“Elmar Məmmədyarov bəzi səfirlərə göstəriş verməkdən belə çəkinir” – XİN-in keçmiş əməkdaşı

Dərc olunub: 29/10/2013 - 22:59

11413Şıx-Əli Qurbanovun diplomat oğlu ilə XİN arasında məhkəmə çəkişməsi başlayıb

Yasamal Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı İlqar Qurbanovun bu nazirliyə qarşı iddiasına baxılır. İlqar Qurbanov 20 ilə yaxın Azərbaycan XİN-in Kollegiyasının məsul katibi, daha sonra “Avropa Ölkələri İdarəsi”nin rəis müavini, “Qərbi Avropa şöbəsi”nin müdiri və nəhayət son iş yeri ölkəmizin Çexiyadakı səfirlyində müşavir-elçi vəzifələrində çalışıb. İlqar Qurbanov tanınmış dramaturq, dövlət və ictimai xadim Şıx-Əli Qurbanovun oğludur. Bir müddətdir heç bir izah almadan işsiz qalan İlqar Qurbanov XİN-ə qarşı məhkəmə iddiası qaldırıb. O,   iddiasıyla bağlı “Bizim Yol” qəzetinə müsahibə verib. AzPolitika.info XİN-də iş prinsipi, pərdə arxasında baş verənlərə işıq salmaq baxımından maraqlı müsahibəni təqdim edir.

- İlqar müəllim, xarici işlər naziri Elmar Məmmədyarova məktubunuzun ilk sətirlərindən XİN-də uzun müddət və yüksək vəzifələrdə çalışdığınız məlum olur. Bu mənada ilk sualım belədir: 20 il çalışdığınız XİN-də Elmar Məmmədyarovla münasibətləriniz Çexiyaya göndərilməzdən əvvəl necə olub?

– Mən Elmar Məmmədyarovu gənclik illərimdən tanıyıram. Lakin heç bir zaman onunla yaxınlığım olmayıb. Sonralar tale elə gətirdi ki, Moskvada, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında bir vaxtda oxuduq. Mən Akademiyaya daxil olduqda artıq 3 il idi ki, elmlər namizədiydim və Akademiyada ikinci təhsil alırdım. Adı çəkilən Akademiyadan peşəkar diplomat kimi məzun oldum. E.Məmmədyarov isə orada aspirant idi, namizədlik dissertasiyası yazırdı. İllər ötdü. E. Məmmədyarov Xarici İşlər Nazirliyinə nazir təyin edildi və mənimlə görüşlərdən yayınmağa başladı. Hətta ondan Kollegiyanın işiylə bağlı məsələləri müzakirə etmək üçün rəsmən görüş istəyəndə belə min hiylə işlədirdi ki, mənimlə görüşməsin.
- 20 il ərzində Avropa Ölkələri İdarəsinin rəis müavini – Qərbi Avropa şöbəsinin müdiri işlədiyiniz zaman xarici ölkələrdəki səfirliklərimizin yarıtmaz fəaliyyəti haqqında məlumatlar alırdınızmı? Belə məlumatlar olurdusa, məsul katibi olduğunuz XİN-in kollegiyasında müzakirələr olunurdumu?

– Mən Avropa Ölkələri İdarəsində 90-cı illərin əvvəllərində cəmi 8 ay işləmişəm və bu vəzifə XİN-də ilk tutduğum vəzifə olub. O ki qaldı kollegiyaya o, E.Məmmədyarovun nazir təyin olunduğu vaxtdan bir qədər sonra yaradılmışdır. Daha dəqiq desək, 2004-cü ildə. Kollegiyanın üzvü və ilk məsul katibi olduğum dövrdə Azərbaycanın xaricdəki səfirliklərində olan nöqsanlar barədə məlumatlar XİN-ə daxil olsa da, kollegiya iclaslarında bu barədə nadir hallarda danışılırdı və deyilənlər kollegiya üzvləri tərəfindən zarafata çevrilirdi. Ümumiyyətlə, kollegiyanın işi ancaq 2004-2006-cı illərdə kollegiya adlanan qurumun tələblərinə cavab verirdi. Sonra mən ağır xəstəlik keçirdim. Yataqdan qalxandan sonra bildim ki, kollegiya iclasları mənim olmadığım müddətdə bir dəfə də olsun keçirilməyib. Daha sonra nazir kollegiyaya aid məsələləri mənimlə müzakirə etməkdən boyun qaçırdı və bundan sonra kollegiya ildə 2 dəfə keçirilirdi və demək olar ki, diplomatik rütbələrin verilməsi komissiyasına çevrildi.
- Biz jurnalistlər səfir Tahir Tağızadəni XİN mətbuat xidmətinin rəhbəri işlədiyi dövrdən tanıyırıq. Doğrusu, Tahir müəllim jurnalistlərlə çox korrekt davranıb. Ancaq Sizin məktubda nazir Məmmədyarova xitabən “özgənin sözü ilə oturub-durmazsınız və T.Tağızadə kimi qeyri-ciddi adamların əlində heç bir vaxt alət ola bilməzsiniz və olmamalısınız” ifadəsinə rast gəlirik. Maraqlıdır, səfirlərin təqdimatı və təyinatı olanda kollegiyada müzakirələr olurdumu, əgər olubsa, Siz Tağızadə haqqında mövqeyinizi bildirmisinizmi? İkinci, Tağızadəni “özgə” adlandırırsınız, əgər onu nazir təyin edibsə, necə özgə ola bilər?

– Sizin sualınızda deyilir: “Tahir Tağızadəni XİN mətbuat xidmətinin rəhbəri işlədiyi dövrdən tanıyırıq. Doğrusu, Tahir müəllim jurnalistlərlə çox korrekt davranıb”. Mən bunu T.Tağızadənin tərbiyəli adam olmağı ilə yox, jurnalistlərdən qorxduğu, onlardan ehtiyat etdiyi ilə izah edə bilərəm. 2004-cü ildən  2011-ci ilə qədər kollegiyada bir dəfə də olsun səfirlərin nə təqdimatı, nə də ki, təyinatı məsələləri müzakirə olunmayıb. O ki qaldı o zaman T.Tağızadə haqqında nə isə deməyimə, mən o zaman T.Tağızadəni tanımırdım. Tanımadığım adam haqqında isə mən heç bir zaman fikir yürütmərəm. Çexiyaya getməmişdən mən T.Tağızadəylə bircə dəfə ünsiyyətdə olmuşdum. Bu ünsiyyət ABŞ-dan uzunmüddətli ezamiyyətdən qayıtdıqdan sonra baş tutmuşdu. O, öz təşəbbüsü ilə XİN-də mənim iş otağıma gəlib, utana-utana özünü təqdim etdi. Mən “özgə” sözünü “başqası” mənasında işlətmişəm. Çünki mənim fikrimcə diplomatiya sahəsində ən yüksək vəzifəni tutan adamın, yəni nazirin öz fikri olmalıdır.
- Müraciətinizdə “mən Azərbaycanın Çexiyadakı səfirliyində müşavir-elçi vəzifəsini öz hörmətimə açdırmışam” ifadəsi maraq doğurur. Necə yəni öz hörmətinizə, bəlkə buna aydınlıq gətirərdiniz?

– İş ondadır ki, mən nazirə Çexiyaya getməklə əlaqədar müraciət edəndə, səfirlikdə müşavir ştatı boş idi. Mən 1993-cü ildə müşavir gedə bilərdim, amma 2012-ci ildə diplomatik təcrübəm qədər təcrübəsi olan adamın müşavir vəzifəsinə göndərilməsi azından gülüncdür. Onu da bilirəm ki, Şıx-Əli Qurbanovun oğlu olduğum üçün mənim səfir göndərilməyimə hakim ailə tərəfindən qadağa qoyulub (bu barədə mənə xarici işlər nazirlərinin bir neçəsi deyib). Odur ki, XİN-də tutduğum xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən iki pillə aşağı olan müşavir-elçi vəzifəsi üçün ştat açılmasını nazirdən xahiş etdim. Nazir dedi ki, bunu edə bilməyəcək. Onda mən soruşdum ki, əgər getməyimlə bağlı bütün məsələləri özüm həll etsəm, onda etiraz etməzsiniz ki? Nazir mənə 5 gün vaxt verdi və XİN aparatından bir müddət aralanmağımla bağlı sevincini gizlədə bilmədi. Mənim xahişimlə və şəxsi iştirakımla bu məsələyə Maliyyə Nazirliyində baxıldı və iş təcrübəmi, şəxsi keyfiyyətlərimi nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə müşavir-elçi ştatı açıldı.
- Kadrlar və İxtisasartırma İdarəsinin Rəisi E.Sarıcalinskaya Sizə zəng edib “xoşagəlməz bir məktub T.Tağızadə tərəfindən Nazirə təqdim olunub” deyəndə özünüz Məmmədyarovla təklikdə danışmağa cəhd etmədinizmi?

– Yuxarıda E.Məmmədyarovun mənə olan münasibəti barədə dedim. Həm də ki, mən heç kimdən heç bir şey yazmamışdım. Səfirin mənim haqqımda yazdığı məktubu aldıqda nazir mütləq məni yanına dəvət etməliydi. Amma əfsus ki, bunu etmədi. Əvəzində səfirlik barəmdə yazılan məktubu 1 ay məndən gizlədib ki, həmin məktuba reaksiya verə bilməyim. Nazirlikdə mən qəbildən olan işçilər çox deyil. Əminəm ki, nazir mənim işimi şəxsi nəzarətində saxlamalıydı. Mən nazir müavini Nadir Hüseynovla Praqadan telefonla danışanda, dedim: “Yaxşı, məni geri çağırırsınız. Geri gəldikdə əvvəlki iş yerimə qayıda bilərəm?” O, dedi: “Elə iş ondadır…” Bu nə deməkdir? Nazir müavininin sözündən belə çıxır ki, bu iş əvvəlcədən planlaşdırılıb. Sonrası da belə oldu: mən əmrdə göstərildiyi vaxt Bakıya gəlib nazirin adına ərizə yazdım. Bu ərizəyə heç bir reaksiya verilmədi. Amma ərizəni nazirin katibliyinə təqdim etdiyimdən 12 gün sonra həmin vəzifəyə başqasını təyin etdilər.

- Ümumiyyətlə, Bakıya qayıdandan sonra səfirlikdə işlədiyiniz müddətdə qarşılaşdığınız problemlərlə, arzuolunmaz münasibət barədə nazir Məmmədyarovla görüşüb danışmağa cəhd etdinizmi?

– Mən nazirə ətraflı bir məktub yazdım və hesab etdim ki, orda göstərdiyim çox önəmli məqamları müzakirə etmək üçün nazir məni dəvət edəcək. Lakin bu olmadı. Onu da xüsusi qeyd edim ki, nazirə yazdığım məktubun surətlərini Prezidentə, Baş nazirə, Prezident Aparatının rəhbərinə, maliyyə nazirinə və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrinə də ünvanladım. Bundan əlavə, nazir mənim Praqada olduğum dövrdə oraya gəldi və mənimlə görüşmədi. O, ixtiyar sahibi olduğu üçün görüşmək təklifi ondan gəlməliydi.
- Ezamiyyətlər üçün tələb olunan 8 min avro yerinə Sizə 2 min avro ayrılmasının səbəbini araşdırdınızmı, yaxud səfir Tağızadədən izahat istədinizmi? Ümumiyyətlə, səfirin Maliyyə Nazirliyini ittiham etməsinin əsasları var idimi və nazirlik səfirlikdə təftiş aparsa, nələri aşkarlaya bilər, ehtimalınız nədən ibarətdir?

– Göstərilən məbləği Maliyyə Nazirliyi ayırmalıydı. Bu pulu ayırmadıqları üçün mənim görülməsi nəzərdə tutulan işlərim, təbii ki, ləngiyirdi. T.Tağızadənin Maliyyə Nazirliyini ittiham etməsi səfirin Praqa Opera və Balet Teatrının solisti olan azərbaycanlının konsertini keçirmək üçün pul buraxılmamasıyla bağlıdır. Təbii ki, T.Tağızadənin buna görə Maliyyə Nazirliyini ittiham etməsi tamamilə əsassızdır. Mən nazirə yazdığım ətraflı məktubun surətini Maliyyə Nazirinə də ünvanladım. Doğrudur, adı çəkilən məktubuma cavab ancaq Maliyyə Nazirliyindən gəldi. Lakin belə bir cavab məni qətiyyən qane etmədi. Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin Rəisi cənab Cavanşir Yusifov XİN-ə ünvanladığı məktubda yazırdı: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 14 noyabr 2012-ci il tarixdə daxil olmuş müraciət müvafiq qaydada araşdırılaraq tədbir görülməsi üçün Sizə göndərilir”. Belə çıxır ki: “Səndən yar sənə yar şikayətim var”. Mən məktubumda ancaq səfirin səfirlikdə çalışan diplomatların kommunal xərclərinin səfirlik hesabına, əslində isə Azərbaycan vətəndaşlarının – vergi verənlərin hesabına ödənilməsi barədə yazmışam. Çox güman ki, səfirliyin mühasibatı Maliyyə Nazirliyi mütəxəssisləri tərəfindən təftiş olunsaydı, başqa nöqsanlar da ortaya çıxardı.
 – Səfirliyin işində nizam-intizamın yox səviyyəsində olduğunu deyirsiniz, biri bar işlədir, başqa biri maşın alveriylə məşğuldur, yaxud ““Jalə” şirələrinin 4 qutusu səfirin həyat yoldaşı tərəfindən səfirliyin işçisinə 200 çex kronu qiyməti ilə satılmışdır” söyləyirsiniz. Hətta geyimlərə belə riayət olunmadığını bildirmisiniz. İşlədiyiniz dövrdə bütün bunlar barədə mərkəz qarşısında məsələ qaldırdınızmı?

– Xeyir, çünki belə məsələləri ilk növbədə səfirin qarşısında qaldırmaq lazımdır. Mən də bunu etdim. Səfirin mənə cavabı bu oldu: “Katibənin hələ ki, göbəyi görsənmir, qoy ürəyi istədiyi kimi geyinsin”.
- Səfirin özünüzə olan mənfi münasibətinin nazirin onunla məsləhətləşmədən Sizi müşavir-elçi vəzifəsinə təyin etməsilə əlaqələndirirsiniz. Belə çıxır ki, Tağızadə nazirin göstərişlərinə “yumşaq” desək bu qədər etinasız yanaşır?

– Nazir mənim müşavir-elçi vəzifəsinə təyin olunmağımla bağlı T.Tağızadəylə nəinki məsləhətləşməmişdi, onu heç xəbərdar da etməmişdi. Halbuki, nazir məni əmin etdi ki, Tahir Tağızadə bu barədə bilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan səfirlərinin çoxları nazirin göstərişlərinə etinasız yanaşırlar. Bəzilərinə nazir göstəriş verməkdən belə çəkinir. Çünki həmin səfirlər hesab edirlər ki, təyinatlarını Respublika Prezidenti verib və onlar ancaq ona tabedirlər. Mənim nöqteyi-nəzərimdən adi bir dövlət idarəsində bu cür vəziyyət anormal və dözülməzdir. O ki qalsın dövlət strukturunda – bütün dünyada qəbul olunan qaydayla dördüncü pillədə duran Xarici İşlər Nazirliyində.
- Sizcə, səfir Tağızadənin nazir müavini Hafiz Paşayevə və AZAL prezidenti Cahangir Əsgərova mənfi münasibətinin kökündə hansı amillər dayanır?

– Burada söhbət mənfi münasibətdən getmir. Sadəcə olaraq T.Tağızadənin ayağı yer tutduğu üçün, H.Paşayevlə bağlı özünün əhəmiyyətini vurğulamaq istəyir. “AZAL”la bağlı deməliyəm ki, başqa dövlətlərin səfirləri çalışırlar ki, bütün sahələrdə müqavilələri təmsil etdikləri dövlətin şirkətlərilə bağlasınlar ki, xeyiri öz ölkələrinə versinlər. Amma T.Tağızadə Çexiyada “AZAL”ın nümayəndəliyi ola-ola xarici şirkətlə müqavilə bağlayır. Bu isə dözülməzdir və səfiri heç cür müsbət xarakterizə edə bilməz.
- Bəlkə bu sualım Sizə aid deyil, amma Sizə deyilmiş olduğu üçün bilmək istərdim, səfirin Çexiya və Azərbaycan prezidentlərinin görüşündən sonra “Mən bunu necə başa düşməliyəm?! Bunların hansı kimin Prezidentidir???” açıqlamasını necə tərcümə edərdiniz?

– Tamamilə doğru deyirsiniz. T.Tağızadənin Azərbaycan dilində dediklərinin tərcüməyə ehtiyacı var. İş ondadır ki, Çexiyanın (artıq keçmiş) Prezidenti Vatslav Klaus Bakıda olarkən T.Tağızadəni Azərbaycan Prezidentinə təriflədikdən sonra, demişdi: “Yaxşı olardı ki, T.Tağızadəni ikinci müddətə Praqada saxlatdırasınız” (səfir olaraq təkrarən saxlanılması nəzərdə tutulurdu). Sərxoş vəziyyətdə olan T.Tağızadənin sözlərinə görə: “Bu xahişi normal qəbul etmək yerinə, İlham Əliyev qeyri-adekvat reaksiya verdi və kəskin formada V.Klausa bəyan etdi: Mən öz səfirimi daha yaxşı tanıyıram. Gəlin proqramda olan məsələləri müzakirə edək”. Bu sözlərdən sonra T.Tağızadə belə bir nəticəyə gəlib ki, V.Klaus onun təəssübünü İ.Əliyevdən çox çəkir. Sanki V.Klaus T.Tağızadənin Prezidentidir.
- Məhkəmə iddiası qaldırandan sonra nazirlikdən Sizinlə əlaqə saxlayan olubmu?

– Nazirlikdən Bakıya qayıtdıqdan sonra mənimlə ümumiyyətlə heç kim əlaqə saxlamayıb. Nə nazirin adına ərizə verdikdən, nə də ki, məhkəmə iddiası qaldırdıqdan sonra.

- Məhkəmə iddianızdan gözləntiləriniz nədən ibarətdir, Azərbaycanda ədalət bərpa olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəksinizmi?

– Gözləntilərim iddiamın təmin edilməsindən ibarətdir. Əgər Azərbaycan məhkəməsi tərəfindən haqlarım bərpa olunmasa, təbii ki, mən bununla kifayətlənməyəcəyəm və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm.

Natiq CAVADLI










loading...


Fikrinizi bildirin