Azərbaycan polisinin yaradan generallardan biri: Sadıq bəy Ağabəyzadə

Bu gün qeyd olunan Azərbaycan polisi günündə dövlətimizin bu mühüm güc strukturunun yaradılmasında böyük rol oynamış şəxsiyyətlərimizi də yada salmağımız vacibdir. Çox çətin dövrlərdə Azərbaycan dövlətini yaratmağa müvəffəq olan Azərbaycan Xalq Cümhuriyyətinin baniləri onun daxili işlər orqanlarının da bünövrəsini həmin vaxt qoyublar. 

Azərbaycan polisinin yaradılmasında müsytəsna xidməti olan şəxsiyyətlərdən biri bu il anadan olmasının 155-ci ildönümünü qeyd edilən Məhəmməd Sadıq bəy Ağabəyzadədir.

Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər nazirinin müavini vəzifəsində çalışmış general-mayor M.S.Ağabəyzadənin müstəqil Azərbaycanın daxili işlər orqanları strukturunun formalaşdırılmasında, milli polisimizin yaradılması və inkişafında böyük xidmətləri olub. Onun gərgin əməyi nəticəsində həmin vaxt Azərbaycan polisinin təşəkkülünə dair hüquqi baza - “Polis idarələrinin təşkili haqqında”, “Polis departamenti haqqında”, “Ümumi, qəza və şəhər polisi haqqında” və başqa normativ sənədlər hazırlanıb. Həmçinin, general-mayor M.S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda polis məmurları hazırlayan məktəb açılıb. AXC dövründə Azərbaycanın 21 döyüş generallarından biri olmuş M.S.Ağabəyzadə orqanlarda çalışdığı müddət ərzində polis rütbələrinin təsnifat sistemini də işləyib hazırlayıb. 1865-ci ildə Göycayda anadan olan Məmməd Sadıq bəy Ağabəyzadə orta təhsilini Bakıda realnı məktəbdə alıb. 1882-ci ildə realnı məktəbi bitirən M.S.Ağabəyzadə, sonradan təhsilini Peterburq Hərbi-Piyada və Artilleriya məktəbində davam etdirir. 1886-ci ildə bu məktəbini bitirən Sadıq bəy Ağabəyzadə həmin ildə Mixaylovski artileriya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil olur.

Onun bir zabit kimi xidməti fəaliyyəti əvvəl Rusiya ordusunun Qafqazdakı artileriya bölmələrində, sonra isə Türkistan və Zakaspi vilayətinin hərbi hissələrində keçməklə başlayır.

Daha sonra S.Ağabəyzadə Sankt-Peterburqda Şərq Dilləri İnstitutunu bitirir. Hərtərəfli biliyə, intellektual səviyyəyə və təhsilə malik olan Məhəmməd Sadıq bəy Ağabəyzadə sonralar Şərq dillərindən dərs də deyib. Ağabəyzadə “Türkmenskiy dialekt” kitabının müəllifi olub. Və bu kitaba görə Buxara əmiri onu xüsusi mükafatla təltif edib.

1913-cü ildə M.S.Ağabəyzadəyə general-mayor rütbəsi verilib. Sadıq bəy 1914-cü ildən başlayaraq, Rusiya ordusunun tərkibində Birinci Dünya Müharibəsində iştirak edib. Qafqaz döyüşlərində və 1916-ci ildə Ukrayna cəbhəsindəki döyüşlərdə iştirak edən Sadıq bəy bu müharibə bitdikdən sonra doğma eli Göyçaya qayıdıb.

Xalq Cümhuriyyəti yarananda isə Ağabəyzadə daxili işlər orqanlarının təşkil edilməsində fəallıq nümayiş etdirir və ölkə daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili işlər orqanları strukturunun formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində yaxından iştirak edir. Azərbaycanda hökumət quruldudan sonra o, bu hökumətin daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilir və bu vəzifəni 1918-ci ilin 23 oktyabrından 1919-cu ilin dekabr ayına qədər icra edir.

Sadıq bəy Ağabəyzadə 1919-cu ilin oktyabrın əvvəllərində yeni hökumətin tapşırığı ilə Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi Ceyms Xarbotu qarşılayır. Oktyabrın 4-dən 10-na kimi prezidentin nümayəndəsini müşaiyət edərək onu mühafizəçi ilə təmin edir. Bakıda H.Z.Tağıyevin qonağı olan Xarbot onun şərəfinə təşkil olunmuş ziyafətdə Sadıq bəyi bəyi yüksək intellektual xüsusiyyətə malik bir insan kimi dəyərləndirib. Baxmayaraq ki, o ziyafətdə Sadıq bəy üzrlü səbəbdən iştirak edə bilməmişdi. Əslində, Xarbotun sözlərində həqiqət vardı. Belə ki, Sadıq bəy həqiqətən yüksək intellektə malik idi. O, həm də hərbçilər arasında yüksək ali təhsilli və nüfuz sahibi olan maraqlı insan olub. O, Sankt Peterburqda hərbi məktəbi oxumaqla yanaşı, eyni zamanda Şərq dilləri institutunu da bitirmişdi.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən və bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Ağabəyzadə Turkiyəyə mühacirət edir və bir müddət İstanbulda yaşayır. O, İstanbulda əmisi oğlu Əlibəy Hüseynzadə ilə görüşür. Sadıq bəy 1921-ci ildə Fransaya köçərək orada yaşayır, iki il Sorbon şəhərində fars və türk dillərindən(Şərq dilləri)dərs deyir. Alim Parisdə yaşadığı illərdə həyat yoldaşı Gülya xanımı itirir və onu Parisin müsəlman qəbristanlığında dəfn etdirdikdən sonra orada qalmaq istəmir.

1927-ci ilin fevralında Ziqmunt Smoqjevskinin dəvəti ilə Ukraynanın Lvov universitetinə Şərq dilləri fakultəsinə professor kimi dəvət edilir. Lvov şəhərinə köcən M.S.Ağabəyzadə Lvov universitetində 17 il işləyir. Sadıq bəy Ağabəyzadə Ziqmunt Smoqjevski və V.Kotviçlə birlikdə şərqşünaslıq məktəbinin təşkil edilməsində bilavasitə yaxından iştirak edib. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılır. Beləliklə də Sadıq bəy Ağabəyzadənin Ukraynada şərqşünaslıq elminin inkişafında xüsusi xidmətləri olub. Ukraynada böyük nüfuza sahib olan Sadıq bəy Ağabəyzadə Böyük Vətən Müharibəsi zamanı alman-faşist işğalçıları tərəfindən sıxışdırılır. Hörmətli alimi evindən çıxararaq heç bir şəraiti olmayan zirzəmi tipli evdə yerləşdirirlər. Yaşının ahıl çağında soyuqlayan Sadıq bəy ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov şəhəri alman işğalçılarından azad edildikdən sonra gözlərini əbədi olaraq həyata yumur.

Göründüyü kimi, Sadıq bəy Ağazadənin həyat yolu keşməkeşli, əzablı olub. Sevdiyi xanımını gənc ikən itirən, övladı olmayan, ömrünü elmə, əməli fəaliyyətə bağlayan bu görkəmli şəxsiyyətin həyat və yaradıcılığı təəssüf ki, indiyə qədər lazımi səviyyədə işıqlandırlmayıb.

Onu da qeyd edək ki, Lvov şəhərinin küçələrindən biri Sadıq bəy Ağazadənin adını daşıyır. Əlbəttə yaxşı olar ki, belə şəxsiyyətlərimizin xatirəsi öz vətənlərində də daha yüksək və layiqli səviyyədə əbədiləşdirilsin...

Tahir

“AzPolitika.info”

635x100

Şərhlər

Əli 2020-07-02 16:33:45

Allah rəhmət eləsin!

Son yazılar