BMT Livana 50 min ton buğda unu göndərəcək

BMT-nin Dünya Ərzaq Proqramı idarəsi ərzaq çatışmazlığı ilə mübarizə üzrə tədbirlər çərçivəsində Livana 50 min ton buğda unu göndərəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə idarəsi məlumat yayıb.

“Beyrut limanında yerləşən taxıl anbarlarına dəyən zərəri nəzərə alaraq ölkə əhalisinin ərzaq çatışmazlığını aradan qaldırmaq məqsədi ilə Livana 50 min ton buğda unu göndəriləcək”, - deyə idarənin məlumatında bildirilir.

Avqustun 10-da BMT-nin Dünya Ərzaq Proqramı idarəsinin icraçı direktoru Devid Bizli Beyrut limanının fəaliyyətinin iki həftə ərzində bərpa olunmayacağı təqdirdə Livanda çörək qıtlığı yarana biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bir müddət öncə bu ölkəyə göndərilən 17,5 min ton buğda iki həftə ərzində Beyruta çata bilər ki, bu da ölkənin 20 günlük çörək təminatını ödəyə bilər. Bundan başqa, idarənin ərzaqla dolu üç yük təyyarəsinin artıq Livan paytaxtının hava limanına endiyi bildirilir.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Son məlumata görə, insident nəticəsində 154 nəfər həlak olub, 5 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, onlarla şəxs itkin düşüb, 300 min insan isə evlərini itirib. Partlayış ölkənin buğda ehtiyatının 85 faizinin saxlanıldığı anbarları dağıdaraq ərzaq təhlükəsizliyinə böyük zərər vurub.

Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub.

Hazırda Livan idxalatının 75 faizini təmin edən limanın fəaliyyəti tam dayanıb. Partlayışın ölkəyə ən az 3 milyard dollar zərər vurduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar