NAZİR OĞLU LOBBİ ŞİRKƏTİNƏ 5 MİLYON DOLLAR ÖDƏYİB - Rəsmi məlumat

Anar Məmmədov ABŞ-da pul kisəsinin ağzını açıb

ABŞ Ədliyyə Nazirliyi Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Fabiani & Company” lobbi şirkətinə son illərdə üst-üstə 5 milyon dollar ödədiyini açıqlayıb, qeyri-rəsmi ödənişlər isə bundan bir neçə dəfə çoxdur; 500 nəfərlik ziyafət 0,5 milyon dollara başa gəlib

Xəbər verildiyi kimi, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov ABŞ-ın senator və konqresmenlərini, diplomatlarını və qəzet redaktorlarını, bir sözlə, müftə yeyib-içməyə razı olanları Milli Muzey binasında toplayaraq onlara böyük qonaqlıq verir. Virtualaz.org saytı Vaşinqtonda fəaliyyət göstərən bu lobbi təşkilatına istinadən xəbər verir ki, 500 nəfərin qatılacağı ziyafət oktyabrın 30-da ABŞ paytaxtındakı Milli Muzey binasında keçirilib.

Bu, Azərbaycanın ABŞ-da tanıdılmasına yönəlmiş ikinci illik qala-ziyafətdir. Nazir oğlu ilk ziyafəti ötən il təşkil etmişdi. Azərbaycan-Amerika Alyansının bildirdiyinə görə, budəfəki qala-ziyafətə ABŞ Senatının, Nümayəndələr Palatasının, diplomatik korpusun, düşüncə mərkəzlərinin və akademik qurumların nümayəndələri dəvət alıblar. Ziyafətin açılışını Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov edib. Tədbirdə Azərbaycan musiqisi səslənəib, rəqs nümunələri nümayiş etdirilib, milli Azərbaycan yeməkləri təqdim olunub. Ziyafətə dəvət alanlar arasında senator Riçard Barr, Saksbi Çamblis, Ted Koqan, Roger Uiker, konqresmenlərdən Geyn Grin, Rendy Haltgrin, Robert Aderholt, Korrin Braun, Ualter Cons, Adam Kinzinger, Tim Rayan, Fred Upton, “The Washington Times” qəzetinin redaktoru və prezidenti Larri Bisli, “The Washington Diplomat” qəzetinin baş redaktoru Viktor Çibli, Corc Vaşinqton Universitetinin prezidenti Stiven Knapp, digər biznes və media liderləri yer alır. Ziyafət üçün əsas ərzaqlar və aşpazlar xüsusi təyyarə ilə Bakıdan aparılıb. Menyüdə təbii ki, qara kürü də ön sıralarda yer alır.

Azərbaycan-Amerika Alyansı qala-ziyafətdə xüsusi seçilmiş qonaqlara mükafatlar da paylayıb. Ötənilki qala-ziyafətin iştirakçısı olan mənbə sayta bildirib ki, nazir oğlu həmin tədbirdə pulları sel kimi axıdırdı və ziyafətə milyonlarla dolların xərcləndiyinə şübhə yox idi. Budəfəki ziyafət də ondan geri qalmayıb. Yada salaq ki, Azərbaycan-Amerika Alyansı ABŞ-da Azərbaycanın maraqlarını müdafiə edən lobbi təşkilatı kimi yaradılıb. Lakin təşkilatın maliyyə mənbələri göstərilmir.

Məsələ ilə bağlı məlumatlı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, siyasi hakimiyyətin göstərişi ilə Azərbaycan hakimiyyətinə ABŞ-da lobbiçilik etməyin xərclərini qarşılamaq Məmmədovlar ailəsinə tapşırılıb. Bu ziyafət də bu qəbildən olan layihədir. Ən minimal hesablarla 500 nəfərlik ziyafətin maliyyələşdirilməsi 500 min dollara başa gəlir – bir nəfərin ziyafət xərci 1000 dollardan az deyil. Ancaq ziyafət xərcləri ümumi layihənin yalnız bir komponentidir. Bundan qat-qat çox məbləğ Amerikanın lobbi təşkilatı ilə əlaqələrin qurulmasına və onların maliyyələşməsinə sərf edilib. Buraya qonaqların seçilməsi və dəvət olunması xərcləri də daxildir. Bu da son deyil. Ziyafətdə qonaqlara bahalı hədiyyələrin də paylanmasını da nəzərə alsaq, layihənin minimal dəyərinin on milyonlarla ölçüldüyü bəlli olar.

Mənbə deyir ki, ziyafətin texniki baxımdan təşkilini Azərbaycanın ABŞ-dakı səfirliyi öz üzərinə götürüb. A.Məmmədov yalnız tədbirə maliyyə dəstəyi verib. Təbii ki, ABŞ haqda təsəvvürü məhdud olan A.Məmmədov şəxsən ABŞ-ın siyasi elitası ilə əlaqə qurub belə nəhəng bir tədbir təşkil edə bilməzdi.

“Turan”-ın məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Anar Məmmədovun “Fabiani & Company” lobbi şirkətinə son illərdə üst-üstə 5 milyon dollar ödədiyini açıqlayıb.

Vaşinqtondakı lobbiçilərdən biri adının açıqlanmaması şərtilə “Turan”a bildirib ki, ziyafətə yarım milyon dollar xərclənib. Keçmiş sovet respublikalarından olan müştərilərə əvvəllər də belə ziyafətlər təşkil edən lobbiçi bildirib ki, belə tədbirlər adi ziyafətlərdən xeyli bahalı olur.

“Avtoritar rejimlər tədbirdə yüksək rütbəli rəsmi şəxslərin iştirakı və onlarla şəkil çəkdirmək üçün istənilən məbləği ödəməyə hazırdır”.

Qəzetimizi bilgiləndirən mənbə iddia edir ki, bu dəfə A.Məmmədova daha səxavətli olmaq, bütün qonaqları artıqlaması ilə razı salmaq tapşırılıb. “Fabiani & Company” lobbi şirkətinə ödənilən 5 milyon dollar rəsmi ödənişdir. Bundan qat-qat çox məbləğ isə qeyri-rəsmi xərclənir.

Çünki hazırda Azərbaycanla ABŞ arasında münasibətlər heç də yaxşı deyil. ABŞ Dövlət Departamentinin 9 oktyabr prezident seçkilərinə dair mövqeyi rəsmi Bakının sərt reaksiyalarına səbəb olub. Bakı bu yolla ABŞ-ın mövqeyini bir qədər yumşaltmağa çalışır.(musavat.com)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar