Avropada turizm fəlakətə sürüklənib - İri şirkətlər iflas edib, 80 milyard dollar zərər gözlənilir

“The Financial Times” qəzeti koronavirus pandemiyasının 800 milyard avro dəyəri olan Avropa turizminə vurduğu ziyanı araşdırıb. Məqalədə hazırda İspaniyanın paytaxtı Madriddə demək olar əcnəbi turist olmadığı, dünyanın bir nömrəli turist məkanı sayılan Avropaya bu il turistlərin necə, nə zaman gedə biləcəyinin nəhəng bir sual olduğuvurğulanır.

Turizm İspaniyanın ümumi daxili məhsulunun 12 faizini təşkil edir. Avropada iqtisadi fəaliyyətin isə 10 faizi turizmdən asılıdır və builki mövsümün tamamilə itirilməsinin bədəlini heç bir hökumət asanlıqla ödəyə bilməz.

“İndi iki üst-üstə düşən sual var: yay mövsümünün nə qədəri xilas oluna bilər və bu xilas cəhdləri pandemiyanın nəzarətə alınmasına zərbə vurmaz ki? Ölkələr açıldıqca yoluxmaların yüksək həddə olduğu ölkələrdən yoluxmaların idxal riskilə üzləşə bilərlər”, – məqalədə deyilir.

“Bu, normal il olmadı. İndi ancaq itkiləri azaltmağa çalışırıq. Turizm sənayesinin özünə qalsa, müəyyən gəlir əldə etmək naminə ikinci dalğanın riskini götürməyə dəyər”, – Avropa Turizm Assosiasiyasının rəhbəri Tom Henkins deyib.

Ancaq hökumətlər və şirkətlər insanların həyatını riskə atmaq fikrini qəbul etmirlər. Di gəl, turizm sənayesi ciddi ziyan görməkdədir, pik mövsümün demək olar yarısı əldən çıxıb, koronavirus karantinləri Pasxa və May bayramlarını kölgədə qoyub.

Artıq bir sıra ölkələr qadağaları qaldırıb. AB isə iyunun 30-da birlik ərazisinə girişinə icazə verilən 15 ölkənin siyahısını açıqlayıb. ABŞ-ın adı siyahıda yoxdur, Çinin adı isə o zaman salına bilər ki, Pekin də avropalılar üçün qarşılıqlı addım atsın.

Qəzet bir sıra şirkətlərin ümidsizlik içində çabaladığını yazır. Avropanın ən böyük tur operatoru Tui böhrandan çıxmaq üçün Almaniya hökumətinin 1,8 milyard avro kredit alıb. Daha kiçik şirkətlər, məsələn, Britaniyadakı “Specialist Leisure Group” müvəqqəti inzibatçının idarəçiliyinə keçib. Bu şirkət Avropada avtobus və çay turları təşkil edir.

Turizmin iflası aviasiya sektorunu da lərzəyə salıb. Apreldə qlobal hava səyahəti 2019-cu ildəki səviyyədən 90 faiz azalıb. Aviasiya ticarət orqanı olan IATA-nın məlumatın görə, bu ilin hər günü hava şirkətləri ortalama 230 milyon dollar itiriblər. İlin sonunadək bu sənayenin 80 milyard dollardan artıq itki verəcəyi gözlənir.

Koronavirusa dünyada 10 milyon 500 minə yaxın yoluxma qeydə alınıb, 512 minə yaxın xəstə vəfat edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar