BATAN TURİZM, QAÇAN ASSOSİASİYALAR... - Qeyri-neft sektorunun ən gəlirli sahəsi can üstədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə dünya turizm sektorunun itkiləri bu ilin sonuna qədər 1,2 trilyon ABŞ dollarına yüksələ bilər. “Bu il qlobal turizmin itkiləri qlobal ümumi daxili məhsulun (ÜDM) 1,5%-ə qədər olacaq. Beynəlxalq turizmdə məhdudiyyətlər 2021-ci ilin mart ayına qədər davam etsə, sektorun itkiləri 3,3 trilyon ABŞ dollarına (qobal ÜDM-nin 4,2%-nə) yüksələcək”, - hesabatda bildirilir.

Xatırladaq ki, iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransda turizmin problemləri geniş müzakirə olunub. 

Prezident pandemiya dövründə görülən tədbirlərlə bağlı bildirib ki, turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsi ödənilib: "Məqsəd budur ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin. Ona görə ki, yaxşı bilirsiniz, bu potensialı artırmaq çox çətin və məsul məsələdir".

Pandemiyaya görə Azərbaycanda da 4 aydan artıqdır bağlı qalan turizm sektoru çətin günlərini yaşayır. Əsas gəlirləri xarici ölkələrə turist səfərləri təşkil etməkdən çıxan şirkətlər üçün vəziyyət ikiqat ağırdır. 

Mövsümün əvvəlindən Türkiyə, Avropa, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə yerləşən turistik məkanlara erkən sifarişlər edən agentliklər ödədikləri vəsaitləri geri ala bilmirlər.

Müştərilərin əksəriyyəti yaranmış vəziyyətə görə səfərlərdən imtina edib vəsaitlərinin qaytarılmasını istəyirlər. Şirkətlər həm bu tələbi qarşılamalı, həm də ofislərin, işçilərin saxlanması üçün vəsait xərcləməlidirlər.

Çökən sektorun saysız-hesabsız problemləri...

"Turizm sektorunda durum çox ağırdı, aylardır işləmirik, işçilərə maaş ödəyə bilmirik. Dövlətdən bizim şirkətə dəstək olaraq sadəcə aprel və may aylarının maaşlarının 50 faizi ödənildi. Bundan başqa heç bir güzəşt, yardım almadıq. İşçiləri ixtisar etməyə də icazə vermirlər. Məcbur olaraq həm DSMF ödənişlərini, həm də maaşlarını ödəyirik".

Bunu "AzPolitika.info"-ya Azərbaycanda fəaliyyət göstərən iri turizm şirkətlərindən birinin meneceri bildirib. 

O, qeyd edib ki, xərcləri maksimum azaltmaqla ayaqda qalmağa çalışsalar da, buna nail olmaq çox çətindir: "İcarədarlarla razılaşıb kirayə qiymətləri aşağı salmışıq, bəziləri heç almırlar. Amma əvəzində müqavilə məbləğinin vergisini ödəyirik".

Şirkət meneceri əsas problemlərdən biri kimi turizm sektorunda əsas monopolist şirkət olan "Summer Tour"-un yaratdığı çətinlikləri göstərdi: "Bu şirkət mart ayı və Novruz bayramı üçün Dubaya, yay ayları üçün isə Antalyaya erkən rezervasiyaların ödənişlərini alıb. Bəzi şirkətlər 30, bəziləri isə 100 faiz ödəniş ediblər. "Summer Tour" ödənişləri geri verməkdən imtina edir. Bildirirlər ki, ödənişləri 25 faiz cərimə çıxılaraq uçuşlar bərpa olandan 60 gün sonra qaytaracaq. Yaxud təklif edirlər ki, tam məbləği gələn ilin yay mövsümünə saxlayaq. Amma müştərilərin çoxu ödənişləri geri qaytarmağı tələb edir. Biz indi həm vəsaiti, həm də 25 faiz cəriməni ödəmək məcburiyyətindəyik".

Mənbə daha sonra bildirib ki, son dövrdə yaradılmış Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) pandemiya dövründə heç bir iş görməyiblər: "Görüblərsə də bunu paylaşmırlar, biz hiss etmirik. Guya Prezidentə müraciət yazılıb. Amma məktubun mətnini istəsək də əldə edə bilmirik. Bəlkə də heç yazılmayıb..."

Şirkətin meneceri "AZAL" və Turk Hava Yollarının artıq uçuşlara başladığını xatırladıb: "Amma bilet satışları sadəcə onlayn qaydada rəsmi saytlarından aparılır. Turizm şirkətlərinə satışa icazə verilmir. Hətta kartı olmayan, saytdan istifadə edə bilməyən insanlara bilet almağa köməklik edən şirkətlərə xəbərdarlıq edirlər ki, vəziyyət düzələndə onlara məhdudiyyət qoyulacaq. Turk Hava Yolları da AZAL-ın diqtəsi ilə bu addımı atır. Çünki agentliklərə başqa bütün istiqamətlərə satış açıqdı".

Həmsöhbətimiz Turizm Assosiasiyalarının fəaliyyətsizliyindən də gileyləndi: "AZTA və ATAA-ya sual vermək lazımdır ki, bu 4 ay ərzində hansı işlər görüblər? Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aviaşirkətlərlə hansı müzakirələr aparılıb, əldə olunan nəticələr nədən ibarətdir? Ortada heç bir iş yoxdur, qalmışıq pis durumda..."

Samir Dübəndi: "Turizm sektoruna aid ixtisaslaşmış dəstək paketləri təqdim edilməyib"

Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə vəziyyəti təsvir edərkən deyib ki, Nazirlər Kabinetinin son iclasında turizm sektorunun 48% itkiyə getməsi haqqında fikirlərlə razı deyil: "Turizm sektorunda, demək olar ki, heç kəs işləmir. Necə ola bilər ki, göstərici 48%-ə bərabər olsun?".

O, qeyd edib ki, hökumətə göndərdikləri 15 bənddən ibarət təkliflərdə bu sektorun problemlərini göstəriblər: "Bu təkliflər icarə haqları da daxil olmaqla müxtəlif növ dəstəyi nəzərdə tutur. Düzdür, Sahibkarlığın İnkişafına Yardım Fondu vasitəsilə müəyyən kredit mexanizmləri hazırlanıb, təqdim olunur. Bu çox gözəldir. Amma turizm sektoruna aid ixtisaslaşmış dəstək paketləri təqdim edilməyib. Bir daha qeyd edirəm ki, turizm sənayesi daha çox əziyyət çəkib və demək olar ki, sıfırdadır. Bu gün pandemiya iri biznesə nisbətən kiçik və orta sahibkarlığa daha çox təsir edib. Yəni iri sahibkarlar yığdıqları ehtiyatlar, yaxud hansısa fondların hesabına özlərini qoruyub saxlaya bilirlər. Amma KOB-lara bunu aid etmək olmaz. Əslində KOB-lar normal vaxtda belə gəlirləri və xərcləri bərabər olub. Belə olan halda isə hansısa ehtiyat saxlamaqla bağlı danışmaq mümkün deyil".

Azər Allahverənov: "Turizm sektorunda inhisarçılıq aradan qaldırılmalı, azad rəqabət mühiti olmalıdır"

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov "AzPolitika.info"-ya bildirib ki, pandemiya dövründə turizm məkanlarının bağlı olması, ölkələr arasında əlaqələrin, səfərlərin dayanması turizm sektoruna ciddi zərbə vurub: "Bizim aidiyyatı strukturlar turizm sektorunun qarşılaşdığı problemlərin həlli istiqamətində müəyyən işlər aparır. Ölkə rəhbərliyi bununla bağlı müvafi tapşırıqlar verib. Prezident bildirib ki, yerli qurumlar təkliflər hazırlayıb təqdim etsinlər. İlk növbədə daxili, daha sonra xarici turizmin inkişafı istiqamətində təkliflər öyrəniləcək və addımlar atılacaq. Beləliklə, göstəriləcək dövlət dəstəyinin çərçivələri müəyyən ediləcək".

Ekspert hesab edir ki, ilk növbədə şirkətlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır: "Pandemiya dövründə sahibkarlığa dəstəklə bağlı tədbirlərə turizm sektorunda fəaliyyət göstərən biznes subyektlərinin dəstəklənməsi də daxildir. Amma bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlər yəqin ki, yaxın zamanlarda açıqlanacaq strateji paketdə əksini tapacaq".

Şirkətlərin qaldırdıqları problemlərə gəlincə, A.Allahverənov deyir ki, bu sektorun inkişafına nail olmaq istəyiriksə, ilk növbədə azad rəqabət şəraiti yaradılmalıdır: "Xüsusən, başqa sahələrdə olduğu kimi, turizm sektorunda da monopoliya, inhisarçılıq halları aradan qaldırılmalıdr. Pandemiya şəraiti göstərdi ki, qlobal təhlükələr zamanı bütün şirkətlər eyni qaydada onun qarşısında acizdirlər. Yaxşı olar ki, şirkətlər də postpandemiya dövrünə öz strategiyalarını yenidən nəzərdən keçirsinlər. 

Əlbəttə, bu sektora dövlət dəstəyinin göstərilməsi olduqca vacibdir. Bu zaman bütün şirkətlər potensiallarına, mövcud imkanlarına görə bu yardımlardan kənarda qalmamalıdırlar. Paralel olaraq azad rəqabət mühiti formalaşdırılmalıdır. Bu zaman sivil rəqabətlə yanaşı şirkətlər arasında konstruktiv əməkdaşlıq da mümkündür. Çünki pandemiya dövrü bu sektorda əməkdaşlıq üçün yeni perspektivlər açmış oldu".

Ekspert vurğulayır ki, turizm assosiasiyalarının üzərinə düşən əsas iş şirkətlərin problemlərini, ehtiyaclarını öyrənib müvafiq dövlət qurumları qarşısında təkliflərlə çıxış etməkdən ibarət olmalıdır.

Elçin

AzPolitika.info

635x100

Şərhlər

Səbuhi 2020-07-23 19:27:20

Çox təəssüf ki, pandemiya dünya iqtisadiyyatı ilə yanaşı bizim ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərir. INŞAALLAH bütün sıxıntılar geridə qalacaq və hər bir Azərbaycan vətəndaşını HƏMRƏYLİK NÜMAYİŞ edərək xəstəliyin yayılmamasına səy göstərək.

Son yazılar