“BİR AY SONRA PREZİDENT MƏNİ QƏBUL ELƏDİ...” – “Dedim o yazıda Ramiz Mehdiyevlə bağlı məqam var...”

“Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Musayevin “ayna.az” saytına müsahibəsini təqdim edirik:

- Qarşıdan Milli Mətbuatın 145 illik yubileyi gəlir. Prezident yubiley tədbirinin qeyd olunması ilə bağlı sərəncam imzaladı. Bir qələm adamı kimi necə düşünürsüz, jurnalistikamızın hazırkı durumu necədir? 

- Mən heç vaxt jurnalistkamız haqqında bədbin fikirdə olmamışam. Düzdür, hazırda jurnalistikamız kifayət qədər problemlər yaşayır, çətin və məsuliyyətli bir dövrü adlatmaq zorundadır. Əminəm ki, Azərbaycan mətbuatı özünü toparlayıb bu mərhələni də keçə biləcək. Həmişə təkrarladığım bir fikiri yenə həmin inamla deyə bilərəm ki, bütün qüsurlara, sıxıntılara rəğmən, Azərbaycan jurmalistikası bu gün cəmiyyətimizin ən çevik strukturu, Azərbaycan jurnalistləri cəmiyyətimizin ən məhrəm, ən salamat, ən vətənpərvər, ən dövlətçi kəsimidir. Bir inkaredilməz faktı xatırladım: bu gün heç bir sahədə Azərbaycan jurnalistikasında olduğu qədər peşəkar yoxdur. 

Sözsüz ki, hər şey bu potensialdan dövlətin, hakimiyyətin, cəmiyyətin hansı səviyyədə və necə istifadə etməsindən birbaşa asılıdır. Bu gün Azərbaycan yenilənmə ərəfəsindədir. Bütün istiqamətlər üzrə ölkənin ali siyasi rəhbərliyi səviyyəsində islahatlar elan edilib. Cəmiyyətimizin yenidən qurulmağa, yenidən təşkilatlanmağa əşədü-ehtiyacı var. Bu ehtiyacın təmin edilməsi Azərbaycan jurnalistkasının fəaliyyətini nəzərə almadan, birmənalı olaraq mümkünsüzdür. Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev hələ 2016-cı ildə Azərbaycan jurnalistləri ilə görüşündə islahatların reallaşması üçün mətbuatın dəstəyinə güvəndiyini xüsüsilə vurğulamışdı. İndinin özündə də ölkə rəhbəri demək olar ki, hər çıxışında, hər müsahibəsində ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar edir. Əlbəttə ki, mətbuatın iştirakı olmadan mükəmməl ictimai nəzarət mexanizmi yaratmaq heç cür təsəvvür olunmur. 

Əslində, ictimai nəzarət funksiyasını yerinə yetirmək elə mətbuatın mühüm vəzifələrindən biridir. Sadəcə, bu imkanı mətbuata tanımaq və mətbuatın imkanlarından maksimum dərəcədə istifadə etmək lazımdır. Gerçəkdən, mətbuatın ümumi proseslərə peşəkarcasına müdaxilə etməsinə böyük tələbat var. Amma bu tələbatı mətbuatımız yalnız, zaman-zaman itirdiyi ictimai etimadı, ona olan inamı, kütləvi marağı bərpa etməklə qarşılaya bilər. Bir sözlə, mən yenilənmə prosesininin önündə məhz müstəqil, peşəkar və həm də daha çox tənqidçi medianı görmək istərdim.

- Alqış bəy, günün əsas sualı da elə budur: necə oldu ki, mətbuat inamı itirdi?

- Bu, o qədər həssas və geniş bir mövzudur ki... Bu yerdə, necə deyirlər, tükü tükdən ayırmaq gərəkdir. Gəlin, razılaşaq ki, məsələ bu günün, dünənin, 5 ilin, 10 ilin söhbəti deyil. Yüz illərdir ki, hakimiyyətlərlə mətbuat arasında bir gərginlik yaşanmaqdadır. Səbəb isə bəllidir. Bir tərəfdə inzibatçı, bürokratik aparat, idarəçiliyi təmsil edən direktiv düşüncə, normativ təfəkkür, digər tərəfdə mətbuatı təmsil edən peşəkar düşüncə, yaradıcı təfəkkür dayanıb. Normativ düşüncəylə yaradıcı düşüncənin biri-biriylə yola getməsi həddindən ziyadə müşkül bir işdir. Yola getmək üçün tərəflərdən mütləq biri güzəştə getməlidir. Həmişə, bütün dövrlərdə aktual olaraq qalan klassik sual da elə budur: Hansı tərəf, kim güzəştə getməlidir və güzəştin formatı necə olmalıdır? Mətbuatın nəyi var ki, nəyini güzəştə getsin?! Reallıq budur ki, mətbuatın imkanları məhduddur. Mətbuatın ən ciddi resursu onun peşəkarlığıdır. Peşəkarlığı necə güzəştə getmək olar? Yarımçıq, qismən peşəkarlıq olmur axı. Qismən peşəkarlıq, qismən namuslu olmaq kimi bir şeydir. Peşəkarlıq ya olur, ya da olmur. Mətbuatın güzəştə getməyi onun zəifliyini şərtləndirir. Mətbuat, hətta azacıq güzəştə gedəndə hər şeyini itirir. Eyni zamanda, hakimiyyət də mətbuatın güzəştindən heç nə qazanmır, heç nə əldə etmir. Əksinə, mətbuatın özünə və həm də mətbuat vasitəsilə ictimai nəzarəti itirir. Mediadan fərqli olaraq hakimiyyətin, dövlətin, idarəçinin, siyasətçinin güzəşt etmək imkanları çox genişdir. Əslində, elə siyasət güzəştə getməyi bacarmaq sənətidir. Mətbuatdan fərqli olaraq, hakimiyyətin güzəştə getməyi onun gücsüzlüyünü yox, gücünü şərtləndirir. Hakimiyyət mətbuata güzəştə gedirsə, ilk növbədə hakimiyyətin özü daha çox qazanır, o cümlədən cəmiyyət də, mətbuat da bu güzəştdən böyük ölçü ilə faydalana bilir.

- Hakimiyyətin güzəşti deyəndə nəyi nəzərdə tutursuz?

- Əməkdaşlıq, informasiya mübadiləsi və s. İstənilən hakimiyyət çalışır ki (özü də bu, çox normal, təbii və məqbul bir istəkdir), mətbuata, informasiya məkanına nəzarət edə bilsin. Bunun isə bir çözüm yolu var, mətbuatla daha sıx, daha çevik, daha intensiv əməkdaşlıq etmək. Tarix və siyasi təcrübə göstərir ki, hansı hakimiyyət mətbuatla daha çox əməkdaşlıq edirsə, o hakimiyyət mətbuata daha çox nəzarət edir. Başqa alternativ mövcud deyil. Peşəkar mətbuatın hakimyyətdən gözlədiyi, umduğu güzəşt payı da elə vur-tut bundan ibarətddir.

- Konkretləşdirsək, Azərbaycan reallığında bu günə kimi hansı tərəf - mətbuat, yoxsa hakimiyyət güzəştə gedib?

- Təbii ki, mətbuat güzəştə gedib. Nəticə də bəllidir. O nəticələr ki, heç də ürəkaçan deyil, biz indi sizinlə onları müzakirə edirik. Mətbuata inam yox dərəcəsindədir. İnformasiya resurslarına ictimai etimad acınacaqlı bir durumdadır. Sosial şəbəkələr at oynadır və sair.

- Alqış müəllim, mənzərə aydındır. Siz nə təklif edə bilərsiniz, mətbuata inam-etimadı hansı yollarla bərpa etmək olar?

- Bu, vaxt və enerji aparan ardıcıl bir prosesdən asılıdır. Və qeyd-şərtsiz, bu prosesin davamlı olmasında hakimiyyət daha çox maraqlı olmalıdır. Görünüən odur ki, hakimiyyət hadisələrin bu istiqamətdə getməsində maraqlı və israrlıdır. Mən detallara varmadan ümumi baxışlarımı bölüşə bilərəm. Mətbuata inamı bərpa etmək üçün peşəkarcasına məqalələr yazmaq kifayət eləmir. KİV-ə inamı qaytarmaq istəyiriksə, öncə informasiya siyasətinin özünü dəyişməli və informasiya siyasətinin özünə qarşı yaranmış inamsızlığı aradan qaldırmalıyıq. Hakimiyyətin informasiya siyasəti geniş anlayışdır, geniş bir əhatədən ibarətdir. Hakimiyyətin hər adi davranışı belə, informasiya siyasətinə təsirsiz ötüşümür. Burada KİV-ə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və sair qurumlar həlledici rol oynamır. Etiraf etmək lazımdır ki, informasiya siyasətinə uzun müddətdir ki, bir yeknəsəklik hakimdir. Bu yeknəsəkliyi isə yalnız idarəçiliyin ritmini tədricən dəyişməklə ortadan qaldırmaq mümkündür. Hakimiyyət resursları, informasiya resursları, media institutları arasında bir zəncirvari asılılıq, bağlılıq yaranıb. Zəncirvari asılılıq isə bütün və istənilən hər şeyin orijinalını sıradan çıxarır, necə ki çıxarıb. Bircə ötəri baxış bəsdir, görəsən ki, az qala bütün qəzetlər, saytlar, telekanallar biri-birilərini təkrarlayır, biri-birilərinə oxşayır. Orijinallıq inamın başlıca şərtidir. Ona görə də biz mətbuata inamın çox qısa zamanda, asanlıqla bərpa ediləcəyinə sadəlövhcəsinə yanaşmamalıyıq. Gərgin və görüləcək işlər hələ irəlidədir.

- Siz tənqidi mətbuatın fəliyyətinə toxundunuz. Mən xatırlayıram ki, siz “Yeni Azərbaycan” qəzetinin baş redaktoru işləyərkən tənqidi mövzulara tez-tez müraciət edirdiniz. Hətta, ən iri ranqlı məmurlar “Yeni Azərbaycan” qəzetinin səhifələrində tənqid edilirdi…

- Əvvəlcə bir məsələyə münasibət bildirmək istəyirəm. Xüsusilə, qeyd edim ki, mənim həmişə, bütün siyasi dönəmlərdə öz mövqeyim olub. Və bu mövqe bir qayda olaraq, mənim özümə məxsus düşüncə tərzimdən və öz məntiqimdən irəli gəlib. Heç vaxt ümumi proseslərə, ayrı-ayrı fərdlərə qarşı yuxarıların tapşırığı və ya aşağıların xahişi ilə çıxış etməmişəm. Necə olursa-olsun, obyektivliyimi qorumağa çalışımışam, yeri gələndə ədəb-ərkan, siyasi etika çərçivəsində tənqidi fikirlərimi də açıq-aşkar ifadə etmişəm. Mənim mövqeyimin, ictimai davranışımın əsasında dövlətçilik əxlaqı və Azərbaycan sevgisi dayanır. Heç vaxt ətraf mühitə olan reaksiyamı sosial statusumdan asılı duruma salmadım. Düzdür, bu, çox çətindir. Amma təvazökarlıqdan bir qədər kənar olsa da, deyim ki, mən bunu bacardım. Ayrı-ayrı adamların, hakimiyyətin mənə haradan və necə baxmasından asılı olmayaraq, ədalət hissini heç nəyə qurban vermədim. Bu gün mən düz 12 ildir ki, heç bir yerdə işləmirəm. Sanki, mənim büdcəsi milyardlarla ölçülən bir ölkədə hər hansı bir işin qulpundan yapışmağıma qeyri-rəsmi yasaq qoyulub. Son 30 ildə, heç bir hakimiyyətin dövründə indiki qədər maddi, mənəvi məhrumiyyətlərə məruz qalmamışam. Ancaq bütün bunlara rəğmən, bu illər ərzində, mən öz prinsipial baxışlarımdan nəinki bir addım, hətta bir millimetr geri çəkilmədim. Bu gün yenə hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev hazırkı tarixi mərhələdə fövqəladə missiya daşıyan bir liderdir. Biz onun ətrafında birləşməli, onu müdafiə etməli və qorumalıyıq. 

“Yeni Azərbaycan” qəzetinin o vaxtkı fəaliyyətinə, iqtidar qəzetinin səhifələrində bir cox iri çəkili məmurların tənqid edilməyinə gəlincə, bu, əlbəttə ki, təsadüfi deyildi. Birincisi, vurğulayım ki, bu tənqidlərin kökündə heç bir umu–küsü, şəxsi qisasçılıq motivləri dayanmırdı. Mən heç zaman şəxsi hissləri ictimai-siyasi münasibətlər sisteminə, dövlət idarəçiliyinə daşımağın tərəfdarı olmamışam. Baxmayaraq ki, belə zərərli nümunələr bu günün özündə kifayət qədərdir. Nə yazıq ki, yüksək çinli məmurlar onlara göstərilən etimadı, onlara verilən səlahiyyəti, dövlətin, Prezidentin tapşırıqlarını yerinə yetirməyə sərf etməkdən daha çox, xoşları gəlməyən çox ləyaqətli, dürüst insanlarla öz münasibətlərini aydınlaşdırmağa yönəldirlər. “Yeni Azərbaycan” qəzeti nə üçün tənqidçi mövqedən çıxış edirdi? Çünki tənqidsiz heç bir sahənin inkişafina təminat vermək mümkün deyil. Mətbuat tənqid etmirsə, demək o, ictimai nəzarət funksiyasını yerinə yetirmək gücündə deyil. Gəlin razılaşaq ki, insanın şəxsiyyəti də onun orqanizmi kimidir. Necə ki, insan əlinə nə düşdü yeyirsə, qida rasionuna əməl etmirsə, kökəlir, piylənir, şişir. Onun hərəkət etməyi çətinləşir. Əvvəl özünə, sonra ətrafındakılara əziyyət verir və nəticədə lazımsız ət parçasına çevrilir. İnsanın şəxsiyyəti də elədir. İnsanın şəxsiyyəti, ictimai obrazı gerçək dəyərləndirilmirsə, onda o, ictimai əhəmiyyətini itirir. Nəinki ictimai əhəmiyyətini, hətta ictimai fəsadlar törədir, ictimai inkişafa əngəl olur. Bizə toxunulmaz, piylənmiş ictimai-siyasi şişmanlar yox, faydalı, əksəriyyətin işinə yarayan, real siyasi qəhrəmanlar lazımdır.

Hakimiyyətə, idarəçiliyə də yanaşma belə olmalıdır. Əgər hakimiyyətin fəaliyyətində, idarəçilikdə qüsurlar, yanlışlar varsa, bu, tənqid edilməlidir. Həyat sübut edir ki, hakimiyyəti, əldə olunan hər hansı qələbəni qorumaq üçün onu hədiyyə kimi bərk-bərk qucaqlamaq yetərli deyil. Hakimiyyət, qələbə yalnız inkişafda olan bir proses kimi idarə ediləndə möhkəmlənir və rəqabətə davam gətirə bilir. Və bu işdə hakimiyyətin ən yaxın yardımçısı da məhz elə müstəqil və tənqidçi media ola bilər. Tənqid yoxdursa, yanlışlar xroniki hala keçir. Təəssüf ki, bəzi məmurlar fəaliyyət göstərirlər və fəaliyyətlərinin hansısa bir mərhələsində özlərini artıq məmur kimi yox, siyasətçi kimi hiss etməyə başlayırlar. Müəyyən səbəblərdən - təbii ki, bu səbəblər xüsusi bir söhbətin mövzusudur - onlara elə gəlir ki, əldə etdikləri nailiyyətlər, qazandıqları maddi imkanlar, onlara göstərilən hörmət hakimiyyətin inzibati resursları hesabına deyil, öz şəxsi keyfiyyətləri və fitri istedadları hesabına reallaşıb. Bu yanlış qənaət onları bir az da şirnikləşdirir, növbəti səhvlərə sürükləyir, növbəti yanlışlara sövq edir. Və növbəti mərhələdə, nəzarət etdikləri sahənin, yəni hakimiyyətin ideoloji, siyasi, maddi resurslarını dövlətin və Prezidentin təbliğinə deyil, öz şəxsi imiclərinin formalaşması istiqamətində istismar edirlər.

- Maraqlıdır, sizin “Yeni Azərbaycan” qəzetində dərc etdiyiniz tənqidlər siyasi rəhbərlik tərəfindən necə qarşılanırdı?

- Heç yerdə yazmadığım, danışmadığım bir epizodu sizinlə bölüşsəm, zənnimcə, sualınıza cavab vermiş olaram. Mən 2002-ci il aprelin 19-da baş redaktoru olduğum “Yeni Azərbaycan” qəzetində hakimiyyətin siyasi varislik perspektivinə həsr edilən “Niyə məhz İham Əliyev” adlı bir məqalə ilə çıxış etdim. Həmin məqalədə Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyevin nüfuzu ictimai-siyasi nüfuz kimi yox, sadəcə məmur nüfuzu kim səciyyələndirilirdi. Mən indi də hesab edirəm ki, çox düzgün və ədalətli dəyərləndirmədir. Burda kiminsə şəxsiyyətinə və fəaliyyətinə kölgə salacaq heç bir şey yoxdur. Həmin məqalənin dərcindən bir az keçəndən sonra, 2002–ci ilin noyabr ayında ümummilli lider Heydər Əliyev məni qəbul etmişdi. Doğrusu, heç gözləmədiyim halda mənə dedi ki, mən təklif edirəm, sən 14 saylı Qaradağ Seçki Dairəsindən millət vəkilliyinə namizədliyini verəsən. Söhbət zamanı Ulu Öndərimiz həmin məqaləni xatırladıb dedi ki, o yazını oxudum, çox xoşuma gəldi. Belə olduqda, mən dedim ki, “cənab Prezident, o yazıda bir yer var, Ramiz Mehdiyevlə bağlı, bəziləri mənə deyir ki, gərək ona toxunmazdın, o, sənə pisliklər edəcək”. Ümummilli liderimiz gülərək dedi ki, “sən elə adamlara fikir verib eləmə, sən çox dəqiq, düzgün və vaxtında yazmısan”.

- KİVDF ilə bağlı Baş Prokurorluq cinayət işi açıb, araşdırma aparılır. Əvvəlki rəhbərliyin maliyyə yeyintilərinə, mətbuata ayrılan pulların mənimsənilməsinə dair rəsmi açıqlama oldu. Ümumiyyətlə, bu prosesi necə qiymətləndirirsiz?

- Bu prosesi hüquq mühafizə orqanları başladıb. Əlbəttə ki, yeyinti varsa, cinayət faktları aşkarlanıbsa, hər bir kəs cəzasını almalıdır. Yəqin ki, alacaq. Amma düşünmürəm ki, kimin necə, neçə illik cəza alacağı, prosesin necə nəticələnəcəyi mətbuatın durumuna, ölkənin informasiya siyasətinə ciddi təsir göstərə bilsin. Çünki KİVDF bir qurum olaraq özünü doğrultmadı. Sadəcə, hesabdarlıq xidməti göstərdi, dövlətin KİV-lərə ayırdığı vəsaiti qəzetlər arasında bölüşdürdü. Əgər, bu struktur bundan sonra da bu səpkidə fəaliyyət göstərəcəksə… Hər halda baxmaq gərəkdir. Mən demirəm ki, KİVDF bu saat ləğv edilməlidir. Qəzetlərin maliyyə durumunun ağır olduğu bir vaxtda belə bir təkliflə çıxış etmək ədalətli olmazdı. Amma gələcəkdə KİVDF-in fəaliyyət prinsipləri dəyişməli, ya da ümumiyyətlə, lazım olub-olmadığı müzakirəyə çıxarılmalıdır.

- Yaxınlarda “Jurnalistlər binası”nın üçüncü korpusunun istifadəyə verilməsi gözlənilir. Sosial şəbəkələrdə bu ətrafda müzakirələr gedir. Bəzi mənbələrdən aldığımız məlumatlara görə, evlər əvvəlki qaydada paylanmayacaq. Sizcə, yeni meyarlar nələr olmalıdır? Bu mənzillər hansı kriteriyalarla verilməlidir?

- Mənzilə həm ehtiyacı, həm də layiq olan jurnalistlər çoxdur. Digər tərəfdən, hamını razı salacaq kriteriyaları müəyyən etmək çətin məsələdir. Deyirsiniz ki, yeni mənzillər əvvəlki qaydalarla paylanmayacaq. Belədirsə, çox yaxşı. Amma yeni qaydalar hansılardır, bu haqda dəqiq məlumatımız yoxdur. Hər hansı qayda artıq təyin edilibsə, o qaydalar mənzillər paylanmazdan öncə ictimai müzakirəyə çıxarılmalıdır. Ondan sonra konkret fikir bildirmək olar.

- Siz uzun illər hakim partiyada vəzifə tutmusuz, partiyanın informasiya siyasətinin əsas fiqurlarından olmusuz. Yəni partiyadaxili məsələlərdən agahsınız. Sizcə, bu gün YAP-ın vəziyyəti necədir?

- Onu deyə bilərəm ki, YAP iqtidar partiyasıdır və onun sədri Azərbaycanın Prezidentidir. Başqa nəsə deməyə ehtiyac yoxdur.

- Rəqib təşkilatlar YAP-ın artıq partiya olaraq zəiflədiyi, kadr potensialının düşdüyü qənaətindədir. Siz necə düşünürsüz, doğrudanmı YAP kadr bazası funksiyasını yerinə yetirə bilmir?...

- Ölkənin, hakimiyyətin kadr potensialı müzakirə predmeti ola bilər. Mən burada qeyri-adi heç nə görmürəm. Hakim partiyanın fəliyyətində çatışmazlıqlar da üzə çıxa bilər. Bu da çox normaldır. Amma mən YAP-a siz dediyiniz kimi, rəqib ola biləcək hər hansı siyasi təşkilat tanımıram.

- Bir neçə şəxsin fikrini oxuyuram sosial şəbəkələrdə. Bildirilir ki, islahatlar YAP-da da aparılmalıdır. Razısınız bu fikirlə? Partiyada islahat hansı şəkildə edilməlidir?

- İslahatlatla bağlı mənim aydın mövqeyim var. Azərbaycan yenilənməlidir, yenidən qurulmalıdır. Bir şərtlə, heç nəyi sökmədən, uçurmadan və dağıtmadan. Çox aydın nümunə də var. “ASAN xidmət” modeli sübut edir ki, bu layihəni, düşüncəni idarəçiliyə tətbiq edə bilən iradə sahibi bu uğurun davamını da gətirə biləcək. Hər halda mən buna inanıram. Təbii ki, YAP-ın ayrı-ayrı strukturlarında da dəyişiklik nəzərdə tutulur.

- Yeni çağırış Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiz? Deputatlar vəzifələrinin öhdəsindən gələ bilirlərmi?

- Müsahibədə, əsasən, informasiya siyasətindən söhbət gedirsə, mən yeni parlamentin fəliyyətinə də bu rakursdan yanaşmaq istəyirəm. Parlament öz fəaliyyəti ilə informasiya siyasətinə rəng qata biləcək bir hakimiyyət qoludur. Parlamentin rəhbər heyətində, sədarətdə, komitələrdə müxalif partiyaların nümayəndələri təmsil olunur. Bu, çox gözəldir. Amma müxalif düşüncə təkcə mənəvi siyasi bəyanatlar verməklə özünə yer edə bilməz. Müxalifətçiliyin parlament müstəvisində hüquqi statistik bazası da formalaşmalıdır. Mən izlədiyim odur ki, səsvermə zamanı parlamentdəki müxalifət nümayəndələri iqtidar partiyasının bütün layihələrini dəstəkləyirlər. Səhv etmirəmsə, YAP-ın namizədi olan yeni parlament sədrinə də bütün parlament üzvləri bir nəfər kimi səs verib. Mən bunu başa düşə bilərəm. Amma başqa maraqlı tərəflərə izah etmək olmur ki, iqtidar partiyasının namizədini müxalifət niyə dəstəkləməlidir? Beynəlxalq təşkilatlar da hesabat hazırlayanda daha çox statistikaya, sənədə, görüntüyə istinad edirlər. Yadımdadır ki, Oqtay Əsədov Milli Məclis sədri seçiləndən sonra ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı yaydığı bir hesabatda deyilirdi ki, parlamentdə cəmi bir müxalifət nümayəndəsi var. Ona istinad etmişdilər ki, Oqtay müəllim sədr seçiləndə bir nəfər onun əleyhinə səs vermişdi. Zənnimcə, belə incəliklər yeni seçilmiş parlamentin fəaliyyətində nəzərə alınmalıdır.

635x100

Şərhlər

Alqış bəyə 2020-07-06 18:08:57

Siz prezidentə dediniz,bəs nəticəsi? Sənə dedi ki,get öz işinlə məşğul ol? Yoxsa Mehdiyevə qarşı nəsə etdi? Nəticə?Buna da aydınlıq gətirsəniz hamı bilərdi ki, Sizi də eşidirlər.

Alqış Musayevə 2020-07-06 18:03:21

YAP-da hamı özü üçün çalışır. Sən də gör neyniyərsən, bir işdən zaddan istə.

t.ədalət 2020-07-06 16:30:41

Mətbuatın nüfuzu buyruq üçün verilən "fəxri" adlar hesabına öldü.Fikir verin,özünü tənqidi yazılar yazan kimi ortaya atan Rauf Arifoğlunun yaxasına prezident "buyruq medalı" taxır.O da bu medalı böyük razılıq hissi ilə qəbul edir.Zaman,tədrici olsa da kimin kim olduğunu göstərir.Alqış müəllim bilməlidir ki,mətbuat bağımsız olanda nüfuz qazanır.Hansısa partiyanın qazanına girən jurnalist xalqa doğma olan yazılar yaza bilməz.

Şaiq 2020-07-06 16:21:50

Mətbuata inamı artırmaq üçün qatığa qara deyənlər, rüşvətxoru tərifə qərq edənlər, Qəhrəman və Qazilərin yerinə toy müğənnilərini vəsv edənlər, açıq-saçıq geyimiərlə mənəviyyatımızı pozanlar oradan qovulmalıdırlar. Bütün hadisələr mətbuatda güzgü kimi əks olunmalıdır. Tənqidə görə heç kim təqibə məruz qalmamalıdır. Deputatların səs verməyinə gəlincə isə, parlamentdə müxalif düşüncəli deputat olmadığından qərarlara hamısının münasibəti eynidir. Düşünürəm ki, müxalif fikir olan yerdə demokratiya və güclü iqtisadiyyatın olması labüddür.

Son yazılar