Rza Hacıyev prokurorluqda ifadə verib-"Mardan Palace” otelindəki qətllə bağlı

Baş Prokurorluğun sözçüsü: “İstənilən şəxs çağırılıb şahid qismində dindirilə bilər”

Sabiq polis rəisi Rza Hacıyev prokurorluqda dindirilib. “Yeni Müsavat”a daxil olan məlumata görə R.Hacıyevi Türkiyədə, “Mardan Palace” otelində 24 yaşlı Arzu Zeynalovanı öldürməsi haqda yayılan məlumatlarla bağlı dindiriblər. Hələlik şahid qismində dindirilən sabiq rəisin istintaqa cəlb olunma ehtimalının böyük olduğu da bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bununla ba]l; bildirib ki, ibtidai araşdırma zamanı istintaq zərurəti yarandıqda iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan istənilən şəxs çağırılıb şahid qismində dindirilə bilər: "İstintaq zamanı şahid qismində dindirilən şəxslər barədə məlumatların yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğu hallarda bu barədə məlumatların yayılması cinayət-prosessual qanunvericiliyin tələblərinə görə yolverilməzdir.

Belə ki, qanunvericiliyin tələblərinə görə ibtidai araşdırma məlumatları yalnız müvafiq olaraq müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun icazəsi ilə, ibtidai araşdırmanın maraqlarına zidd olmadığı və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmadığı halda jurnalistlər tərəfindən yayıla bilər”.

Verilən cavabda Rza Hacıyevin istintaqa çağırılaraq dindirilməsi təkzib olunmur.

Məlumat üçün deyək ki, sentyabrın 20-də R.Hacıyevin Türkiyədə bir qadını öldürməsi haqda məlumat yayılıb. Həmin vaxt musavat.com-a etibarlı mənbədən daxil olan məlumatda bildirilirdi ki, Telman İsmayılovun (“AST Telman”-red.) Antalyadakı “Mardan Palase” otelində Rza Hacıyevin tanışı olduğu bildirilən qadının meyiti aşkarlanıb. 24 yaşlı Arzu Zeynalovanın bədənində zorakılıq əlamətləri olub. Məlumatda polis rəisinin qadına həmin xəsarətləri yetirməkdə şübhəli bilindiyi də qeyd olunurdu. Qaynağımız isə iddia edirdi ki, R.Hacıyev qadını döyərək öldürüb. Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib.

O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar. Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.

R.Hacıyev bu xəbərlə bağlı APA-ya açıqlamasında deyilənləri təkzib etmişdi. O, Türkiyədə sonuncu dəfə bu ilin yazında olduğunu demişdi. Sabiq rəis hazırda Bakıda istirahət etdiyini söyləmişdi. Digər bir məlumatda isə R.Hacıyevin öldürdüyü iddia olunan qadının Bakıdakı “Qurd qapı”sı deyilən ərazidə yerləşən qəbiristanlıqda dəfn olunduğu iddia edilirdi. Bildirilirdi ki, A.Zeynalovanın dəfni üçün qəbir yerinin alınmasına sabiq polis rəisi 8 min manat xərcləyib. A.Zeynalova polis rəisi ilə illər əvvəldən tanış olublar və Türkiyəyə istirahətə birgə gediblər. Oradan A.Zeynalovanın meyiti gətirilib.

Mövzuya qayıdacağıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar