PUTİNİ DRAMATİK HƏFTƏLƏR GÖZLƏYİR! – “Yeni etirazlar onun mövqeyini sarsıdıb”

Artıq bir aya yaxındır ki, Rusiyanın Xabarovsk diyarının əhalisi qubernator Sergey Furqalın həbsinə etiraz nümayişləri keçirir. Nümayişçilər bu həbsi Moskvanın yerli əhalinin seçiminə göstərdiyi saymazlıq və kobud qanun pozuntusu hesab edirlər.

“AzPolitika.info” xəbər verir ki, İsveçin “Svenska Dagbladet” qəzeti “Rədd olsun çar! - Yeni etirazlar Putinin mövqeyini laxladıb” başlıqlı məqaləsində Xabarovskda baş verən hadisələrin illər ərzində Putin hakimiyyətinə qarşı yığılmış narazılığın kəskin təzahürü kimi dəyərləndirir.

Həmin məqaləni diqqətinizə çatdırırıq: “Rədd olsun çar!”, ”Furqal bizim adamdır!”, ”Azadlıq!”. İndi Xabarovskda belə şüarlar səslənir. 11 iyulda Xabarovsk şəhərində küçələrə 40 min etirazçı çıxmışdı. Həmin vaxtdan indiyədək hər gün nümayiş keçirilir. Onlar seçdikləri qubernatorun həbsinə qarşı çıxırlar. Nümayişlər başlayandan bir həftə sonra orada iştirak edənlərin sayı 50 min nəfərə çatıb və hətta etiraz dalğası yaxınlıqdakı Vladivastok şəhərinə də sıçrayıb.

Xabarovsk şəhərinin gənc sakini Sergey Neçayev baş verənlər barəsində deyir: “Qubernatoru biz özümüz seçmişik və özümüz də buna cavab verməliyik. Bizim birinci tələbimiz məhkəmənin Moskvada deyil, burada keçirilməsidir”.

Həbs olunan və Moskvaya aparılan Xabarovsk diyarı qubernatorunun adı Sergey Furqaldır. Bu şəhər Rusiya paytaxtından 6100 kilometr şərqdə yerləşir və Çin ilə sərhəddən 30 kilometr uzaqlıqdadır.

2018-ci ildəki qubernator seçkilərində əsas namizəd Putin hakimiyyətinin Vahid Rusiya Partiyasından idi. Hər şey əvvəlki dövrlərdə olduğu kimi cərəyan etməliydi. Seçkilərə demokratiya görüntüsü vermək üçün Liberal Demokrat Partiyasından olan Sergey Furqal kimi digər “təhlükəsiz” şəxslərin də namizədlikləri irəli sürülmüşdü. Xabarovsk diyarının siyasi aləmində Furqal “ikinci yer” tutmağa da razıydı və hətta o, əslində heç seçki kampaniyası da aparmamışdı.

Amma Xabarovsk şəhərinin sakinləri üçün nə vəzifə başındakı qubernator, nə də ki, Putinin idarəetmə üsulu qətiyyən sərf etmirdi və elə ona görə də onlar dəyişikliyə səs verdilər. Sergey Furqal gözlənilmədən rəqibini geridə qoydu və sürətlə populyarlaşdı. O, qubernator postunda əyləşəndən sonra öz məvacibini azaltdı, səhiyyə sisteminə, təhsilə xeyli diqqət ayırdı və məmurlara bahalı maşınlarda gəzməyi qadağan etdi.

Digər tərəfdən isə Furqal Putinin qurduğu hakimiyyət xəttinə uyğunlaşmaq istəmədi. Və Xabarovskdakı 2018-ci il qubernator seçkilərindən bir il sonra Vahid Rusiya Partiyasını yenidən alçaltdılar. Belə ki, Liberal Demokratlar Partiyası Xabarovsk şəhər Dumasındakı 35 yerdən 34-nü qazandı. Bu yaxınlardakı referendumda şəhər əhalisinin yalnız 44 faizinin iştirak etməsi isə Vladimir Putinin səbr kasasını tamamilə daşırdı.

Rusiya Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, Sergey Furqalın 15 il bundan əvvəl meşə materialı və metal tullantıları ticarəti ilə məşğul olan zaman qətl hadisəsində əli olub. Bu səbəbdən də 9 iyulda Furqal həbs olunaraq Moskvadakı həbsxanaya aprılıb. Ardınca, Putin öz fərmanı ilə onu vəzifəsindən çıxararaq, Xabarovsk diyarına yeni müvəqqəti qubernator təyin edib. Belə zənn edilirdi ki, qubernatorun həbsindən sonra Xabarovsk diyarının sözügüdən siyasi həyat tarixçəsi sona çatacaq və bu, Putin Rusiyasındakı bənzər hadisələrdən birinə çevrilcək. Çünki burada hər zaman təhdidlər, saxta ittihamlar, hətta qətllər yerli hakimiyyət orqanlarını və əhalini nəzarət altında saxlamaq və rejimə qarşı səs-küylü şikayətlərin qarşısını almağın ən səmərəli üsullarından olub. Ancaq bu vəziyyət Xabarovsk sakinlərinin qətiyyən xoşuna gəlməyib və onlar bu məsələdə tək deyillər.

