"SOBSAN" BOYA ZAVODUNDA YANĞIN SÖNDÜRÜLÜB - Xəsarət alanlar var (Yenilənib)

Bakının Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.

Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib.

Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3 000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.
Əlavə məlumat veriləcək.


***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən "Report"a bildirilib ki, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

***

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin digər aidiyyəti rəhbər şəxsləri Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğının baş verdiyi əraziyə gəlib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

***

Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb.

“Report”un məlumatına görə, partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.

***

Bakıda boya fabrikində yanğın başlayıb.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikinin sexində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

635x100

Şərhlər

İsmayıl 2020-07-05 07:38:30

Nə oyundursa oliqarxlar,ölkəni talan edənlər yəqin ki, buranı da Evrohom kimi özləri yandırıblar. Adi adam işi deyil. Ölkə,iqtisadiyyat hamısı onlarındır. Fələk də baş aça bilmir bunlardan.

Anonim 2020-07-04 23:09:13

Bakı ş. koroğlu Rəhimov 3a ünvanında yerləşən binanın yeraltı qarajında qeyri-qanuni boya sexi fəaliyyət göstərir və görünçəməsi üçün ştorla örtürlər. Binada yanğın olsa yanğınsöndürən maşınlar müdaxilə edə bilməyəcək. Çünki yer yoxdur. Aidiyyəti qurumlar gedib təftiş etsinlər. Bu vergi ödəməyən və krantin günlərində daxil gecə-gündüz işləyən bu saxta sex haqqında tədbir görqlməsini xahiş edirəm

Son yazılar