Uduzan İsa Qəmbər oldu

Heydər OĞUZ

Elə ideyalar var ki, onlar yalnız həmin fikirləri yaradanların və ya daşıyanların dəyərləri deyil, həm də bütöv bir cəmiyyətin, toplumun xəzinəsidir. Bu xəzinəyə sahibliyini iddia edənlərin onu özününküləşdirməyə çalışması, başqalarının ona yaxınlıq duyğularını qısqanması başadüşülən olsa da, ədalətli sayıla bilməz. Zira, milləti millət edən bütün dəyərlər hansısa bir fərdin beynində doğar, amma ətrafa yayıldıqca ictimailəşər, toplumsal mənaya bürünər.

Azərbaycan siyasi mühitinin də belə ortaq dəyərləri var və onlardan biri də müsavatçılıqdır. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulmuş bu siyasi prinsiplər bu gün ölkəmizin, demək olar ki, bütün siyasi təşkilat və partiyaları tərəfindən birmənalı şəkildə qəbul olunmuş, müstəqilliyimizi qazandıqdan sonra dövlətimizin əsas ideoloji bazasına çevrilmişdir. Məhz buna görə də Müsavat adı daşıyan istənilən dəyərə hər birimiz sayqıyla yanaşır, onun ətrafında baş verən hadisələri özümüzünküləşdiririk.

Sözsüz ki, partiyalarına bu adı qoyanlar təhtəlşüurumuza hopmuş doğmalıqdan yetərincə yararlanmış, Məmməd Əmin Rəsulzadənin irsinin gətirdiyi üstünlüklərdən istifadə edərək siyasi arenada ən ön sıralarda yer almışlar. Bəzən digər partiyalar məhz bu tarixi üstünlüyünü nəzərə alıb öz haqlarından indiki Müsavat Partiyasının xeyrinə geri çəkilmiş, onun başqanını demokratik qüvvələrin ortaq lideri kimi dəstəkləmiş, hakimiyyətə gəlməsi üçün əlindən gələni əsirgəməmişlər. Dolayısıyla hansı təşkilatda olmağımızdan asılı olmayaraq, böyük Məmməd Əmin ruhu bizi onun irsini davam etdirmək adına iddia edən təşkilatın özünün olmasa belə, məfkurəsinin ətrafında birləşdirmişdir. Bəlkə də elə bu səbəbdəndir ki, Müsavatda baş verən son hadisələrə hər birimiz həssaslıqla yanaşır, baş verənləri qayğıyla izləyirik. Əslində bu həssaslıq bizim təkcə haqqımız yox, həm də borcumuzdur.

Zaman-zaman təhtəlşüurumuzu istismar edən bu partiya isə ümidimizi heç vaxt doğultmadığı kimi, indi də demokratik qüvvələr adına başucalığı gətirməyən ittihamlara səhnə olmaqdadır. Biz bir millət kimi hakimiyyəti dördəlli öz postundan yapışmaqda, iqtidarda qalmaq naminə seçkiləri saxtalaşdırmaqda ittiham etdiyimiz, yaşanan bu hadisələrin əziyyətini millətcə çəkdiyimiz bir zamanda, nə yazıq ki, gözümüzü dikdiyimiz siyasi qurumlarda da mahiyyət etibarilə ondan fərqlənməyən proseslərin şahidi oluruq. Ən qəribəsi də budur ki, həmin ittihamlar başqalarının yox, Müsavatı hakimiyyətə daşımaq uğrunda dəridən-qabıqdan çıxmış şəxslərin dilindən səslənməkdə, ortaya ciddi faktlar qoyularaq sübuta yetirilməkdədir.

Qubad İbadoğlunun çağırışıyla toplanan müsavatçıların toplantısında səslənən bu ittihamları eşitdikcə, heyrətdən dilim quruyurdu. İttihamlara inansaq, Müsavat Partiyasının son qurultayında bir seçkinin saxtalaşdırılması üçün tələb olunan hər şeydən - bəlkə də hakimiyyətin belə indiyə qədər ağlına gətirmədiyi bütün metodlardan istifadə edilmiş; bəzən əks tərəfin adamı olduğundan şübhələnilən nümayəndələr əsassız ittihamlarla partiya sıralarından uzaqlaşdırılmış, bəzən hansısa rayon təşkilatına kvotada nəzərdə tutulandan az, bəzən çox nümayəndə seçmək ixtiyarı, kimlərəsə artıq bülleten verilmişdir. Təbii ki, bütün bunlar bir seçkinin saxtalaşdırılması üçün kifayət qədər yetərli faktlardır. Nə yazıq ki, bunları araşdırmaq imkanım olmadığından onu Müsavat Partiyasının yetkililərinin öhdəsinə buraxır, mən isə daha çox bir məsələnin üzərində dayanmaq istəyirəm.

Etiraf edim ki, bəndənizə ən təəccüblü gələn yarandığı gündən indiyə qədər Müsavata başqanlıq edən İsa bəyin bu hadisələrdə birbaşa rol oynamasıdır. Sözsüz ki, hər bir kəsin öz qurduğu təşkilatı kimlərəsə həvalə etmək arzusu ola bilər. Mən burda qəbahətli heç nə görmürəm. Qəbahətli gördüyüm məqam bu arzunun ağla gəlməyəcək müxtəlif metodlarla həyata keçirilməsi və İsa bəyin bu saxtakarlıqlara göz yumması oldu. Halbuki, Müsavat kimi demokratik dəyərləri özünün idealına çevirən, bərabərçilik məfkurəsindən yoğrulan bir partiyanın müasir sələf-başqanı bütün tərəflərə eyni gözlə baxmağı bacarmalı, yeri gələndə öz arzularını ürəyində boğmalı, hətta səs vermək hüququndan belə imtina etməliydi. İnanıram ki, belə olacağı təqdirdə heç bir tərəf illərlə həyatını bağladığı təşkilatdan və onun başqanından inciməz, uduzmağı normal qəbul edib susar və hətta qarşı tərəf üzərində üstünülük qazanmaq naminə daha artıq çalışar, partiya daxili mübarizə faydalı rəqabətə çevrilərdi. Və bundan da tək Müsavat yox, həm də bütün cəmiyyətimiz faydalanardı.

İsa bəy isə öz tərəfini əvvəldən müəyyənləşdirmişdi. Özü də saxtakarlığın yanında. Və bununla da əslində özünün böyüklüyünə quyu qazmışdı. Əslində isə başqanlıqdan istefa verən, daha doğrusu verməyə məhkum olan başqana beyinlərdə silinməz gözəl izlər salaraq tarixə qovuşmaq daha çox lazım idi.

Məhz başqan uzaqgörənliyinə uyğun olmayan bu hərəkətin nəticəsidir ki, İsa bəy bir zamanlar çox siyasi liderin özləmlə baxdığı çəkicə çox ağır tərəfdarlarını itirdi - Vurğun Əyyub, Qubad İbadoğlu, Hikmət Hacızadə kimi. Və təbii ki, bu itkilərin çox böyük bədəllərini də ödəyəcək. Əslində indidən belə ödəməyə başlayıb. Müsavatın son qurultayının nəticələri bunun ən bariz nümunəsidir. Nəzərə alsaq ki, Qubaq İbadoğluyla Arif Hacılının topladığı səslər arasındakı fərq barmaqla sayılacaq qədər az idi və İsa bəy indiki başqanın təfəfində yer alırdı, heç də asan həzm edilməyəcək durum ortaya çıxır. Belə məlum olur ki, son qurultayda əslində Qubaq İbadoğluyla Arif Hacılı yox, İsa bəylə köhnə qvardiya üzvləri yarışırdı. İsa bəy qurultayda cüzi bir üstünlüklə köhnə qvardiyanın sərkərdələrini məğlub etməyi bacardı. Amma onu da müxtəlif şübhəli hərkətlərinin hesabına.

İlk baxışdan bu üstünlük həlledici sayılsa belə, yaxın gələcəkdə əsl zəfərin kimin üzünə güləcəyini söyləmək xeyli çətindir. Çünki vitrində görünənlər bəzən başaldadan olur. Əsl həqiqət isə vitrindən aşağıda toplananlardır. Bu sözlər xüsusilə siyasət üçün keçərlidir. Bu gün səsi saxtalaşdırılaraq mövqeyinin zorlandığını hiss edən müsavatçıların təmsilçisi kimi görünmək hələ partiya elektoratının iradəsi demək deyil. Həmin elektoratın sabah kimin tərəfində yer alacağı əsl qələbəni gətirən amilə çevrilə bilər.

Üstəlik, hər hansı bir qələbənin xarakterini əldə olunan qənimətlərin çoxluğu da müəyyənləşdirmir. Zəfəri müəyyənləşdirən amilin böyüklüyü kəmiyyətdə yox, keyfiyyətdə axtarılmalıdır. Məsələn, hansısa bir kiçik kəndi almaq hansısa ucsuz-bucaqsız səhranı ələ keçirməkdən daha uğurlu hesab olunur. Çünki əldə etdiyin bu kənd nə qədər kiçik olsa belə, onun əkinə yararlı torpağı sənin ömür boyu qarnıtox həyat sürməyinə təminat verdiyi halda, ucsuz-bucaqsız bir səhra susuzluqdan ölməyinə səbəb ola bilər. Deməli, uğur ucsuz-bucaqsızlıqda yox, münbitlikdədir.

Bu məntiqlə hazırda İsa bəyin qarşısında dayanan güclə, ovcunda saxladığı gücü müqayisə etsək, onun qazandığı yalnız Müsavatın darısqallığı ürək darıxdıran zalından, bir neçə kabinetdən ibarət qərargahı, itirdiyi isə partiyanın intellektual gücü oldu. Buna qələbə demək mümkündürsə, o, susuzluqdan qup-quru quruyan səhra almağa bənzəyən bir zəfərdir. Bu mənada Müsavatın son qurultayında uduzan nə Arif Hacılı, nə də Qubad İbadoğluydu. Qurultayın tək uduzanı İsa Qəmbər oldu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar