"Facebook" və"Twitter" Trampın paylaşımlarını sildi - Qalmaqal

"Facebook" və "Twitter" sosial şəbəkələri Prezident Donald Trampın və onun seçki kampaniyasının postlarını koronavirus dezinformasiyası qaydalarını pozduğuna görə silib.

"Facebook" prezidentin hesabından bir videonu silib. O, videoda uşaqlarda yeni koronavirusa qarşı demək olar immunitetin olduğunu iddia edib. Sosial şəbəkə bildirib ki, videoda belə bir saxta iddia yayan ziyanlı COVID informasiyası olduğuna görə silinib.

Səhiyyə ekspertlərinin fikrincə, uşaqlarda koronavirusa qarşı immunitet yoxdur, sadəcə, daha yaşlı qruplarla müqayisədə yoluxanlar arasında ölüm göstəricisi aşağıdır. Körpələr və uşaqlar da xəstəliyə tutulur, onu başqalarına keçirir.

"Twitter" isə Trampın rəsmi seçki qərargahının hesabını eyni videonu paylaşdığı üçün müvəqqəti bloklayıb. "@TeamTrump" sonradan atdığı tvitdə sözügedən videonun yığışdırıldığını bildirib.

“Silikon Vadisinin prezidentə qarşı daha bir qərəz günüdür, qaydalar ancaq bir istiqamətə tətbiq olunur”, – seçki qərargahının mətbuat katibinin müavini Courtney Parella deyib.

“Prezident uşaqların koronavirus qarşısında daha az həssas olduğunu deyib. Sosial media şirkətləri həqiqət arbitrləri deyillər”, – o vurğulayıb.

Tramp Ağ evdə keçirdiyi brifinqdə də virusun uşaqlara az təsir göstərdiyini deyib. O bir daha virusun çıxıb gedəcəyini iddia edib.

Mayın sonunda Donald Tramp "Twitter" və "Facebook" kimi sosial media nəhənglərini hüquqi toxunulmazlıqdan məhrum etməyə yönəlik fərman verib. Prezident bəyan edib ki, sosial media şirkətləri indiyədək “fərdi vətəndaşlar və ya geniş ictimai auditoriyalar arasında faktiki olaraq istənilən kommunikasiya formasını senzura etməkdə, məhdudlaşdırmaqda, redaktə etməkdə, dəyişdirməkdə və gizlətməkdə tamamilə nəzarətsiz olublar”.

Hazırda Birləşmiş Ştatlarda 4,8 milyon yoluxma təsdiqlənib, 158 mindən çox xəstə vəfat edib. (azadliq.org)

635x100

Şərhlər

Özgür 2020-08-06 20:37:32

trampı seçəndə bilmirdiniz belə olacaq?

Son yazılar