GENERALLARIMIZIN TÜRKİYƏ SƏFƏRİ – “PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”

Sərhədin Tovuz istiqamətində yaranan gərginlik və Ermənistanın növbəti təcavüzkar həmləsi fonunda ötən gün Türkiyə Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələri komandanı Ramiz Tahirovun rəhbərlik etdiyi heyəti qəbul edib.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycan ordusunun nümayəndə heyətinin bu səfəri bizim mətbuatla yanaşı, Türkiyə mətbuatında da geniş şəkildə işıqlandırılıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Ramiz Tahirovla yanaşı Naxçıvan Hərbi Qarnizonunun rəisi, Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayev də olub. Türkiyə tərəfindən isə görüşdə Hulusi Akarla bərabər bütün əsas ordu rəhbərləri - baş qərargah rəisi general Yaşar Güler, quru qüvvələri komandanı general Ümit Dündar, hava qüvvələri komandanı general Həsən Küçükakyüz və dəniz donanması komananı admiral Adnan Özbalın iştirak ediblər.

Hulusi Akarın həmin görüşdə Ermənistanın Tovuz istiqamətindəki təxribatı və təcavüzkar həmləsi barədə söylədikləri isə işğalçı ölkədə narahatlıqla qarşılanıb. H.Akar Ermənistanın Azərbaycana qarşı hücumlarını qınayaraq “Açdıqları kumpasın altında qalacaq, boğulacaq və etdiklərinin hesabını mütləq ödəyəcəklər" deyib. O, son günlər baş verən prosesləri izlədiyini nəzərə çatdıraraq, bildirib: “Baş verənlərlə bağlı nə lazımsa, ediləcək. Azərbaycanın Tovuz bölgəsinə edilən alçaq hücumu kəskin şəkildə qınayırıq. Azərbaycan türkünün ağrısı bizim ağrımızdır. Orada yaşadığınız hər cür çətinliyin burada çox dərindən hiss edildiyini hamınızın bilməsini istəyirəm”.

Türkiyə müdafiə naziri Azərbaycan sərhədlərinin və xalqının təhlükəsizliyi üçün mübarizə apararkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılarına şəfa diləyərək, deyib: "Azərbaycanlı qardaşlarımızın qanlarını yerdə qoymayacağımıza əmin olun. Qarabağın işğalının qəbuledilməz olduğunu hər platformada söylədik və söyləyəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların mübarizəsində onlarla birlikdə olduğumuzu, hörmətli prezidentimiz başda olmaqla, Türkiyədə əsgərdən vətəndaşa - hər kəs ifadə edir, bütün xalqımız bu duyğu və düşüncəni paylaşır. Biz həqiqətən “İki dövlət, bir millət”ik. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir. Sevinc və kədərdə birik. Hörmətli prezidentimizin ilk andan ifadə etdiyi kimi, “Bu, həqiqətən ermənilərin boyunu aşan bir cəhddir”. Azərbaycanlı qardaşlarımıza qarşı bundan əvvəl necə olduqsa, bundan sonra da belə davam edəcəyik. Biz Türkiyə Cümhuriyyəti dövləti olaraq, Türkiyə Silahlı Qüvvələri olaraq nə etməmiz lazımdırsa, edəcəyik. Buna heç kimin şübhəsi olmasın."

Əlbəttə ki, istər Türkiyə Prezidenti, istər Müdafiə naziri, istərsə də digər rəsmilər tərəfindən ortaya qoyulan mövqe, Azərbaycana verilən dəstək ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın təklənməsinin mümkün olmadığına, qardaş ölkənin daim arxamızda olmasına dair aydın mesajdır.

Bununla yanaşı, məhz indiki gərgin dönəmdə baş tutan bu səfər və Türkiyə siyasi və hərbi rəhbərliyinin verdiyi bəyanatlar sıradan bir hadisə sayıla bilməz. Və bu səfərdə diqqəti cəlb edən əsas məqamlardan biri də Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Hərbi Qarnizonunun rəisi, Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayevin olmasıdır. Məlum olduğu kimi, Tovuz istiqamətində baş verən təcavüz cəhdilə paralel olaraq, Ermənistanın Naxçıvanla sərhədində də gərginlik müşahidə olundu. Və həmin vaxt Naxçıvandakı silahlı qüvvələrimiz ermənilərə layiqli zərbələr endirdilər. Naxçıvan istiqamətində baş verən istənilən gərginliyə isə Türkiyənin olduqca həssas yanaşması təbiidir. Məlum olduğu kimi, qardaş ölkə Qars Müqaviləsinə görə, Naxçıvanın təhlükəsiziliyinin qarantı rolunda çıxış edir. Bu baxımdan həmin nümayəndə heyətində Kərəm Mustafayevin iştirakı, bu görüşdə Ermənistanın Naxçıvan istiqamətindəki təxribatlarının qarşısının alınması və belə həmlələrə qarşı sərt cavabların verilməsinə yönələn tədbirlərin də müzakirə olunduğunu düşünməyə əsas verir.

Onu da qeyd edək ki, Silahlı Qüvvələrimizin nümayəndə heyəti Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirlə də görüşüb. İ.Dəmir də qardaş ölkənin Azərbaycana bütün vasitələrlə dəstək verəcəyini bildirib: “İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”.

Bütün bunlar nəzərə alındıqda, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin sözügedən səfəri və orada səsləndirilən bəyanatların Ermənistan tərəfindən narahatlıqla qarşılanması anlaşılandır.

Tahir

“AzPolitika.info”

635x100

Şərhlər

Etibar 2020-07-19 14:06:58

Allah bu birliyimizi qorusun. Yaşasın Türkiye Azərbaycan qardaşlığı!!!

Newruz bəy, 2020-07-19 06:54:05

Nəinki Türkiyə, heç Kreml də bütöv müdafiəmizə qarışa bilməz!

Novruz 2020-07-18 08:33:26

Başlıqdan görünür ki,Türkiyə hər addıma hazırdır. Demək istəyir ki,siz çağırın biz gələk. Biz isə o addımı atmağa qorxuruq.

Məsum. 2020-07-18 04:21:53

Qardaş öz qardaşına belə dəyər verməlidir və verdi. Biz də hər zaman canımızla, qanımızla səninləyik Türkiyə. Allah bizi heç vaxt bir - birimizdən ayırmasın.Amin. Allah TÜRKÜ qorusun.

Vetendash 2020-07-17 23:13:35

Canimiz size feda olsun Turkiyem. Yaşa yaşa Turkiye

Vuqar 2020-07-17 21:57:59

ona oxşayır ki oyun bitdi

Xalq 2020-07-17 18:46:18

Ürəyimizin parası Türkiyə, parası Azərbaycandır. Qardaşlar nə yaxşı ki, siz varsınız!

Xalq 2020-07-17 18:45:32

Ürəyimizin parası Türkiyə, parası Azərbaycandır. Qardaşlar nə yaxşı ki, siz varsınız!

Şaiq 2020-07-17 18:16:08

PUA - LARİMIZ, RAKETLƏRİMİZ AZƏRBAYCANIN ƏMRİNDƏDİR. KİÇİK BİR CÜMLƏDƏ OLAN BÖYÜK DƏYƏRƏ, SAYĞIYA VƏ HÜNƏRƏ BAXIN. YAŞA, YAŞA, YAŞA ULU TÜRKÜM.

Eli 2020-07-17 17:23:23

İki qardaş ölke bir tek ütekdir Siz bizim qardaşlarımızdakı üreye baxın.Yaşa Tükiyye var ol.

Son yazılar