GÜNÜMÜZÜN QƏHRƏMANLARI: virusla savaşan həkimlərimiz

Bütün dünya ölkələrində planeti ağuşuna alan pandemiya ilə mübarizənin ön cəbhəsində həkimlər durur. Bu bəla xüsusilə də ən müqəddəs peşələrdən birinin sahibləri olan həkimlər üçün böyük sınaq oldu.

Azərbaycan həkimləri də bütün dünyadakı həmkarları kimi gözlənilmədən ağır bir savaşın ön cəbhəsinə düşdülər. Dünya elminin hələ də tam baş çıxara bilmədiyi bu bəla ilə üz-üzə, baş-başa qaldılar. Dünyanın heç də ən yüksək məvacib alan həkimləri sırasında olmayan Azərbaycan həkimləri öz fədakarlıqları və bacarıqları ilə heç də aparıcı, inkişaf etmiş ölkələrdəki yüksək maaşlı həmkarlarından geri qalmadılar və qalmırlar da.

Bu gün həkimlərimiz ağ xalatlarını geyinib qollarını çirmələyib bütün dünya üçün yeni və amansız bir xəstəliyə qarşı mübarizənin ön cərgəsinə çıxıblar və hər gün yüzlərlə soydaşımızın həyatını xilas edirlər. Etiraf etməliyik ki, bu gün həkimlər vətəndaşların ən həssas kateqoriyasına daxildir. Hər zaman heç də mükəmməl olmayan səhiyyə sistemimizin başında duranlardan öz fədakarlığına və vətən, xalq sevgisinə görə bir addım öndə olan sıravi həkimlərimiz həmin səhiyyəni var gücü ilə işlətmək üçün əllərindən gələni etdilər və bu gün də edirlər. Həkimlərimiz göstərirlər ki, indiyə kimi səhiyyəmizdən olan umu-küsülərin və narazılıqların kökündə onlar yox, səhiyyəyə rəhbərlik edənlər durur...

Bu gün xəstəxanalarda koronavirusla baş-başa mübarizə aparan fədakar həkimlərimiz səngərdə işğalçı ilə üz-üzə duran və istənilən an vətən uğrunda ölümə hazır olan əsgərlərimizi xatırladırlar. Onların hər ikisi vətən, xalq uğrunda savaşda canını, həyatını riskə atan, onu fəda etməyə hazır olan vətən övladlarıdır. Həkimlərimiz öz sağlamlıqları və həyatlarını riskə ataraq gecə-gündüz Azərbaycan vətəndaşlarının üzərinə gələn təhlükə ilə mübarizə aparırlar. Artıq “COVID-19”-la mübarizədə həyatını itirən həkimlərimiz var. Onları günümüzün qəhrəmanları və şəhidləridirlər.

İndiyədək 10-dan çox həkimimiz bu bəladan vəfat edib, 1500-ə qədər səhiyyə işçisi virusa yoluxub. Ən pisi və təhlükəlisi isə odur ki, xəstəxanada viruslu xəstələrə baxan həkimlər aldıqları virus yükü çox olduğuna görə, özləri yoluxduqda, bu xəstəliyi başqalarından qat-qat ağır keçirirlər.

Belə həkimlərdən biri pandemiya başlayandan xəstəxanadan çıxmayan, virusa yoluxandan sonra isə durumu ağırlaşan ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir. Bununla bağlı məlumatda qeyd edilir ki, onda virusa yoluxma bir neçə gün əvvəl baş verib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Həmçinin, həmin klinikada çalışan həkimlərdən 33-nün koronavirusa yoluxduğu məlum olub.

Koronavirus epidemiyası ilə mübarizə aparan Azərbaycan əhalisinin hər 10 min nəfərinə cəmi 32 həkim, 54 tibb işçisi düşür. Yəni onların sayı çox deyil. Ancaq buna baxmayaraq, tibb personalı öz borcunu ləyaqətlə yerinə yetirməkdədir. Və bizim üçün bu gün dövlət, xalq, cəmiyyət olaraq həkimlərimizi qorumaq, onlara sahib çıxmaq ən başlıca vəzifə olmalıdır.

Tahir

“AzPolitika.info”

635x100

Şərhlər

Xalq 2020-07-09 16:26:07

Allah bütün fədakar və koronaya yoluxmuş həkimlərimizə şəfa versin!

Son yazılar