"Kadr dəyişiklikləri ordu üzərində nəzarəti bəzi adamların ələ keçirmək cəhdidir"

Yaşar Cəfərli Səfər Əbiyevin müdafiəsinə qalxmasından danışıb

Səfər Əbiyevin nazir olduğu dövrdə onun orduda yaratdığı dözülməz durum haqda dayanmadan açıqlamalar verənlərdən biri də “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli idi.

S.Əbiyev vəzifəsindən çıxarılandan dərhal sonra Y.Cəfərli S.Əbiyevin hüquqlarını müdafiə etməyə hazır olduğunu elan etdi və orduda başlamış islahatlara qarşı çıxdı. Bu cür kəskin qütb dəyişikliyi Y.Cəfərli haqda ən müxtəlif fikirlərin səslənməsinə, onun korrupsioner adlandırdığı sabiq nazirin yanına aparan yol haqda kəskin ifadələrin işlənməsinə səbəb oldu. Çünki Y.Cəfərli cəmi 5-10 gün əvvəl Səfər Əbiyevin Macarıstanın OTR Bank-nda dondurulan təkcə bir hesabda 65 milyon dollar pulunun olduğunu gündəmə gətirmişdi. Üstəlik Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib bu faktın araşdırılmasını istəmişdi. Bu baxımdan S.Əbiyevin ən qatı düşmənin qəfildən müdafiəçisinə çevrilməsi əsaslı suallar yaradıb. Əbiyevə qarşı döyüşən Cəfərli sabiq nazirin yanına muzd müqabilində keçməyib ki?

Hərbi ekspert Üzeyir Cəfərov Avropa.info-ya açıqlamasında məsələyə aydınlıq gətirməyə çalışıb: "Yaşar Cəfərli hazırda ölkə xaricindədir. Dünən axşam onunla danışdım. Bildirdi ki, onu narahat edən əsas məsələ klanlararası mübarizənin alətinə çevrilməsi görüntüsünün yaranmasıdır. Yaşar bəy qeyd etdi ki, kadr dəyişiklikləri ordu üzərində nəzarəti bəzi adamların ələ keçirmək cəhdidir. İstəyirlər ki, Müdafiə Nazirliyi kimi böyük bir dövlət qurumunu insiharda saxlasınlar. Yaşar Cəfərli onu da vurğuladı ki, heç bir mövqe dəyişikliyindən söhbət gedə bilməz. Sadəcə kadr dəyişiklikləri zamanı tələskənlik yolverilməzdir. Onun keçmiş nazirə münasibəti isə qətiyyən dəyişməyib.

Yaşar Cəfərli təkcə Səfər Əbiyev deyil, bütün ordudan təxris olunan və ya istefaya göndərilən hər bir şəxsin hüquqlarını müdafiə etməyə hazırdır. Səfər Əbiyev də nazir vəzifəsindən çıxarılandan sonra həm millət vəkilləri, həm də bir sıra ictimaiyyət nümayəndələri tərəfindən ona qarşı hücumlar başlayıb. Yaşar isə hücuma məruz qalan hər bir şəxsi müdafiə etməyə hazır olduğunu deyir".

"Bunu bəzi dostlarımız mətbuatda tamam başqa rakursdan təqdim etməyə çalışırlar. Yaxın zamanlarda ölkəyə qayıdacaq və bütün məsələlərə tam aydınlıq gətirəcək. Xahiş etdi ki, onun ölkədə olmadığı müddətdə hər hansı anlaşılmamazlıq olarsa, mən ictimaiyyətə düzgün məlumat çatdırım" - deyə Ü.Cəfərli əlavə edib.(musavat.com)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar