Bakıda meyiti "aradan çıxartdığı" deyilən həkim danışdı - "Alnım açıq, vicdanım təmizdir" (Yenilənib)

Bakının məşhur klinikalarından olan "EGE Hospital"ın kardiocərrahiyyə şöbəsində ağlasığmaz hadisə baş verib.

Klinikanın kardiocərrahı Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədovun səhv əməliyyat nəticəsində ölümü və həkimlik etikasına sığmayan hərəkətlərinə görə ailəsi tərəfindən günahlandırılır.

"Medicina.az"a istinadla mərhumun ailə üzvlərinin şikayətini olduğu kimi təqdim edirik:

“İyunun 24-də atamızı ürəyində narahatlığı ilə bağlı "EGE Hospital"a - Ülvi Mirzoyevin qəbuluna apardıq. Guya bu həkim adlı-sanlı, stend qoymaq üzrə peşəkar həkim idi. Atamı dərhal Anju (angioqrafiya) etdirən həkim çıxıb dedi ki, 98% damarları tıxanıb, bunu belə qoymaq olmaz. İmkan varsa, elə bu gün stend qoyaq, xəstəni ikinci dəfə incitməyək.

Biz razılaşdıq, sonra həkim dedi ki, atanıza 6 stend qoyulmalıdır, 10 min manat edir. Biz təəccübləndik ki, bir dəfəyə bu qədər stend olarmı? Dedi, hətta 8-ni birdən qoyduğumuz xəstə olub. İnandıq. Pulu gətirdik.

3 gündən sonra atam evə yazıldı, 4-cü gecə onun ürəyi tutdu. Təcili yardım çağırdıq, onlar da təəccübləndilər ki, 6 stendi birdəfəyə niyə qoyublar. Olmaz axı.

Atamı heç yerə aparmadılar. Səhər öz ayağı ilə Ülvinin yanına getdi. Kassada 1500 manat yenidən ödəyib, Ülvi baxıb deyib ki, təcili açıq ürək əməliyyatı lazımdır.

Həkim anama sənədlər gətirib ki, əməliyyata razılıq verməsi ilə bağlı imza atsın. Anam deyib, qoy xəstəni görüm, sonra. İstəyib atamla məsləhətləşsin, ya görsün vəziyyəti necədir.

Həmin an həkim əməliyyatxanaya qayıdıb, 3 dəqiqəyə geri gəlib ki, xəstə öldü.

Deməli, bu vicdansızlar anama sənədə qol çəkdirib, pulu da alıb, ölmüş adamı guya əməliyyat edəcəkdi, sonra da deyəcəkdi, əməliyyatdan çıxmadı.

Xəbər ailəmizə çatanda klinikaya getdik, Ülvi maşınına minib qaçmışdı.

Biz başımızı itirmişdik, hələ meyiti təhvil almamışdıq. Bizə dedilər ki, Ülvi öz cibindən 200 manat verib, atamin meyitini təcili yardımla məscidə - yuyub, kəfənləməyə göndərib. Ordan da tapşırıb ki, rayona apararsız.

Biz bunu eşidəndə dəli olduq. Axı kim icazə verib ki, klinika ailəsinin izni, xəbəri olmadan meyiti harasa göndərsin? Biz Bakıda yaşayırıq. Atamı rayona hara göndərmək istəyib? Ya bu həkimin ağlı qaçıb, ya bizim?

Bu nə vəhşilikdir, bu nə qəddarlıqdır?

Hər kəsə demək istəyirik ki, biz səhv etdik, nə bu klinikaya, nə o cəllad Ülvi kardiocərraha müraciət etməyin. Diqqətli olun, hər əməliyyata razılaşmayın”.

Ailə hazırda dəfn və yas işləri ilə məşğul olduğundan yaxın 1-2 gündə məsələ ilə bağlı prokurorluğa müraciət edəcək. Ailə üzvləri "EGE Hospital"ın rəhbərliyindən açıqlama və maddi təzminat tələb edir. 

***

"Səbinə xanımın acısını anlayıram, atasını itirib, amma yalan məlumat yaymaq heç bir ruh halında doğru deyil. Atasının ölümündə mənim nəinki gunahım yoxdur, onun son nəfəsinə qədər mən və digər həmkarlarım sonuna qədər savaşmışıq".

Bunu Medicina.az-a açıqlamasında "EGE Hospital"ın kardiocərrahı Ülvi Mirzoyev deyib. O, ürəyinə 6 stend qoyulduqdan bir neçə gün sonra dünyasını dəyişən 67 yaşlı Əliyəsər Xasməmmədovun ailə üzvlərinin ittihamlarına cavab olaraq bildirib ki, hər zaman 100 faizlik nəticə almaq olmur.

"Bütün xəstələrimizi də xilas edə bilmirik. Xəstəmiz ağır vəziyyətdə xəstəxanamıza daxil olmuşdu və vəziyyətinə uyğun olaraq (müasir beynəlxalq peşəkar kardioloji cəmiyyətlərin tövsiyyələri əsasında) koronar arteriyalarına angioplastika və stent tətbiq edilməsi əməliyyatı aparıldı. 2 gün sonra tam sağalma ilə evə yazıldı. Bu arada, pulu, əlbəttə ki, mənə deyil, çalışdığım özəl xəstəxananın kassasına ödəyiblər. Daha sonra xəstədə yenidən şikayətlər yarandığı üçün biz bir neçə müayinədən sonra damarlarını yoxladıq və gördük ki, bütün damarlarında tromboz (laxtalanma) baş verib".

Həkimin sözlərinə görə, bu cür hallar iki səbəbdən olur: ya xəstə yazdığımız dərmanları qəbul etmir, ya da qan duruldan dərmanlara qarşı anadangəlmə inadkarlıq - rezistentlik - olur. Xəstənin dediyinə görə, dərmanlarını qəbul etmişdi. Bu səbəblə, biz total laxtalanmaları genetik defektlə əlaqələndirdik, bunun üçün əlavə testlər də planladıq. Amma xəstənin vəziyyəti gedərək pisləşdiyi üçün konsiliumla təcili cərrahiyyə əməliyyatının icrasına qərar verdik. Və xəstə yaxınlarını bu barədə məlumatlandırdıq. Onlardan bu prosedurlar üçün heç kim pul tələb etməmişdi. Ümümumiyyətlə, pul məsələsini çox qabardırlar, amma bizim xəstəxananın birinci məqsədi pasientlərin yaxşı olmasıdır. Xəstə yaxınları qərar verənə qədər, xəstənin vəziyyəti pisləşdi və ürək dayanması baş verdi. Bütün personalımızın 1 saatdan çox reanimasion tədbirləri aparmasına baxmayaraq, xəstəmizi itirdik.

Burada bir həkim səhvi və səhlənkarlığı qətiyyən yoxdur. Bütün dünyada yüz minlərcə xəstənin yaşadığı hadisədir, lakin biz bunu xəstə yaxınlarına izah edə bilmirik. Bizi dinləmirlər. Əvəzində həm özümə, həm ailə üzvlərimə müxtəlif təhqirlər edib, ölümlə hədələyirlər. Bizim gördüyümüz hər işin tibbi və video qeydiyyatı var, istənilən ekspert tərəfindən yoxlanıla bilər. Hər itirdiyimiz xəstə şəxsən mənim üçün və bütün kolleqalarım üçün ağıt itkidir, biz elə bil öz yaxınımızı itiririk. Amma, təəssüf ki, bu belədir. Hamıya kömək edə bilmirik.

İndi heç kim ölüm nisbəti 3% olan COVID-19 dan kimsə vəfat edəndə təəccüblənmir, amma ölüm nisbəti 30%-ə qədər olan ürək-damar xəstliklərindən insan rəhmətə gedəndə, nədənsə həkimləri hədəf halına gətirməyə çalışırlar.

Mərhumun yaxınlarını da yalan məlumat yazıb, təhqir etmək, böhtan atmaq əvəzinə, hüquqi müstəvidə mövqe sərgiləsələr, daha yaxşı olardı. Allah mərhuma rəhmət eləsin. Mənim isə alnım açıq, vicdanım isə təmizdir. Öz yaxınıma nə edərdimsə, xəstəyə də onu etmişəm".

Ülvi Mirzoyev xəstəyə bir dəfəyə 6 stend qoyulması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, stent sayının bir məhdudiyyəti yoxdur. Xəstənin ehtiyacı nədirsə, o qədər qoyulur:

"Heç vaxt yarımçıq iş görülməməlidir. Çox damar xəstəliyində stent və ya əməliyyat arasındakı qərar, beynəlxalq tibb ictimaiyyəti tərəfindən qəbul edilmiş "SYNTAX score 1" və "SYNTAX score 2" əsasında ürək komandasının konsiliumu əsasında verilir. Bu xəstəmizdə bütün göstəricilər stent prosedurunun lazımlı olduğuna işarət edirdi. Hər gördüyümüz işin elmi əsası var".

Həkim xəstə yaxınlarının "maşına minərək xəstəxanadan qaçdı" sözləri ilə razılaşmır. Onun sözlərinə görə, gizlənmək üçün bir səbəbi yoxdur və xəstəxanadan da ən son ayrılanlardan olub:

"Xəstə yaxınları isə xəstəxanada səs-küy salıb, ortalığı dağıdırdılar. Sonra da özümə və ailə üzvlərimə zəng edib, təhqir edir, ölümlə hədələyirlər".

Onun sözlərinə görə, meyiti ailə üzvlərindən gizlin hansısa rayona göndərilməsi iddiası da absurddur:

"Ailə özü dəfn üçün onu Şəkiyə aparmaq istədi və apardı. Mən həkiməm. Məscidlərlə işim olmaz. Bu prosesdə həkimlər ümumiyyətlə iştrak etmirlər".

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-07-07 09:20:57

EGE hospital və onun həkimləri əyər onlara HƏKİM demək düzgündürsə DƏLƏDUZLUQLA məşquldurlar.Dövlət xəstəxanalarının DƏLƏDUZ həkimləri iylə danışıb xəstələri ora yəni EGE-ə cəlb edirlər DƏYƏRİ isə qiymətindən 4-dəhə artıq pul alırlar və bölüşürlər.Bu yaxında mənim də başıma belə bir oyun acmışdılar.Bir yoxlama ücün mənim xəstəmdən 240-azn istədilər mən başqa vastə iylə EGE-dən öyrəndim ki,o işin qiyməti 72-azn dir .Bunu EYVAZOV adına qan köcürmə inistitunun həkimi edirdi mən şikayət etdim dedilər onu işdən cıxarmaq olmaz o qadın təcrübədədir.Deməli bu qız indidən belə başlayıbsa cətin ondan ANA,KİMƏSƏ ARVAD olacaq.Mən dedim tədbir ğörməyənlər o DƏLƏDUZ QIZIN TAYIDIR.

t.ədalət 2020-07-06 21:16:57

Ege hospitalının arxasında .....dayanıb.

Son yazılar