“RUSİYA BİZİ İŞĞALÇIYLA TƏKBƏTƏK BURAXARSA...” – “Əks halda Azərbaycanda Türkiyə bazaları yaradılmalıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini, Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfərlərini necə qiymətləndirirsiniz? Bəzi partiyalar Azərbaycanda hərbi təlimlərdə iştirak edən Türkiyə hərbçilərinin Azərbaycanda qalması və burada Türkiyə hərbi bazalarının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Bu məsələyə də münasibətinizi bilmək istərdik.

- Birgə hərbi təlimləri çox yüksək qiymətləndirirəm. Bu, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün son dərəcə əhəmiyyətlidir. Bu, həm Ermənistana, həm də regionda marağı olan digər dövlətlərə bir mesajdır ki, Azərbaycan tək deyil. Seçkilərdən sonra yeni seçilmiş Türkiyə və Azərbaycan prezidentlərinin ilk səfərlərini qardaş ölkələrə etməsi artıq ənənə halını alıb və təbiidir. Bu baxımdan, yeni təyin olunmuş xarici işlər nazirinin də ilk səfərini qardaş Türkiyəyə etməsi təsadüfi deyil. Çox istərdim ki, mənim dəfələrlə qaldırdığım və Türkiyə tərəfinin də müdafiə etdiyi şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər məsələsi tezliklə öz həllini tapsın, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq daha yüksək səviyyəyə qaldırılsın. Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasına gəldikdə isə, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Hərbi Doktrina”sının 29-cu bəndinə görə, Azərbaycanda xarici hərbi bazaların yaradılmasına yol verilmir. Yalnız hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud xarici hərbi iştiraka müvəqqəti icazə verilə bilər.

Amma daha üstün hüquqi qüvvəyə malik olan “Azərbaycan Respublikasının Milli Təhlükəsizliyi haqqında” Qanunun 19.4-cü maddəsinə əsasən, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan neytrallıq siyasəti yürüdür və Qoşulmayanlar Hərəkatının üzvüdür. Bu baxımdan, Türkəyənin Azərbaycanda hərbi bazasının yaradılması üçün lik növbədə Azərbaycanın xarici siyasətində və mövcud qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması ideyasına gəldikdə isə, bu məsələyə Qarabağın işğalına son qoyulması prizmasından yanaşmaq lazımdır. Mən düşünürəm ki, Türkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparmalıdır. Ehtiyac olarsa Azərbaycanın ərazi bütövlüyü naminə xarici siyasətdə hansısa güzəştlərə getməyə də hazır olmalıdır. Paralel olaraq, Azərbaycan da Rusiya ilə danışmalı, onları əmin etməliyik ki, onlar Qarabağı işğaldan azad etdiyimiz zaman ermənilərə kömək etməyib bizi işğalçılarla təkbətək buraxarlarsa, biz onların regiondakı maraqlarını qoruyacağıq. Bu, Azərbaycanın Rusiyanın liderliyi ilə yaradılan regional birliklərə qoşulması və ikitərəfli dövlətlərarası müqavilələrlə təsdiq oluna bilər. Azərbaycanın regionda təhlükəsizliyinin təmin olunması üçün müxtəlif ideyalar irəli sürülür və cəmiyyətdə müzakirə olunur.

Belə ideyalardan biri hələ uzun illər bundan öncə mənim tərəfimdən irəli sürülmüşdü ki, regionun təhlükəsizliyi və inkişafı üçün Avropa İttifaqı modelində “Türk-Slavyan Respublikaları İttifaqı” (TSRİ) yaradıla bilər. Bu ittifaqa Türkiyə ilə yanaşı, istəyərlərsə Moldova, Gürcüstan, Ermənistan və Tacikistan da daxil ola bilər. Həm də çalışmalıyıq ki, əhalisinin yarısını azərbaycanlı türklər təşkil edən İran da həmin ittifaqın üzvü olsun. O zaman türklər hansı dövlətdə yaşamalarından asılı olmayaraq, eyni itifaqın vətəndaşları olub, milli və mədəni baxımdan daha sıx inteqrasiya ola bilərlər. Bu ittifaq artıq mövcud olan “Avrasiya İttifaqı”nın genişləndirilməsi və ona yeni məzmun verilməsi yolu ilə də yaradıla bilər. Yeni ittifaq Avropa Birliyi və Çinlə rəqabət aparmaq gücündə olub, dünyada iqtisadi inkişafa və təhlükəsizliyə böyük töhfə verə bilər.

Bu yaxınlarda deputat həmkarım Zahid Oruc belə bir ideya ilə çıxış etmişdi ki, regionda TAR - Türkiyə-Azərbaycan-Rusiya İttifaqının yaradılması Qarabağın azadlığına, regionun inkişafına və təhlükəsizliyinə ciddi töhfə verə bilər. Bundan sonra o, bu və digər fikirlərinə görə mənəvi terrorla üzləşdi. Hər bir fikrə etika çərçivəsində münasibət bildirilməlidir. Hansısa fikirlər həqiqəti əks etdirmədiyi üçün təkzib oluna, milli maraqlara cavab vermədiyi və ya ziyanlı olduğu iddia edilə bilər. Amma çox təəssüf ki, bəzi adamların mədəni səviyyəsi və siyasi dünyagörüşü siyasətlə məşğul olmaq üçün yetərli olmasa da, siyasi həyatımıza soxulub mənəvi terrorla məşğul olular. Rəqiblərinə təhqirlər yağdırmaqla onlar özlərini alçaltsalar da, mənəvi mühüti də korlayıb ölkəmizin gələcəyinə böyük zərbə vururlar. Onları durdurmağın tək yolu isə bütün özünü əxlaqlı siyasətçi hesab edən şəxslərin onları açıq şəkildə pisləmələri və iqtidara gələrlərsə, belələrini məsuliyyətə cəlb etmək üçün çalışacaqlarını bəyan etmələri olmalıdır.

Qayıdaq Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq ideyasına. Əgər Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə, o halda bu barədə xalqımızla açıq danışılmalı və Azərbaycan neytrallıq siyasətindən imtina edib Avroatlantik məkana inteqrasiya yolu tutmalıdır. Bu zaman atılmalı olan ilk addım Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında sazişin imzalanması və NATO-ya üzvlük üçün müraciətin edilməsi, Avropa İttifaqı ilə sıx inteqrasiya siyasətinin yürüdülməsi olmalıdır. Bundan sonra isə Azərbaycan Rusiyanın Çeçenistanda etdiyini edib, torpaqlarımızı işğaldan azad etməlidir. Biz Türkiyənin Rusiya ilə müharibəyə cəlb edilməsinə imkan verməməliyik. Türkiyə bizə hərbi təlimlərdə kömək etməli, müasir silah-sursat satmalıdır. Rusiya hərbçiləri birinci Qarabağ savaşında olduğu kimi Ermənistan tərəfdən açıq formada döyüşə qatılarsa, o zaman qardaş Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaqdır. Son birgə təlimlər həm də bunun anonsu idi.

- Qüdrət bəy “Dövlət İnvestisiya Holdinqi”nin yaradılmasına münasibətiniz necədir?

- Dövlət əmlakından səmərəli istifadə olunması və onun özəlləşdirilməyə hazırlanması üçün belə bir holdinqin, tikinti sektorunun canlandırılması üçün isə “İnşaat Korporasiyası”nın yaradılması mart ayında elan olunmuşdu və mən bunu alqışlamışdım. Təəssüf ki, işlər ləng gedir. Bizim isə çox vaxtımız yoxdur. Dövlət əmlakından səmərəli istifadə etməyin bir yolu var: Dövlət şirkətlərinin bir hissəsi bir neçə yerə bölünərək özəlləşdirilməli, bir hissəsi isə investisiya qoyuluşu qarşılığında özəl şirkətlərə uzun müddətli istifadəyə verilməlidir. Biznesin inkişafı üçün ölkədə sözdə yox, əməldə məmur özbaşınalığına son qoyulmalı, məhkəmələrin səlahiyyətini mənimsəmiş məmur təbəqəsi yenilənməli, bütün hüquqi mübahisələr məhkəmələr vasitəsilə həll olunmalı, məhkəmə qərarlarını icra etməyən vəzifəli şəxslər haqqında cinayət işi başladılmalı və onlar dərhal tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Güclü iqtisadiyyatın yaradılması və korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçün isə güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Yalnız güclü məhkəmə hakimiyyətinin olduğu ölkəyə böyük həcmdə investisiya qoyular, iri pullar ölkədən qaçmaz.

635x100

Şərhlər

SİYASƏT, ya bazlıq 2020-08-16 17:33:52

Buraxarlarsa, lazım gələrsə, siyasətmi....? Bunu BMT həllindən sonra bircə il gözləyib, bu işdə həllsizliyə maraqlı KREMLi və həllə maraqlı Türkiyəni təcrid etmək gərəkdi?

vidadi goyce 2020-08-15 12:38:06

metamorfoza

Türkmən 2020-08-14 10:12:27

...... yəqin yezidi kürddür. ...

TARIX 2020-08-13 09:48:21

Bİ CÜR FİKİRLƏR AZƏRBAYCAN XALQINA XİDMƏT ETMİR.HARDANDIR SİZDƏ BU RUS SEVGİSİ.SƏN YAXŞI BİLİRSƏN Kİ,AZƏRBAYCANIN BÜTÜN BƏLALARININ BAŞINDA RUSİYA DURUR.

Azəri 2020-08-13 00:18:56

Türk ordusunun Azərbaycandan çıxmasını istəyən ermənidir. Anası ermənidir. Qanında düşmən qanı var

Sahib 2020-08-12 23:20:54

Qüdrətlə Zərdüştün fərqi yoxdur.

Türk 2020-08-12 17:40:54

Nədəndir bu rus sevgisi onda.

Bəhram 2020-08-12 14:38:14

Utanc əvəzinə siyasi şouMƏNlik? 26 il işğalçı bir cinayətkar tutulmayıb, silahlanması hə bircə etiraz verilməyib? Münaqişə Azərbaycan-Erməni problemidir və tək-təkə çözülməlidir!??

t.ədalət 2020-08-12 12:56:04

Qüdrət müəllim,işğalçı elə Rusiyadır da.Siz fikirləşirsiniz ki,torpaqlarımızı ermənistan işğal edib?

Türk 2020-08-12 12:26:16

Türk ordusunun Azərbaycandan çıxmasını kim tələb etsə ya dilinə gətirsə həmin adamı o dəqiqə vətən xaini,milli xəyanətkar kimi qəbul etmək lazımdır. Və belə milli satqınlara imkan verməməliyik

Türk 2020-08-12 12:25:01

Türk ordusunun Azərbaycandan çıxmasını kim tələb etsə ya dilinə gətirsə həmin adamı o dəqiqə vətən xaini,milli xəyanətkar kimi qəbul etmək lazımdır. Və belə milli satqınlara imkan verməməliyik

Azər 2020-08-12 12:19:51

Azərbaycanda İnvestisiyaların təşviqi fondu, İnvestisiya şirkəti ,Sənaye korporasiyası və ən əsası isə bu funksiyaları icra etməli olan İqtisadiyyat nazirliyi var. İnvestisiyalarla və özəlləşdirmə ilə düzgün məşğul olunarsa , İqtisadiyyat nazirliyindən başqa ,heç sadalananlara da ehtiyyac yoxdur . Təzədən Holdinq və ya İnşaat korporasiyası yaratmağa ehtiyac yoxdur.

Xalq 2020-08-12 12:16:52

Putinin verdiyi sözə, deyək ki, kişi sözünə inanan siyasətçiyə nə ad vermək olar?

Vahid 2020-08-12 11:58:01

Sözünün canı odur ki,Türk ordusu Azərbaycandan çıxsın. Bu adam həmişə deyib ki,Rus hərbi bazasını Azərbaycana buraxaq. Türkiyənin də həmişə əleyhinə danışıb.

Yengibar 2020-08-12 11:11:17

Bunların çooooooxdan əl-ələ tutub getmələri lazımdır.Belələrin sayəsində Azərbaycan qalıb qum səhraslndakı gəminin günündə.Ay qardaş, bəsdir də, xalq cəhənnəm, özünüz özünüzdən yorulmadınızmı? İmkan verin yeni şüur yiyələri ortaya çıxsın... Zahid Orucun simasından 92-93 cü illər tökülür. İnsan belə başbilələrlə xəcalət çəkir...

Son yazılar