X. Süleymanlı iyunun 16-da Qubadan qayıdanda yollarda qurulmuş postdan keçməli olub. Həmin vaxt maşını özü idarə edən X.Süleymanlının əynində polis forması olub. Postda ondan sənədlərini istəyəndə deyib ki, vəsiqəsini evdə unudub. Araşdırma zamanı məlum olub ki, o, ümumiyyətlə, polis deyil.

X.Süleymanlını maşını ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 2 saylı polis bölməsinə gətiriblər. Orada barəsində İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçular və prokurorluq işçilərinin xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddələri ilə protokol tərtib olunub. Sumqayıt Şəhər Məhkəməsinin qərarıyla ona 30 sutka həbs cəzası kəsilib. Üstəlik, sürücülük hüququndan da 1 illik məhrum olunub. X.Süleymanlı protokolda yazılanları təsdiqləyib. Deyib ki, bu hərəkətinə görə çox peşmandır. Məhkəmədən də ona həbslə bağlı olmayan cəza verilməsini istəyib. Amma birinci instansiya məhkəməsi onun bu istəyini nəzərə almayıb.

X. Süleymanlı cəzanın yüngülləşdirilməsi üçün haqqındakı məhkəmə qərarından apellyasiya şikayəti verib. Amma Sumqayıt Apellyasiya Məhkəməsi də onu həbsdən azad etməyib.

"Hazırkı mərhələdə Xəyal Süleymanlının daha yüngül inzibati cəza ilə cəzalandırılması onun törətdiyi inzibati hüquq pozuntusuna adekvat deyil", - apellyasiya məhkəməsinin qərarında belə yazılıb. (Azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar