Almaniyada karantin qaydaları yenidən sərtləşdirilə bilər - Video

Hazırda 9 900 aktiv koronavirus daşıyıcısının olduğu Almaniyada yenidən sərtləşdirilmiş karantin rejiminə keçilməsi məsələsi müzakirə olunur.

“Report”un Avropa bürosunun məlumata görə federativ respublikada indiyədək 9 200 nəfər infeksiyanın qurbanı olub.

Ən acınacaqlı vəziyyət isə azərbaycanlıların da kompakt yaşadığı Şimali Reyn-Vestfaliya əyalətindədir. Hazırda bu federal torpaqda aktiv koronavirus daşıyıcılarının sayı 4 mini keçib. Yeni tədris ilinin başlaması isə ən çox valideynləri narahat edir. Çünki Meklenburq-Ön Pomeraniya əyalətində keçən həftə yeni tədris ilinin başlaması ilə məktəblərin birində müəllim və şagirdə koronavirus tapılıb. Bundan sonra məktəb yenidən bağlanıb, şagirdlər evlərində karantinə alınıblar.

Valideynlər hesab edirlər ki, Şimali Reyn-Vestfaliya əyalətində məktəblərdə şagirdlər arasında sosial məsafə, maska və gigiyenik qaydaların gözlənilməsini təmin etmək elə də asan deyil. Bu səbəbdən təhsil ocaqlarındakı Valideynlər Şurası əyalətin Təhsil Nazirliyinə rəsmi müraciət edərək məktəblərin açılmasının bir müddət də təxirə salınmasını istəyiblər. Onlar qeyd ediblər ki, əgər mümkün olmasa, siniflərdə şagird sayı minimuma endirilsin, bir şagird həftədə iki dəfə məktəbə gəlsin, qalan günlərdə evdə onlayn dərslərə qatılsın.

Xatırladaq ki, Almaniyada karantin qaydaları may ayında yüngülləşdirilib. Hazırda koronavirus pandemiyası ilə bağlı 1,5 metrlik sosial məsafə, qapalı məkanlarda maska taxmaq, bir ailədən olmayan iki nəfərdən artıq şəxsin bir yerə toplanmaması kimi karantin qaydaları tətbiq edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar