Əvvəl anasına baxıb qızı alırdılar, indi atasının cibinə...

Seymur VERDİZADƏ

Biz çoxdan tanış olsaq da, nadir hallarda görüşürük. Hərdən zəng edib hal-əhval tutur, Azərbaycanda və dünyada baş verən hadisələrə dair primitiv suallar verir. Sovet dövründə ortabab vəzifə tutan, indi isə güclə dolanan adamdır tanışım…

Dünən yenə zəng etmişdi. Hər dəfə təkrarlanan ənənəvi sorğu-sual mərasimindən sonra aramızda belə bir dialoq baş tutdu:

- Bilmirsən, karantin nə vaxt ləğv olunacaq?

- Yumşalma gedir. İnşallah, tezliklə əvvəlki həyatımıza qayıdarıq…

- Səncə, Məhərrəmlikdən sonra toyların keçirilməsinə icazə verəcəklər?

- Yəqin ki, icazə verərlər. Təki, sağlıq olsun. Üç-beş aydan bir şey olmaz.

- Yox, qardaş. Gözləməyə imkan yoxdur.

- Niyə?

- Qız hər dəqiqə əldən çıxa bilər…

Həmin vaxt ağlıma normal fikir gəlmədiyi üçün araya sükut çökdü. Amma jurnalist marağımı gizlədə bilmədim:

- Niyə, ay Firudin? Oğlanla qız bir-birini sevəndən sonra üç ay da gözləyərlər, beş ay da…

Dərhal cavab vermədi. Özlüyündə nəsə götür-qoy edəndən sonra mətləbə keçdi: “Ay qağa, qudamız çox varlı adamdır. Qızı iki ay əvvəl boşansa da, ən azı otuz yerdən elçi düşüblər. Amma qız bizim oğlanı bəyənib. Qorxuram ki, məsələ uzana, qız fikrini dəyişə. Mən bir də belə varlı-karlı kişinin qızını hardan tapacam?”

Bəlkə də 10 il əvvəl olsaydı, Firudini “yaş yuyub, quru sərərdim”. İndi nə mən həmin hövsələsiz adamam, nə də zəmanə həminkidir…

Son bir neçə ildə oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm. Ataları kasıb olduğu üçün gözəl-göyçək, ağıllı-kamallı qızlar vaxtında ailə qura bilmirlər. Ən pisi odur ki, təkcə kasıb oğlanlar varlı qız axtarmırlar. Dərd burasındadır ki, varlı oğlanlar da varlı qız almağa üstünlük verirlər. Azərbaycanda bir-biriylə quda olan neçə-neçə nazir, icra başçısı, polis rəisi, prokuror, iş adamı var. Əvvəllər anasına baxıb qızı alırdılar. İndi atasının vəzifəsinə, cibinə baxıb qız alırlar…

Sevgi azaddır. Qoy hər kəs öz sevdiyilə izdivaca girsin. Mən təmənnalı evliliyin əleyhinəyəm. Mən azad sevgini pula, maşına, evə dəyişməyin əleyhinəyəm. Kişi özü pul qazanmalıdır. Maşını, evi kişi öz puluyla almalıdır. Bu cür düşünən gənclərin sayının azalması, sərvətə və şöhrətə ən asan yolla çatmaq istəyən gənclərin sayının artması məni məyus edir.

Biz uşaq olanda böyüklər deyirdilər ki, sığınmağa kölgə axtarma, özün çinar kimi qollu-budaqlı ol, qoy başqaları sənin kölgənə sığınsın. İndi bir çox atalar çinar vüqarlı oğul böyütmək əvəzinə hansısa “çinar”ın kölgəsinə sığınmağı daha üstün tuturlar. Bir gün o “çinar” kökündən kəsilmiş ağac kimi yerə yıxılanda isə kölgəsinə sığınanlar altında qalıb hamıdan əvvəl xurd-xəşil olurlar…

635x100

Şərhlər

İ.Mustafaoğlu 2020-08-13 14:50:33

Sağ ol Seymur müəllim, təşəkkürlər !

Gülşən 2020-08-13 13:21:05

Adam var ki, çarpayıda arvadını başqa kişi ilə tutub amma yaşamaqda davam edir, ona görə ki, qızın atası kifayət qədər yüksək mövqe tutur, biqeyrətlik, binamusluq baş alıb gedir

Ağayev Ağahüseyn 2020-08-13 07:35:57

Seymur müəllim bütün yazılarının məntiq vəramına ğörə TƏŞƏKKÜR edirəm.

subay)) 2020-08-13 00:12:54

son 5 ilde 15 qapıya rəsmən elçi göndermişem. cvb eynidi ata- anayla eyni evin altına qız vermirik. neyniyek qara yola olsun ta)) yaşlı valideynlermizi atası deyilik ki, arzularınıza çatasız ay qızlar;)

Son yazılar