“İLK ÖNCƏ”DƏN QURTARMAQ LAZIMDIR

Xeybər GÖYYALLI 

Bu barədə dolayısı ilə xeyli əvvəl yazmışam. Ona görə dolayısı ilə deyirəm ki, 2007-ci ildə “Mədəniyyət” qəzetində işləyəndə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədovla mövcud dil problemləri ilə əlaqədar apardığım müsahibənin ilk sualı elə haqqında danışacağım bu dil qüsuru ilə bağlı olmuşdur.

“Mədəniyyət” qəzetinin 23 noyabr 2007-ci il tarixli sayında “Dilimiz özümüzdən mübarizdir” sərlövhəli müsahibə janrlı həmin yazıda ilk sual belə idi: ”İsmayıl müəllim, söhbətimizə son vaxtlar ekran-efirdə daha çox işlədilən “ilk öncə” söz birləşməsinə münasibətinizlə başlamaq istərdim...” Müsahibimin də fikirləşmədən ilk cümləsi belə olmuşdur: “Mənasız, çalarsız söz yığınıdır. Söz mənasına uyğun işlədilməlidir”.

Bu gün mediada gün ərzində, bəlkə də, ən çox işlədilən ifadələrdən (mənasız və məntiqsiz) biri hələ də “ilk öncə”dir. Bu söz yığınını telekanallardan eşitməkdən, elektron və çap mediasında oxumaqdan bezmişik. Elə bir gün yoxdur ki, bu dil qüsuru ilə rastlaşmayaq.

Telekanallarda aparıcılar və onların müsahibləri sanki “ilk öncə” ifadəsini işlətmədən keçinə bilmirlər. Hətta adamda belə bir assosiasiya yaranır ki, bu ifadəni işlətməklə bir çoxları özlərini hazırlıqlı, savadlı, intellektual bir şəxs kimi nümayiş etdirdiklərini güman edirlər. Əksinə, bu bir-birini mənasızcasına təkrarlayan sözləri işlətmək dili dürüst bilməməkdən xəbər verir. Televiziya kanallarında danışanların əksəri nitqinə “ilk öncə” ifadəsi ilə başlayır. Ən çox təəssüfdoğuran hal odur ki, bu bir-birini təkrarlayan, sünicəsinə yaradılmış söz birləşməsini jurnalistlər və dilçilər belə işlədirlər. “İlk öncə” ifadəsi dilimizdə çox işlədildiyindən sünicəsinə bir ümumişləklik statusu qazanıb. Əslində, “ilk” və “ön(cə)” sözləri sinonimdir. “İlk” və “ön(cə)” sözləri birinci, qabaqkı, əvvəlinci mənalarını ifadə edir. Eyni məna ifadə edən iki sözün yanaşı işlədilməsinə ehtiyac varmı? Əksinə, bu məqamda sinonimlərin yanaşı işlədilməsi məna, məntiq və üslub baxımından səhvdir, özü də lap kobud səhv.

Dil (dilçilik elmi) məntiq üzərində qurulub. Dil məntiqsiz nə varsa, gec-tez kənara atır. Ancaq o da var ki, hər hansı bir səhv (dil qüsuru) kortəbii olaraq geniş yayıldıqda ictimailəşir və sonda “qəlibləşib” leksikona daxil olur. Necə ki, bu gün “ilk öncə” heç bir məntiq olmadan leksikonumuza daxil olub.

“İLK ÖNCƏ” demək və yazmaq səhvdir. Səhvdən imtina isə heç vaxt gec deyil!

635x100

Şərhlər

Əyyar 2020-08-17 12:53:32

Bir daha salam, Xeybər müəllim! Bu Nazirlər Kabinetinin İbrahimindən soruşmaq lazımdır ki, "sıfır-sıfır saat" nə deməkdir? Axı belə rəqəm mövcud deyil. Bəlkə "saat 12" demək istəyir?

Aborigen 2020-08-04 11:21:39

Kaş bütün səhvlərimiz dilimizdəki səhvlər olaydı.

Ali 2020-08-01 22:38:36

Dilimizdə istifadəsiçox eybəcər hal almış sözlərdən biri də XANIM-dır Çox yersiz, lazımsız işlənir. Bu söz ancaq kübarlıqdan, əslzadəlikdən söhbət gedəndə, bir də müstəsna hal kimi müraciət formasında işlənilməlidir.

Ali 2020-07-31 01:08:13

AR Nazirlər Kabineti uyanında Dilçilik Komissiyası yaradılmalıdır və qanunvericiliklə onun tövsiyələri icbari olmalıdır. İctimai olaraq-rpublik çıxış, dərc, radio-televiziya yayımı, internet yayımı vasitəsi ilə savadsıəz yazan və danışan şəxslər, və bunu publikləşdirən qurumlar cərimələnməlidir. Başqa yolla dilimizi təmizləmək mümkün olmayacaq.

Ali 2020-07-31 01:03:44

belə yoluxucu sözlərədn biri "hər kəs"dir. Bu da türk dilindən bizə yoluxub, "Hamı"," hər bir adam", "hər bir kəs" qalıb qıraqda ucdantutma hamı bu yoluxcu sözün quyruğundan yapışı. Bəs "mənasıBİZLƏR, SİZLƏR ifadələri necə? Dasha BİZ, SİZ deyən yoxdur hamı bu yoluxucu sğzlərdən istifadə edir.,

M.Əsgərov 2020-07-24 22:43:55

bu ifadə tamamilə yanlışdır, Xeybər müəllim düz deyir, amma nədənsə bu sahədə mütəxəsislərimiz münasibət bildirmirlər?????....

[email protected] 2020-07-24 22:08:30

Köməkçi nitq hissəsi olan ədat cümlənin və sözlərin təsir gücünü artır.Ən , lap, daha və s.qüvvətləndirici ədatdır.'Ən güclü şagird" və s.işlədilə bilər.

Əyyar 2020-07-23 22:02:33

Hörmətli Xeybər müəllim, "Ən" ədatı bir obyektə aid işlənməlidir. Məs: ən güclü futbolçu, ən savadlı şagird və s. Amma ekranda, mətbuatda "ən güclü futbolçulardan biri" və s. kimi yazılır. Xahiş edirəm, bir dilçi alim kimi buna da münasibət bildirəsiniz.

Əyyar 2020-07-23 21:48:49

Bəs "keçmiş SSRİ" ifadəsinə nə deyirsiniz? Bəlkə "müasir SSRİ" də mövcuddur?

Gulsən 2020-07-21 06:19:35

Bizdə əvvəlcədən sözü var.Sizlər sözü də siz deyənə aiddir

İlqar Ağasəfoğlu 2020-07-21 00:46:25

Bu "ilk öncə" ifadəsini işlədənlər azərbaycan türkcəsini bərbad günə qoyanlar hal-hazırda ölkə efirində və mətbuatında meydan sulayan diletant və savadsızlardır. Bəçi "ilk"və " öncə " sinonim sözlərdir. Yəni müxtəluf cür səslənib eyni mənanı verən sözlər. Amma dilimizə və millətimizə yad ünsürlər özlərini ağıllı və savadlı göstərmək üçün bunu bizə sırıyırlar. Buna Elmlər Akademiyası, Mətbuat Şurası, MTRŞ ciddi nəzarət etməlidir

Mirzə AĞ 2020-07-21 00:08:57

Alqışlayıram!

Ramazan SİRACOĞLU 2020-07-20 23:07:04

Hörmətli Xeybər müəllim, maraqlı yazıya və haqlı iradınıza görə sağ olun.

Son yazılar