İctimai rəyin araşdırılması mərkəzi olan ”Levada-mərkəz” bildirir ki, son 20 ildə Rusiyanı dəmir əllə idarə edən lider artıq xalqın gözündən düşməyə başlayıb. ”Levada-mərkəz”in araşdırmalarına rəhbərlik edən Sergey Belanovski öz hesabatında yazır: ”Putin artıq əksəriyyətin dəstəyini itirib. Bizim fokus-qruplar göstərir ki, Putindən nəinki demokratiya tərəfdarları, həmçinin kommunistlər və millətçilər də üz döndəriblər. Nə zamansa Krımın ilhaqı onlara xoş gəlirdi, lakin indi onlar Putini korrupsiyalaşmış və yalançı hesab edirlər”.

Fedrelar Təhlükəsizlik Xidmətinin istefada olan generalı Aleksandr Mixaylov “Moskovskiy Komsomolets” qəzetinə verdiyi müsahibəsində deyib: ”İnsanlar çox şeydən, o cümlədən də “Vahid Rusiya” Partiyasının diktəsindən, hakimiyyətin xalqa olan münasibətindən yorulublar. Elə götürək konstitusiyaya edilən son dəyişiklikləri. Pamfilovanın (Mərkəzi Seçki Kommisiyasının sədri) sözlərindən belə çıxır - ey əhali, siz heçkimsiniz, konstitusiya artıq qəbul olunub və sizin işiniz gəlib qutuya bülleten salmaqdan ibarətdir”.

Rusiya əhalisi arasında tez-tez eşidirik: ”Moskva Rusiya deyil”. Bu, o mənaya gəlir ki, rifaha qovuşmuş paytaxtdakı həyat şəraiti Paris və Londondakından heç də geri qalmır, bu şəhərin sakinləri yaxşı təhsil görüblər və onlar ölkənin qalan hissəsindən çox fərqlənirlər.

2012-ci ildə Moskvada Duma seçkilərindəki açıq saxtakarlığa qarşı böyük etirazlar keçirilmişdi. İndi isə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ən iri lokal etirazların mərkəzi Xabarovsk olub ki, bu da əvvəlki meylin pozulması kimi dəyərləndirilməlidir. Belə fikir söylənilir ki, məcazi mənada Putin ölkə vətəndaşlarıyla özünəməxsus “ictimai müqavilə” bağlayıb. Həmin müqavilədə deyilir: ”Mən sizin həyat şəraitinizin yüksəlməsinə çalışacağam, amma sizi demokratiya, insan hüquqları və hakimiyyət məsələsi narahat etməməlidir”.

Əgər hadisələrə daha əhatəli və tarixi baxımdan yanaşsaq, onda görərik ki, ruslar istər monqolların, istər çarların və istərsə də Stalin terroru dövründə güclü və saymazyana liderə tabe olmağa vərdiş ediblər. Ancaq iş ondadır ki, son illərdə əhalinin həyat şəraiti heç də yüksəlməyib və Putin rejimi ardıcıl uğursuzluqlara düçar olub.

Maraqlıdır ki, həbs edilən və vəzifədən çıxarılan Sergey Furqal Liberal Demokratlar Partiyasının üzvüdür. Bu, ifrat millətçi Vladimir Jirinovskinin rəhbərlik etdiyi müxalifət partiyasıdır. Lakin praktikada heç zaman bu partiya hakim Vahid Rusiya Partiyasının təklif etdiyi mühüm qərarların əleyhinə səs verməyib. Jirinovskinin partiyası parlament seçkilərində adətən 4-7 faiz səs alır. Elə Jirinovskinin özü də prezident seçkilərində təxminən bu cür nəticə göstərir. Başqa sözlə desək, Putini birpartiyalı dövlət sistemində ittiham edəndə, o, bunun təkzibi kimi həmişə bu ”əlverişli müxalifət partiyası”nı göstərir.

Əlbəttə ki, Xabarovskda baş verən nümayişlər Putin rejiminin çöküşünə gətirib çıxarmayacaq. Lakin əgər nümayişlər davam edərsə və genişlənərsə, bu, birmənalı olaraq Putinin populyarlığının düşüşə keçdiyinin bariz əlaməti olacaq.

Maraqlıdır ki, indiyədək Xabarovsk hakimiyyəti nümayişçilərə qarşı dözümlü davranıb. Eyni zamanda, yerli hakimiyyət orqanlarına xüsusi təyinatlılardan ibarət güclü dəstək də göndərilib. Keçən yay da Moskvadakı etirazların sərt şəkildə yatırılmasına və aktiv nümayişçilərin həbsə atılmasına qədər vəziyyət məhz belə olmuşdu.

Əgər Xabarovsk şəhərində də oxşar hadislər baş verərsə, deməli, onda yaxın həftələr çox dramatik keçəcək.

“AzPolitika.info”

635x100

Şərhlər

Milliyetci 2020-08-06 12:50:06

Birce onu bilirem ki Jirinovski hakimiyyete gelecey ve Erdoganin sonunu getirecey amma daxildeki muselmanlarda onun sonunu getirecey. ve belelikle Boyuk Azerbaycan Qurulacaq!!!

Bakı quberniyası 2020-07-31 18:19:37

Görəsən, bu referendumdan sonra Jirinovski RF və ya bizim vətəndaşları fəal sayır?

Son yazılar