"AGENT A/201" - SOVETLƏRİN GESTAPODAKI ADAMI - Dahi kəşfiyyatçı Villi Leman

“Baharın on yeddi anı” teleserialının tamaşaçıları tez-tez soruşurlar -həqiqətənmi Ştirlis və ya onun protoobrazı olan başqa bir qeyri – leqal sovet kəşfiyyatçısı mövcud olubmu? Birbaşa verilmiş suala birbaşa verilmiş cavab belədir - Yox! Nə Müllerin və ya Şelenberqin ətrafında, nə də ki, Hitlerin xüsusi xidmət orqanlarındakı mərkəzi aparatda, təssüf ki, heç bir qeyri-leqal peşəkar sovet kəşfiyyatçı –zabiti fəaliyyət göstərməyib. Ancaq real həyatda bu aparatda işləmiş və onun sirlərini yaxşı bilən adam mövcud olub. O, peşəkar sovet kəşfiyyatçısı olmasa da, etibarlı casus idi. Onun adı Vilhelm Leman, təxəllüsü isə -“Braytenbax” olub.

AzPolitika.info adı "Bütün dövrlərin 100 dahi kəşfiyyatçısı" sırasında çəkilən Villi Leman haqda məlumatları və onun haqqında çəkilmiş sənədli filmi təqdim edir.

BİOQRAFİYA

1884-cü ildə Leypsiq şəhəri ətrafındakı kiçik şəhərcikdə müəllim işləyən Lemanlar ailəsində bir oğlan uşağı dünyaya gəlir və onun adını kayzerin şərəfinə Vilhelm qoyurlar. Amma bütün ömrü boyu onu Villi deyə çağırıblar. O, sovet kəşfiyyat sənədlərində "Villi Leman" olaraq qeydə alınıb.

On yeddi yaşına çatan gənc Leman könüllü surətdə hərbi-dəniz donanmasına daxil olaraq, orada on ilə yaxın xidmət göstərir. O, bu müddət ərzində çoxsaylı uzaq səfərlərdə iştirak edir və hətta ruslarla yaponlar arasındakı Çemulpo döyüşünün də şahidi olur. Villi Leman ordudan artileriyaçı-felfebel rütbəsində tərxis olunduqdan sonra Berlin polisində işə düzəlir. Oradakı vicdanlı və bacarıqlı işınə görə onu Berlin polis-prezidiumundakı əks-kəşfiyyat bölümünə köçürürlər. Birinci Dünya Müharibəsi zamanı və ondan sonrakı dövrlərdə də Villi Leman özünü ağıllı və qabiliyyətli kəşfiyyatçı kimi göstərərək, vəzifəsində yüksəlmiş, çox mühüm təhqiqatlar aparmış və həmin bölmənin bütün işləri barəsində tam praktik məlumata malik olmuşdu. O, şöhrətpərəstlikdən uzaq, pul məsələsinə ayıq-sayıq yanaşan, heç bir qüsurlu vərdişləri və “ziyanlı əlaqələri” olmayan adam kimi tanınıb.

"VERBOVKA"

1928-ci ildə dostlarından biri çətin vəziyyətə düşən zaman, Villi ona Sovet səfirliyinə gedərək öz xidmətini təklif etməyi məsləhət görür. Həmin adam Villinin söylədiyi kimi də hərəkət edib və sovet kəşfiyyatının A-70 kodlu kəşfiyyatçısı olub (Sonradan həmin adam pul ilə hədsiz ”sərbəst”davrandığına görə şübhə çəkməməsi üçün ciddi işlərdən uzaqlaşdırılıb). 1929-cu ildə Villinin özünə də pul lazım olanda o da Sovet səfirliyi ilə əlaqə qurmuşdu. Verbovkadan (ələ alınma) sonra Leman “A-201” və ya “Braytenbax” adı ilə kodlaşdırılır. Qeyd etməliyik ki, əməkdaşlıq üçün pul tərəfi Leman üçün çox əhəmiyyətli olsa da, burada nasistlərə qarşı kəskin mənfi münasibətin də xüsusi rolu var. Həmçinin, o, Sovet İttifaqına qarşı müharibəni cinayət hesab edib. Lemanın xidməti vəzifəsinin mühümlüyünü nəzərə alan Moskvadakı mərkəz və Berlindəki rezidentura dərhal onun dərin konspirasiyasının (gizliyiliyinin) qayğısına qalmağa başlayırlar. Belə qərara alınır ki, Lemandan yalnız onun öz vəzifə səlahiyyətlərinin imkan verdiyi məlumatları almaq lazımdır. Onu özünün əlində olmayan digər sirləri ələ keçirməyə məcbur etmək olmaz. Casus şəbəkəsinin işində həmişə məlumatların sənədli şəkildə ötürülməsinə üstünlük verilsə də, "Braytanbax”la əlaqədar olan hadisədə Sovet kəşfiyyatı ondan gələn məlumatların şifahiliyi ilə də kifayətlənib. Belə ki, “leqal” kəşfiyyatçılar Sovet səfirliyinin rəsmi nümayəndələri kimi nəzarət altında izlənə biləcəklərinə görə Lemanla əlaqə “qeyri –leqllar” vasitəsilə həyata keçirilir. Leman üçün ölkəni təcili tərk etməsi üçün pasport və lazımı təhlükəsizlik siqnalları da işlənib hazırlanmışdı.

CASUS FƏALİYYƏTİ

1930-cu ildə “Braytenbax”ın kəşfiyyat imkanları genişlənib. Ona Sovet səfirliyi üzrə “işlər hazırlamaq” tapşırığı verilir. Beləliklə də Villi Leman Sovet səfirliyinə və oradakı əməkdaşlara qarşı görülən və görülməsi nəzərdə tutulan bütün fəaliyyətlərdən, eyni zamanda da onlara qarşı istifadə edilən casusların hamısından xəbərdar olur. 1932-ci ildə isə ona Polşaya qarşı casusluq işini də həvalə edirlər. Hitler hakimiyyətə gələndən sonra 1933-cü ildə ”Braytenbax"ın şobəsində “Kommunist casusluğu” ilə mübarizə bölməsi yaradılır. 1933-cü il 26 apreldə Lemanın şöbəsini yeni yaradılmış dövlət gizli polisi (gestapo) ilə birləşdirirlər. Bununla da o, gestapoçu olur və 20 aprel 1934-cü ildə Hitlerin ad günündə Lemanın rütbəsi böyüdülərək “SS” sıralarına qəbul edilir.

1934-cü il casus “Braytenbax” ilə əlaqə qurmaq işi kəşfiyyatçı qeyri-leqal Vasiliy Zarubinə tapşırılır. Artıq Moskvadakı mərkəz Lemandan öz vəzifə imkanlarının həddini aşan daha geniş məlumatlar tələb etməyə başlayır. Hər necə olsa da, o, xeyli məlumat toplaya bilir. Məsələn, Leman Sovetlərin deşifrə xidməti üçün gestaponun teleqramlarının əsl mətnlərini və “Fau” raketlərinin geniş texniki göstəricilərini gestapo tərəfindən həbs olunmuş Zauberdən əldə etməyi bacarmışdı. O, həbs edilən Zauberin gestapo tərəfindən iki rezidentura ilə işləyib–işləmədiyini də yoxlmışdı. 1935-ci ilin noyabrında Leman digər yüksək vəzifəli əks–kəşfiyyatçılarla birlikdə tam məxfi zavodları və Vermaxtın ən yeni silahlarının sınaqdan çıxarıldığı poliqonlara baş çəkir. ”Braytenbax” gördüklərini ətraflı şəkildə təsvir etməklə yanaşı, oradakı mütəxəssislərdən aldığı taktiki-texniki məlumatları sovetlərə ötürmüşdü. Daha böyük məlumat, yəni gənc mühəndis Verner fon Braunun o zamana qədər görünməyən silahının - maye yanacaqla çalışan və yüz kilometrlərlə məsafəyədək ucmaq qabiliyyətinə malik raketlər haqqında bilgiləri Moskvaya çatdırılmışdı. Bunula əlaqədar olaraq Stalinin, Varoşilovun, Tuxaçevskinin adına xüsusi məruzə də hazırlanmışdı. ”Baş Təhqiqat İdarəsinin” (hərbi kəşfiyyat-ГРУ) rəhbərliyi bu sənədin dəqiqliyini yoxlamaq üçün xüsusi plan tərtib etmişdi.

1936-cı ildə “Braytenbax” beş məxfi poliqona dislokasiya edilmiş yeni silahlar, Almaniya-Polşa sərhəddi boyunca güclü müdafiə sipərlərinin qurulması , ”Henkel” şırkətinin yeni zirehli transportyoru, qırıcı təyyarələri və on səkkiz dəniz verfində sualtı qayıqların hazırlanması haqqındakı müfəssəl məlumatları Sovet İttifaqına ötürmüşdü. Həmin ilin sonunda Almaniyada yeni silahların hazırlanması və istehsalı ilə əlaqədar dövlət sirlərini qorumaqdan ötrü xüsusi tədbirlər planı həyata keçirilirdi. Ancaq Leman Almaniyanın bu sahədəki nailiyyətləri barəsində məlumatlar ötürməyə davam edirdi. İlk dəfə onun verdiyi məlumatlardan bəlli olurdu ki, şəxsən Herinqin (hərbi-hava qüvvələrinin komandanı Herman Vilhelm Herinq) nəzarəti altında qonur kömürdən benzinin alınması təcrübələri aparılır. Əlavə olaraq ”Braytenbax” zəhərli maddələrin hazırlanması üçün məxfi zavodun tikintisi haqqında da xəbər vermişdi.

“Braytenbax” həmçinin 1937-ci ildə çox mühüm olan ”Almaniya milli müdafiəsinin təşkili” məruzəsini sovet kəşfiyyatına yollamışdı. 1936-cı ilin yeni il ərəfəsində fürerin öz imzası ilə olan portretinin və fəxri fərmanın Lemana təqdim olunması onun gestapoda necə qiymətləndirilməsini bir daha təsdiq edir. Villi Lemanın həyatında az qala hər şeyi məhv edəcək hadisə də baş verib. Lemanın dostu ona sovet ticarət nümayəndəsi ilə əlaqədə olması şübhəsi səbəbdən izlənməsi barəsində xəbər verib. Sonradan aydınlaşıb ki, ona qarşı izlənmə səhvən aparılıb. Yəni bu izlənmə onula eyni familiyanı daşıyan və gestapoda işləyən başqa bir Leman üçün nəzərdə tutulubmuş. Digər Lemanın məşuqəsi qısqanclıq zəminində gestapoya məlumat vemişdi.

ƏLAQƏNİN İTMƏSİ

1937-ci ildə Zarubin Almaniyanı tərk edir və “Braytenbax"la əlaqəni “qeyri-leqal” Korotkovun həyat yoldaşı Klemans adlı şəxsin konspirativ mənzilindəki ev sahibəsi vasitəsilə Mariya Vilkovskaya həyata keçirib. Amma 1938-ci ilin axırında bu əlaqə kəsilib. Səbəb isə əlaqəçinin cərahiyyə əməliyyatı zamanı ölməsi idi. 1939-cu ildə Mərkəz “Braytenbax” işi barəsində arayış tərtib edib. Həmin arayışda qeyd olunur ki, ”Braytenbax” bu illər ərzində gestaponun fəaliyyəti haqqında xeyli sayda düzgün məlumatlar verib. Arayışda həmçinin bildirilir ki, Sovet kəşfiyyatında Lemanın dürüstlüyünə heç zaman şübhə olmayıb.

Beləliklə, "Braytenbax" əlaqəsiz qalmışdı. 1940-cı ilin iyununda naməlum bir şəxs Sovet səfirliyinin poçt qutusuna hərbi ataşeyə ünvanlamış məktub atır. Müəllif öz məktubunda telefonda çağırış parolu, görüş yerini və zamanı göstərərək 1939-cu ildə onunla kəsilmiş əlaqənin bərpa olunmasını təklif edir. O, həmin məktubunda yazmışdı: ”Əgər yazdıqlarıma əməl edilməyəcəksə, onda mənim gestapodakı işim öz mənasını tamamilə itirir”. Əlbəttə, bu məktub şübhə doğurmaya bilməzdi. Görəsən,“Braytenbax”həqiqidirmi və ya burada bir oyun var kimi şübhələr yaranmışdı. Nəhayət, Lemanın dürüstlüyünə olan inam qələbə çalır. Mərkəzin əməkdaşı Korotkov Berlinə yollanaraq “Braytenbax"la əlaqə qurur və onu gənc kəşfiyyatçı Boris Juravlyovun sərəncamına verir.”Braytenbax” bir neçə dəfə Almaniyanın SSRİ-yə hücum edəcəyi barəsində xəbərdarlıq etmişdi. 1941-ci ilin martına o, hərbi kəşfiyyat - abverin Rusiyaya qarşı işləyən dəstələrin təcili şəkildə gücləndirilməsi barəsində bilgilər ötürmüşdü. Leman 19 iyun 1941-ci ildə Juravlyov ilə axırıncı görüşündə gestapoya SSRİ-yə qarşı 22 iyun səhər saat 3-də hücum olunacağı barəsində əmr gəldiyi məlumatını çatdıra bilmişdi. Bu ”Braytenbax” ilə olan sonuncu görüş idi. Elə həmin günün axşamı bu barədə teleqram Moskvaya göndərilmişdi.

İFŞA

Müharibədən sonra Lemanın həyat yoldaşı Marqarita Sovet əməkdaşlarına söyləyib ki, 1942-ci ilin dekabrında onun ərini təcili işə çağırırlar və o, bir daha geri qayıtmayıb. Sonradan onun xidməti yoldaşlarından biri Villinin Gestapoda güllələndiyini bildirmişdi. ”Xaricı kəşfiyyat xidmətinin” arxivində saxlanılan ”Braytenbax” işi ilə əlaqədar olan arayışda deyilir ki, o, Sovetlərin Alamaniyanın arxa cəbhəsinə atdığı və gestapo tərəfindən yaxalanmış ”Bek”adlı casus tərəfindən ələ verilib. Arayışda o da qeyd edilir ki, almanların “tapşırığına” əsasən, “Bek” 12.04.1944-cü ilədək gestaponun diktəsi ilə Moskvayla radio əlaqəsi saxlayıb. Ancaq sonralar axtarış zamanı gestaponun sənədləri içində Villi Lemanla əlaqədar heç bir istintaq və ya məhkəmə işinə rast gəlinməyib. Çox güman ki, bu barədə gestapo Hitlerə də məruzə etməyib. Bu hadisə 1942-ci ilin dekabrında baş verib və Stalinqrad məğlubiyyətindən bərk qəzəblənmiş Hitlerin belə bir məlumatı eşitməsi onun bütün acığını gestapo rəhbərliyindən çıxa bilməsi ilə nəticələnərdi. Yəqin ki, vəziyyətin necə olduğunu anlayan gestapoçular Lemanı məhkəməsiz güllələyiblər. Bəlkə də Lemanı Müller “ata” öz kabinetində güllələyib.

Rus dilini bilən Oxucularımız üçün adı bütün dövrlərin 100 dahi kəşfiyyatçısı sırasında çəkilən Villi Leman haqda çəkilmiş sənədli filmi təqdim edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar