AZƏRBAYCANA MUXTARİYYƏT TƏLƏB EDƏN İLK SİYASİ TƏŞKİLAT – Onun quruculari kimlər olub? (II YAZI)

Bu il Azərbaycanda yaradılan ilk siyasi təşkilatlardan birinin - "Qeyrət" Partiyasının 115 illiyidir. 1905-ci ilin yayında, Şimali Azərbaycanda ilk milli siyasi təşkilat – “Qeyrət” partiyası yaradıldı. Rusiya imperiyasında birinci inqilabın baş verdiyi və Cənubi Qafqazda erməni millətçilərinin azərbaycanlıların qırğınlarını həyata keçirdiyi bir dövrdə meydana çıxan bu siyasi qüvvənin faəliyyət mərkəzi Gəncə idi. Partiya özəkləri həmçinin Şuşa və Bakıda fəaliyyət göstərirdi.

"Qeyrət" partiyasının əsas məqsədlərindən biri Qafqazın Rusiya ilə federativ münasibətlərini qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi.

"Qeyrət" Partiyasının qurucularının Azərbaycanın müstəqilliyi uğrunda siyasi fikrin formalaşmasındakı rolunu nəzərə alaraq, onların həyatı və ictimai-siyasi fəaliyyətinə nəzər salmağı vacib hesab edirik.

(I yazı burada )

Partiyannın qurucularından biri də, Yusif bəy Həşim bəy oğlu Yusifbəylidir. O, görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri Nəsib bəy Yusifbəylinin atasıdır.

Nəsib bəy Yusifbəylinin adı hər kəsə yaxşı tanış ols da, onun atası, böyük ziyalı və fədakar siyasi xadim Yusif bəy Yusifbəylinin həyatı haqqında çox az adam məlumatlıdır.

Yusif bəy Yusifbəyli 1852-ci ildə Gəncədə tanınmış ziyalı ailəsində anadan olmuşdur. Atası Həşim bəy Gəncə xanı Cavad xanın vəziri Usub bəyin nəvəsi,

Eyyub bəyin oğlu idi. 1804-cü ildə Cavad xan şəhid olanda rus zabiti onun meyidinə tüpürmək istəyib. Mərhumun qayını və vəziri Usub bəyin igid oğlu Eyyub bəy kütlə içindən çıxaraq rus zabitini öldürmüşdü.

Həşim bəy iş dalınca İrana gedir və bir daha geri qayıtmır. Ailənin tək övladı olan Yusif bəy anası Bəşirət xanımın himayəsində böyümüşdür. O, dövrünün ən qabaqcıl maarifpərvər qadınlarından idi. Bəşirət xanım Üzeyir bəy Hacıbəyovun atası Əbdülhüseyn bəyin bibisidir.

Bu maarifpərvər qadın Gəncədə xüsusi rus məktəbinin açılmasında fəal iştirak edib. Həmin məktəb Cavad xanın dəftərxanasında fəaliyyət göstərib. Məktəbdə cəmisi 7 şagird oxuyurdu. Onlardan dördü erməni, ikisi yəhudi, biri isə Yusif bəy idi.O zaman müəllimlər Tiflisdən gəlirdilər.

Peterburqda oğlunu universitetə qoymaq üçün Bəşirət xanım Gəncə qubernatorunun verdiyi sənəd əsasında Rusiya imperatoru II Aleksandrın qəbuluna getmişdir. Yusif bəyi anası ilə birlikdə imperatorun qardaşı qəbul edib və Yusifbəy Peterburq universitetinin hüquq fakültəsinə qəbul olunub.

Ali təhsil aldıqdan sonra Gəncəyə qayıdır. Lakin xaçpərəst olmadığına görə ən aşağı işlərdən birinə - Yelizavetpol (Gəncə) qəza məhkəməsinə tərcüməçi vəzifəsinə işə götürülür.

Yusif bəy hələ gənc yaşlarından Azərbaycanın müstəqilliyi haqda düşünürmüş. Hacıkənddəki ikimərtəbəli yaylaq evinə arabir Gəncənin sayılıb-seçilən adamları yığışardı. İstiqlal, müstəqillik, muxtariyyət haqqında çoxlu söhbətlər gedərdi. Hacıkənddə qubernatorun da yaylağı var idi. Qubernatora Yusif bəyin evində yığıncaqlar keçirilməsi barədə məlumat verilir. O da ermənilərə evi yandırmaq göstərişi verir. 1905-ci ilin yanvarında ermənilər həmin evi yandırırlar. Çox illər sonra yanğını bilavasitə törədənlərdən biri bunu etriaf edib.

1905-ci ildə, erməni quldurlarının fəallaşdığı bir vaxtda, Yusif bəy, oğlu Həmid bəy, dostu və qohumu, millət atası sayılan Ələkbər bəy Rəfibəyli və Ələsgər bəy Xasməmmədli bərpa edilmiş evdə "Türk sosial-federalist inqilabı" adlı komitə yaratmağı qərara alırlar. Onlar intibahnamə hazırlayır, çap etdirir və kütlələr arasında paylayırlar.

Həmin təşkilat Azərbaycana muxtariyyət verilməsi və Rusiyanın federativ şəkildə qurulması ideyasını qoyan ilk siyasi qüvvə oldu. Komitənin əsasında "Qeyrət" təşkilatı yaradıldı. Bəzi sənədlərdə "Tatar sosialistlər, federalistlər, inqilabçılar partiyası" adlanan təşkilatın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədov və Həmid bəy Yusifbəyli daxil idilər.

El ağsaqqalı Ələkbər bəy Rəfibəyli həmin partiyanın rəhbərliyinin Həmid bəy Yusifbəyliyə tapşırılmasını təklif etmişdi.

"Qeyrət" partiyası Gəncə məkanında çoxlu işlər görməsinə baxmayaraq, çarizmin fitvası ilə 1905-ci ildə erməni-daşnak quldurları tərəfindən azərbaycanlılara qarşı soyqırımı törədildi. Soyqırımların qarşısını almaq məqsədi ilə Əhməd bəy Ağayev 1906-cı ildə Şuşada "Difahi" partiyası yaratdı. "Difahi" ən çox Gəncə quberniyasında fəaliyyət göstərirdi.

"Difahi"nin Gəncə təşkilatının sədri Mirzə Məhəmməd Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Yusif bəy və Həmid bəy Yusifbəylilər, Ələkbər bəy və Ələsgər bəy Xasməmmədli qardaşları, Həsən bəy Ağayev, Məhəmməd Hüseyn Rəfiyev təşkilatın ən fəal üzvləri idilər. Həsən bəy Ağayevlə Xasməmmədlilər Yusif bəyin qohumları idilər.

İstər "Qeyrət", istərsə "Difahi" partiyasının əsasən gizli yığıncaqları Yusif bəyin Hacıkənddəki "Lemsə bulağı" deyilən yerdəki yaylaq evində keçirilirdi. Çünki, bu ev şəhərdən nisbətən uzaq ərazidə yerləşirdi.

"Difahi"nin əsas məqsədi ermənilərin rusların köməkliyi ilə azərbaycanlılara qarşı törətdikləri zorakılığın və soyqırımın qarşısını almaq idi. Xalq arasında bu təşkilat "Qisas" kimi də adlanırdı. Erməni terrorunun qarşısını almaqda, eləcə də erməni qatillərini cəzalandırmaqda qorxmaz, igid, qaçaq Dəli Alının fəaliyyəti böyük olub. "Difahi"nin fəaliyyəti nəticəsində demək olar ki, Gəncədə erməni terroruna son qoyuldu.

1917-ci il fevral inqilabından sonra Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə "Qeyrət" siyasi arenaya yeni ad altında - "Türk-ədəmi-mərkəziyyət" partiyası kimi daxil oldu. Bundan sonra Yusif bəy siyasi fəaliyyətini dayandırıb.

Şahidlərin sözlərinə görə, Yusif bəy çox xeyirxah, kövrək bir insan olub. Hamıya əl tutub, köməyini əsirgəməyib. Dayəsinin əri bir Novruz bayramı axşamı Yusifbəyə çuxa bağışlayır. Yusif bəy cavab olaraq ona deyib ki, sən mənə çuxa bağışladın, mən də sənə olduğunuz evi bağışlayıram. Gəncə toxuculuq kombinatının ərazisi, yeni Irəvan qəsəbəsinin sahəsi, "Quruqov" adlanan torpaqlar, Gəncənin kənarındakı Quşqara deyilən yerdəki ağ torpaqlar Yusif bəyə məxsus olub.

MTN-in arxiv sənədlərindən məlum olur ki, şəhərin kənarında Yusif bəyin kərpic zavodu da varmış. Yusif bəy Gəncəyə üç kəhriz çəkdirib. Həmin kəhrizlərdən biri Yusif bəyin məhləsində, biri toxuculuq kombinatının ərazisində, biri isə yeni Irəvan qəsəbəsi yerləşən yerdə olub. 1960-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərən kəhrizlər baxımsızlıqdan batıb.

Yusif bəy 1922-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Ölümünün sürətlənməsinə səbəb isə Nəsib bəyin qətlə yetirilməsi xəbəri olub. Bundan sonra da Yusifbəylilər nəsli Sovet hakimiyyəti dövründə böyük təqiblərə məruz qalıb.

"Qeyrət" partiyasının qurucularından biri də Yusif bəyin oğlu Həmid bəy Yusifbəyli idi. 1878-ci ildə anadan olan Həmid bəy 1895-ci ildə Gəncədəki klassik gimnaziyanı bitirmişdi. Sonra 1898-ci ildə "Məktəbixeyriyyə"də müəllim işləmişdi. Həmin illərdə atası Yusif bəylə siyasi fəaliyyətə başlamış, Azərbaycanın muxtariyyət statusu alması üçün mübarizə aparmışdı.

Həmid bəy hələ XIX əsrin sonunda – 1898-ci ildə Gəncədə öz evində Puşkin kitabxanası yaratmışdı. Həmin kitabxana 1899-cu ildə A. S. Puşkinin 100 illik yubileyi münasibətilə Gəncə Tatlar məscidinə köçürülür. Kitabxananın zənginləşməsində görkəmli ziyalılar Ə.Haqverdiyev, S.M.Qəniyev, K.M.Mehmandarov, S.A.Rüstəmbəyli, Ş.S.Şahmalıyev, Hacı Mirzə Rəfiyev, İ.L.Səyad, Y.İ.Sizenskaya və başqaları köməklik göstərmişlər. Qısa bir zamanda kitabların sayı 700-ü ötüb. Kitabxananın oxucularının sayı 1203 nəfər olub və onlardan 283 nəfəri azərbaycanlı idi. Burada demək olar ki, əksər rus klassiklərinin əsərləri toplanmışdı və bunların içərisində Karamzinin "Rus dövlətinin tarixi", Belinskinin, Dobrolyubovun, Uşinskinin, Pirqovun, F.Şillerin və başqalarının əsərləri var idi.

Həmid bəy 18 dekabr 1899-cu ildə siyasi fəaliyyətinə görə həbs edilərək Tiflis şəhərinə aparılıb və 14 ay Metex həbsxanasında saxlanılıb. 1904-cü ilin dekabrınadək Türkistanda sürgündə olub.

1907-ci ildə Həmid bəyin evində Çar hökuməti tərəfindən axtarış aparılır və 24 ədəd siyasi kitab tapılaraq ona xəbərdarlıq edilir. Həmid bəy 1908-ci ildən 1910-cu ilədək ruhani məktəbində dərs deyib və orada da geniş təbliğat işləri aparıb. 1909-cu ildə o, ruhani məktəbində dərs deyən zaman Nağı bəy Şeyxzamanlının əmisi qızı Səriyyə xanımla ailə qurub və üstündən heç bir il keçmədən, yenidən həbs olunub.

1910-cu ildə Qafqaz canişini Varantsov-Daşkovun hökmü ilə Həmid bəy Qafqazdan 5 illik müddətinə Krıma – Baxçasaraya sürgün edilmiş və orada bir müddət qardaşı Nəsib bəyin qayınatası İsmayıl Murza Kaspirinskinin evində yaşadıqdan sonra İstanbula mühacirət edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Monarx II Nikolayın Manifestinə görə Həmid bəy əfv olunur və İstanbuldan doğma vətənin Gəncəyə qayıdır.

1913-cü ildən 1917-ci ilədək daimi nəzarət altında saxlanılır. 1918-ci ildə Cümhuriyyət qurulandan sonra siyasi fəaliyyətini dayandırır. Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən - 1920-ci ildən sonra Həmid bəy və ailəsi daim təqib olunub. Həmid bəy 1921-ci ildən 1930-cu ilədək Mirzə Fətəli Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda dərs deyir.

Həmid bəyin ən yaxın dostları Mirzə Məhəmməd Axundzadə, böyük şairmiz Əhməd Cavad və gözəl ziyalı Cavad bəy Rəfibəyli idi.

Yeri gəlmişkən, qeyd edək ki, Həmid bəyin anası Cəmilə xanım Xanbudaqovlar nəslindəndir. Babası Böyük bəy Xanbudaqov 1840-cı illərdə Şəkidən Borsunlu kəndinə gəlmiş və orada məskunlaşmışdı. Onlar M. F. Axundovun anasının yaxın qohumları idilər. Həmid bəyin dayısı Usub bəy Xanbudaqov Qori seminariyasını bitirdikdən sonra Gürcüstanda yaşayıb.

1910-cu illərdə o, Qafqazın Tiflisdəki sərdarı (namesniki) Vorontsov-Daşkovun dəftərxanasının müdiri vəzifəsində işləyib. 1918-ci ildə Gəncəyə qayıdıb. 1940-cı ildə vəfat edib. Həmid bəyin dayısı oğlu Eyyub Xanbudaqov isə 1920-ci illərdə Azərbaycan "çeka"sının sədri olub. Sonralar o, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin katibi işləyib. Məhz buna görə də Həmid bəyə 1930-cu ilədək toxunulmayıb.

Ancaq 27 fevral 1931-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsinin 5 nömrəli orderi ilə 28 fevral 1931-ci ildə Həmid bəyin evində dayısı Yusif bəy Xanbudaqovun iştirakı ilə axtarış aparılıb. Heç bir şey tapılmadığına baxmayaraq, iki nəfər qonşusu üzünə durduğuna görə antisovet təbliğatı aparması bəhanəsi ilə həbs edilib.

Həmid bəyin yazılı izahatında göstərib ki, “aparın məni edam edin, ancaq mənə qarşı sürülən iddianı qəbul etmirəm”.

O, bir il DTK-da saxlanıldıqdan sonra azadlığa buraxılır. Otuzuncu illərdə Kommunist Partiyasının sıralarında yüksək vəzifələrdə işləyən qohumu Məmməd Çuvarlinski Həmid bəyin dadına çatır. M. Çuvarlinskiyə görə, bir müddət ona dəymirlər. 1932-ci ilin sentyabrında Kirovabad İndustrial Politexnikumuna işə düzəlir. Bununla bərabər Gəncədə 15№-li məktəbdə dərs deyir.

Həmid bəyin dayısı oğlu Eyyub Xanbudaqov 1937-ci il oktyabr ayının 12-dən 13-nə keçən gecə dahi şairimiz Əhməd Cavadla bir gündə güllələnib. Həmin gün onlarla bir yerdə Xalq Maarif komissarı Məhəmməd Çuvarlinski şəxsən Mircəfər Bağırovun əli ilə qətlə yetirilir.

Bundan bir müddət sonra - 16 iyul 1941-ci ildə Həmid bəyi yenə də həbs edirlər. Guya ki, o, antisovet əhval-ruhiyyədə yaşayır. 5 il müddətinə Şimali Qazaxıstana sürgün edilməsi barədə qərar çıxarılır. Ancaq buna baxmayaraq, Bakıda həbsxanada saxlanılır.

11 fevral 1942-ci ildə SSRİ-nin Daxili İşlər üzrə Xalq Komissarlığının xüsusi iclasının qərarı ilə Həmid bəyin işinə xitam verilsə də, onu həbsdən buraxmırlar. 1942-ci ilin yayında həbsxanada vəfat edir. Bütün arxiv sənədlərində Həmid bəyi danışdıran müstəntiqlər hamısı ermənilər və ruslar olub.

Elman

AzPolitika.info 

635x100

Şərhlər

R. Fətəliyev 2020-07-10 18:35:35

Xalqının, millətinin qeyrətini çəkən hər bir insan ən yüksək hörmətə və daim xatırlanmağa layiqdir. Onları bizə tanıtdığı üçün müəllifə təşəkkür edirəm!

Eli 2020-07-09 21:49:14

Amin!Allah rehmet elesin .Hamısı beyzade esilli köklu insanlar olub

Xalq 2020-07-08 18:51:04

Allah bütün Cümhuriyyət şəhidlərinə rəhmət eləsin. Babalarımızla fəxr edirik!

Son yazılar