"İŞİD" RUSİYANIN ƏSAS QORXUSUNA ÇEVRİLİR - Moskva ABŞ-ı ittiham edir

İraq Şam İslam Dövlətinin (İŞİD) doyüşçüləri yenidən Moskvanı hədələyərək, Şimalı Qafqazda müharibə törədəcəklərinə dair söz veriblər. Rusiya "İslam ekstremistlərini” milli təhlükəsizlik üçün əsas təhlükə mənbəyi hesab edir. Bu yaxınlarda “Al-Arabiya” televiziya kanalı vasitəsilə yayımlanan ”İŞİD” tərəfindən hazırlanmış video yazıda, ekstremistlər Rusiya prezidenti Vladimir Putini onun ölkəsində terror aktları keçirməklə hədələyiblər. İslamçılar Şimalı Qafqazda müharibə alovu yaradacaqlarını və həmin əraziləri “azad” edəcəklərinə and içiblər.

Tam dəqiq olmayan rəsmi məlumatlara görə, təkcə Şimali Qafqazda deyil, Rusiyanın diğər ərazilərində də “İŞİD”,”ƏL-Qaidə” və başqa terror təşkilatlarının ocaqları fəaliyyət göstərir. Müxtəlif versiyalara əsasən, 2013-cü ilin dekabrında Volqaqrad şəhərində baş vermiş iki terror aktı da məhz “İŞİD” tərəfindən törədilib.

“İŞİD” çox ciddi təhlükə mənbəyidir. Tarixdə ilk dəfədir ki, terror qruplaşmasına geniş əraziləri tutmaq, müasir silahlara yiyələnmək və xeyli maliyyə imkanları əldə etmək müəssər olub. Terrorçuların sırası Yaxın Şərq və bütün islam dünyasından gələn döyüşçülərlə genişlənir. Onların içərisində bir çox Avropa ölkəsinin pasportunu daşıyanlar da var. Yaxın gələcəkdə bu terrorçular Fransaya, Almaniyaya, Belçikaya və İsveçə qayıda bilərlər.

Rusiyada Amerikanın islam terrorizmi ilə mübarizəsinə şübhə ilə yanaşırlar və Obamanın İraqdan ABŞ ordusunu çıxarmasını yanlış hesab edirlər. Ona görə ki, bundan sonra islamçı silahlı qrupların əl-qolu açıldı. Moskva bütün bunlardan ümumi nəticə çıxararaq bildirir ki, Vaşinqton islamçılarla işdə deyil, sözdə vuruşur. Çeçenistanın prezidenti Ramzan Kadırov bu yaxınlarda bəyan edib ki, Qafqazda müharibəni alovlandırmaq istəyənlər bütün dünya müsəlmanlarının düşmənidir və onlara qarşı barışmaz mübarizə aparılmalıdır.

Rusiyanın “Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya xidmətləri üzrə Federal nəzarət komitəsinin” (Roskomnadzor) mətbuat katibi Vadim Ampelonski məlumat verib ki, ”Rusiya nəzarət komitəsi" You Tube saytının administrasiyasına “İŞİD”-in Rusiyaya qarşı ünvanladığı video materiallara girişin əngəllənməsini xahiş edib. Rusiya baş prokurorluğu da You Tube rəhbərliyinə “İŞİD”-in yerləşdirdiyi video görüntülərin yayımlanmasına mane olmaq tələbi ilə müraciət göndərib. Rusiya siyasi icmalçıları Suriyadakı hava hücumu ilə ABŞ-ın təkcə islamçı döyüşçülərin mövqelərinə zərbə vuracağına inanmırlar. Onlar hesab edirlər ki, bu Amerika tərəfindən BMT Təhlükəsizlik Şurasının 2170 nömrəli qətnaməsindən istifadə etmək yoluyla Suriya dövlətinin suverenliyinə qarşı yeni bir hücüm cəhdidir. Moskva iddia edir ki, onların “İŞİD”-ə qarşı birlikdə mübarizə aparmaq üçün ABŞ-a etdikləri bütün təkliflər rədd olunub. Rusiya hakimiyyəti bunun başlıca səbəbini amerikanların “Əsədi devirmək”niyyətində olduqları ilə izah edir.

Hazırladı: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar