1988-89-cu İLLƏRDƏ ZİYALILARIMIZ NƏ BARƏDƏ DÜŞÜNÜRDÜLƏR? – Deputat faktlarla yazır...

Etibar Əliyev, Milli Məclisin deputatı

Ziyalı mövzusu yenidən gündəmə gəlib. Sovet İttifaqının dağılmaq ərəfəsində bu titula daha çox müraciətlər olunmağa başladı. Quruluş dəyişirdi...

Dağlıq Qarabağ münaqişəsi Mixail Qorbaçovun məsləhətçisi Abel Aqanbekyanın 1987-ci ilin noyabrında Fransanın “Humanite ” qəzetinə müsahibəsindən sonra alovlandı. A.Aqanbekyan Qarabağ və Naxçıvan haqqında verilmiş suala belə cavab vermişdi: “Mən Qarabağın erməni torpağı olmasını eşitməyə şad olardım. İqtisadçı kimi mən belə hesab edirəm ki, Qarabağ Azərbaycandan çox Ermənistanla bağlıdır. Bu məsələ ilə əlaqədar mən bir təklif vermişəm. İnanıram ki, yenidənqurma, demokratiya şəraitində bu problem öz həllini tapacaq.”

1988-ci ilin fevralın 25-də Azərbaycanın öz ərazisindən soydaşlarımızın ilk qaçqınlıq dalğası başladı. DQMV-nin ərazisində ermənilərin təzyiq və təhqirlərinə tab gətirməyən 540 ailə (təqribən 2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə (təqribən 500-600 nəfər) Ağcabədi rayonuna pənah gətirdi.

Fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi.

Soydaşlarımızın Ermənistandan son deportasiya aksiyası 1989-cu ilin yayında başa çatdı. Bəs, 1988-1989-cu illərdə Azərbaycanın ziyalıları nə işlə məşğul olurdular?

Bu suala cavab vermək üçün 1989-cu ildə çap olunmuş “Aşkarlıq: sözün düzü” adlı kitaba müraciət edirəm. Kitabda Əfrand Daşdəmirovun, Mirzə İbrahimovun, İlyas Əfəndiyevin, Bayram Bayramovun, Elçinin, Anarın, Cəmil Əlibəyovun, Yaşar Qarayevin, Bəkir Nəbiyevin, Famil Mehdinin, Nizaməddin Şəmsizadənin, Sabir Rüstəmxanlının, Qulu Xəlilovun, İsmayil Şıxlının, Əkrəm Əylislinin, Nurəddin Babayevin publisistikası və Nəbi Xəzrinin, Cabir Novruzun, Nəriman Həsənzadənin və başqalarının poeziyası dərc olunub. Kitab boyu soydaşlarımızın dədə-baba yurdundan qovulması, ümumiyyətlə bizi gözləyən amansız erməni təhlükəsi haqqında bir abzasa belə rast gəlmədim.

Bizim üzdə olan yazışı və şairlərimiz, alimlərimiz Dağlıq Qarabağın Azərbaycandan qoparılmasında A.Aqanbekyanın ümid bəslədiyi “yenidənqurma”, “demokratiya”nı məqalə və şeirlərində ifrat dərəcədə vəsf ediblər. Həmçinin böyük titullar qazandıqları “durğunluq” adlandırdıqları dövrü kəskin tənqid atəşinə tutublar.

Əfrand Daşdəmirovun “Yeni təfəkkür yolunda” məqaləsindən: “XX əsrdə Azərbaycan xalqının siyasi tarixinin ən mühüm hadisələri və prosesləri Azərbaycan Kommunist Partiyasının tarixində cəmlənmişdir. Xalqımız, respublikanın bütün vicdanlı əməkçiləri yenidənqurmanı ürəkdən bəyənirlər, onu tamamilə müdafiə edirlər”.

Mirzə İbrahimovun “Mənəvi sərvətlər və vasitələr” məqaləsindən: “M.S.Qorbaçov yoldaş deyir: “İndi heç bir dövlət başçısı, dünya xadimi dünya işlərinə öz milli manəfeyindən çıxış edərək qiymət verə bilməz, başqa xalqların və dövlətlərin də mənafeyini nəzərə almağa borcludur”. Bu sözlər, bu fikirlər sülhsevər insanların ürəyində əks-səda tapır. Bu gün nəinki ölkəmizin daxilində - sovet, partiya və dövlət xadimlərinin, sovet vətəndaşlarının şüurunda əsaslı dönüş, yeni təfəkkür yaranır”.

İlyas Əfəndiyevin “Çovğunlu bir qış günündə” məqaləsindən: “Namusla qeyd edirəm ki, ailəmizin yoxsul vəziyyətə salınması, atamın haqsız olaraq səs hüququndan məhrum edilməsi, sinfi mübarizə adı ilə gecə-gündüz bizə edilən sitəmlər məni inqilaba düşmən edə bilməmişdi. Mən orta məktəbin yuxarı siniflərində Kommunist Partiyasının Manifestini, kapitalizm quruluşunun ədalətsizliyi haqqında Marksın fikirlərini bacardıqca dərindən öyrənməyə cəhd etmişdim”.

Bayram Bayramovun “Hamımızın müqəddəs haqqı” məqaləsindən: “Tərəddüsüz deyirəm ki, “qara qızıl”, “ağ qızıl”, “kəhrəba salxım”, çox böyük ziyanlar da verir. Hələ bir “yaşıl qızıl” da kəşf eləyiblər. Səriştəsiz təsərrüfatçılıq şüarçılıqla əvəz olunandan kəndimizə, torpağımıza çox ziyan dəyib və dəyməkdədir”.

Yazıçı Elçinin “Vətəndaşlıq qayəsi ilə” məqaləsindən: “Biz, mən yazıçıları, jurnalistləri, mədəniyyət xadimlərimizi nəzərdə tuturam, evimizə, uşaqlarımızın evinə, nəvələrimizin evinə, deyək ki, xarici mebel almaqdan ötrü Ticarət Nazirliyində, Azərittifaqda tanış-biliş axtarırıq, ərizələr yazırıq, imtiyazlarımızdan istifadə edirik. “Əldə” isə, yəni “ehtikar bazarı”nda bu mebel həddən artıq bahadır. Nə üçün?”

Yazıçı Anarın “Ləyaqət” məqaləsindən: “Biz - əsarət zəncirini yetmiş ildən də çox bundan qabaq atmış bir ölkənin vətəndaşıyıq. Biz - sinfi, iqtisadi, ictimai bərabərsizliyi aradan qaldırmış, bürokratik məmur ədəb-ərkanına, pul kisəsinin hökmünə, zümrə bölgüsünə son qoymuş bir inqilabın övladlarıyıq. Cəmiyyətin son dərəcə çətin, lakin müzəffər yürüşünün müxtəlif tarixi mərhələləri yeni, dəyanətli, zəhmətsevər, öz layəqətini dərk edən məğrur sovet adamının xarakterini formalaşdırdı”.

Tənqidçi professor Yaşar Qarayevin “Açıq dialoq: partiya-xalq” məqaləsindən: “Qeyri-ixtiyari əlimdəki qəzetin -“Pravda”nın səhifələrinə baxıram. Sütunlardakı sətirlər və başlıqdakı ad arasında əlaqə, həmrəylik bu günlər elə bil daha qabarıq hiss olunur, lap Piterdə inqilabın yenicə qalib gəldiyi, elə bu sütunlarda Leninin dekretlərinin çap edildiyi vaxtlarda olduğu kimi!... Başlıqdakı ad qurultayın gördüyü işin tarixi mənasına, buradakı mənəvi-ideoloji iqlimin məzmununa elə qurultayın özündə verilən dəqiq, obyektiv qiymətdə də iştirak edir: həqiqət fənni, həqiqətin dərsləri.”

Akademik Bəkir Nəbiyevin “Özümüzdən başlayaq” məqaləsindən: “Yazıçıların səkkizinci qurultayı ərəfəsində M.S.Qorbaçov yoldaş SSRİ Ali Sovetinin deputatı olan bir qrup yazıçı ilə görüşmüşdür. O, həyatımızın indiki, yeni mərhələsində başlanmış çox böyük irəliləyişdə insan amilinin fəallığı məsələsini ön plana çəkmiş və göstərmişdir ki, hər şey nəticə etibari ilə insan tərəfindən yaradılır, insandan, onun sosial və əmək fəallığından, vətəndaş yetkinliyindən və mənəvi simasından asılı olur. Odur ki, Vətənimizin tarixində indiyədək görünməmiş bu yeni mərhələyə birinci növbədə insanın özünü, təfəkkürünü, psixologiyasını yenidən qurmaqdan başlamaq lazımdır”.

Professor Nizaməddinin Şəmsizadənin “Unudulmuşlar haqqında üvertura” məqaləsindən: “Müsavatçıların müvəqqəti hakimiyyəti dövründə Azərbaycanda ədəbiyyatın realist ənənələri vəhşicəsinə ayaqlanır. Füzulilər, vaqiflər, axundovlar, sabirlər və böyük rus yazıçıları dərs kitablarından çıxarılır, hətta onların sənətkarlığı da inkar edilirdi”. Bu yekəlikdə böhtan olar?

Əlbəttə ki, bir məqalədə kitabda dərc olunmuş yazılardakı “dəyərli fikir”ləri incələmək qeyri-mümkündür.

Yunan şairi, Nobel mükafatı laureatı Georqos Seferis ölkəsində “qara polkovnik”lərin dövlət çevrilişi etdikləri vaxt ABŞ-da imiş. Ona çevrilişlə bağlı sual veriləndə maraqlı fikir söyləmişdi: “Təhlükəsiz yerdə olduğuma görə ölkəmdə baş verən hadisələri tənqid etməyə haqqım yoxdur.”

Ancaq yaxın tariximizdə Heydər Əliyev nümunəsi də var ki, bunu heç zaman unutmaq olmaz. O, Moskvada, təhlükəli yerdə Azərbaycan nümayəndəliyinə gələrək, Qorbaçovun xalqımıza qarşı etdiyi cinayəti lənətlədi.

Burada, təhlükəsiz yerdə isə Qorbaçovu və onun yenidənqurma siyasətini öyürdülər. Əlbəttə ki, marionet Əbdürrəhman Vəzirovun diqtəsi ilə...

635x100

Şərhlər

t.ədalət 2020-08-14 21:22:04

Etibar Əliyevin bu yazısı çox mətləblərin üstündəki kölgəni götürür.Dünən kommunist partiyasının mövqeyini son anadək qoruyan şəxslərin bu gün xalq şairi və s. adlar alması,deputat seçilməsi elə köhnəxidmətlərin davamıdır.Yazıq Vətən!...... Bu siyahıya Əhməd Əhmədzadənin də adını əlavə etmək olar.Şəmkirdə ! katib işləyən bu adam deportasiya olunmuş ermənistanlıların boşalmış erməni mənzillərində məskunlaşmasına imkan vermirdi.

Ziyalı 2020-08-14 19:26:47

Yaxşı məqalədir. Türklər demiş, axır ki ....

AMIN 2020-08-14 13:48:27

Cənab deputat,həmin illərdə milli münaqişəni qızışdırmaq cinayət sayılırdı.Siz demək istəyirsiniz ki,Azərbayvanda ziyalı olmayıb?

Eli 2020-08-14 13:14:32

Etibar müellim tarixde tek tek kişiler olub ki,ölümden qorxmayıb movcud hakimiyystın sehvlerini hemin hakimiyywtin rehberinin gözünün içine deyib.Tarix bunları tesdiq eyleyer.Bu bele olub,indi de beledir ve bundan sonra da bele olacaq.Ne qeder ki ,milletlerin şüuru lazımı seviyyede deyil.Bunu Siz de öz yazınızla tesdiq edirsiniz

Bashirov Qarib 2020-08-14 10:47:44

Etibar muəllim,sənin də belə yazılarından sitat gətirib, səni də linc edəcəklər....

miri 2020-08-14 10:23:26

....Məhv olmuş iqtisadiyyat, itirilmiş Vətən torpaqlari, didargin düşmüş vətəndaşlar, yaşamaq minimum imkanı əlçatmaz olan uşaqlar.... belə fikirlesilmir.....indi ziyalı adına iddialı olanlar var ikən bundan yaxşı çətin ola. Allah kömək olsun bizim millətə.

Məmmədhəsən 2020-08-14 10:05:24

Əla!!!

Son yazılar