Ölkə siyasəti növbəti beş ildə

Əslində hər hansı ciddi siyasi dəyişiklərin baş verməsi üçün ya ölkəni idarə edən siyasi komanda, ya da ölkənin siyasi reallıqları dəyişməlidir.

Oktyabrın 9-da keçirilmiş prezident seçkilərindən sonra bunların heç biri baş vermədi-prezident də olduğu kimi qaldı, onun başçılıq etdiyi hökumət də.

Düzdür, hökumətdə bir-iki dəyişiklik oldu, amma bu dəyişikliklər ümumi fonu təzələmək iqtidarında deyil.

Hətta hakim partiyanın öz ideoloqları da bu faktı inkar edə bilmədilər və hökumətin əsasən dəyişməməsi faktını siyasətdə «varislik məsələsi» kimi abstrakt bir yanaşma ilə izah etməyə cəhd göstərdilər.

Ona görə də İ. Əliyevin növbəti prezidentlik müddətində hansı dəyişikliklərin baş verəcəyini söyləmək bir qədər çətindir. Həm də ona görə ki, İ. Əliyev öz siyasətini belə bir tezis üzərində qurur ki, guya ölkədə əsas işlər görülüb və bundan sonra baş verənlər sadəcə onların davamı olacaq.

Amma bu, nə qədər reallığı əks etdirir? Həm H. Əliyevin siyasi dünyagörüşü ucbatından, həm də ölkənin o vaxtkı reallıqları və rastlaşdığı çətinliklər baxımından ilk on il avtoritar dövlətin qurulmasına sərf edildi.

İ.Əliyev də hakimiyyətə gələndən sonra bu kursa dəyişiklik etmədi, ölkədəki idarəçilik üsulları, əksinə daha da avtoritarlaşdı. Məsələ bundadır ki, bir siyasi fiqur kimi H.Əliyev öz oğlundan daha güclü idi, ona görə də o, nisbətən mürəkkəb situasiyaları da idarə edə bilirdi. H.Əliyev müxalifətə və mediaya daha çox sərbəstlik verirdi. Bu gün bunu hətta ən kəskin müxalifət mövqeyində olanlar belə etiraf edirlər.

​Amma İ. Əliyev belə deyil, o mürəkkəb situasiyaları idarə edə bilmir. Elə bu səbəbdən təsadüfi deyil ki, onun hakimiyyəti vaxtı avtoritarlaşma tendensiyası daha qabarıq görünməyə başladı.

Yazının əvvəlini dəyişikliklərdən başladıq və hökumətin də adını çəkdik. Bu gün hökumətə nəzər salanda görürsən ki, bütün güj nazirlikləri polis sistemindən gəlib. Bu təsadüfdürmü?

Güman etmirik. Düşünürük ki, güc nazirlikləri qarşısına qoyulan vəzifələr əsas etibarilə eynidir və onlar daha çox mövcud siyasi sistemi qorumaqla məşğuldurlar.

Siyasi sistemin özünə gələndə isə bu gün onun transformasiyasını şərtləndirən ciddi amillər yoxdur. Hakimiyyətlərin isə bir ümumi xüsusiyyəti var: onlar qarşılarında maneə görməyəndə bir az da səlahiyyətlərini artırmağa çalışırlar.

MÜXALİFƏT ÜNSİYYƏTƏ HAZIRDIR, AMMA…

Təəssüf ki, ölkə müxalifəti də seçkidən yeni bir atmosfer yaradaraq çıxa bilmədi. Milli Şuranın prezidentliyə namizədi bacardığından da çox etdi və kifayət qədər yüksək formada təbliğat qura bildi.

Amma cəmiyyətin reaksiyasını qiymətləndirmək, onun son seçkiyə əsl münasibətini aydınlaşdırmaq olduqca çətindir.

Yalnız onu demək olar ki, müxalifətin bu seçkidə keçirdiyi aksiyalar hətta onların özlərinin bir neçə il bundan əvvəl, məsələn, 2003-cü ildə keçirdikləri aksiyalardan güclü ola bilmədi.

Müxtəsər desək, ölkə daxilində siyasi reallıqlar dəyişmədi. Hakim siyasi qüvvə seçki zamanı öz qarşısında güclü cəmiyyət və həm də güclü müxalifət hiss edə bilmədi. Əgər hiss etsəydi, öz siyasətinə korrektələr edərdi.

Bəzən deyirlər ki, cəmiyyət kifayət qədər etiraz edir, amma hakimiyyət bununla hesablaşmır. Nə demək olar? Azərbaycan indi nə Türkmənistan deyil, nə də Özbəkistan.

Elə cəmiyyətin də, müxalifətin də birgə səyi ona gətirib çıxarır ki, hakimiyyət hətta istəsə də, Azərbaycanı adı çəkilən ölkələrlə eyniləşdirə bilmir.

Bundan artığını etməyə hakimiyyətin istəyi, cəmiyyətin isə gücü yoxdur.

Seçkidən sonra müxalifətdən hakimiyyətə yönəlik bir neçə ismarış səsləndi. Onlar öz prinsiplərində qalmaq şərtilə hakim siyasi qüvvə ilə ünsiyyətə hazır olduqlarını bildirirlər.

Amma bu çağırışlar eşidilmir, çünki hakimiyyət yalnız güclə hesablaşır. Qarşı tərəfdə isə yetərincə güc yoxdur.

Beynəlxalq reallıqlar da az rol oynamır. Elə müxalifətə az-çox güc verən də məhz bu reallıqlardır. Dünya dəyişir. Amma bu dəyişikliklər bir ölkənin, xüsusən də bir cəmiyyətin tempi ilə heç də həmişə sinxron olmur.

Üstəlik, beynəlxalq ictimaiyyətin səylərinə adekvat ictimai reaksiya olmayanda effekt birə on azalır. İndi Azərbaycandakı son seçki ilə bağlı bir beynəlxalq təşkilatlar və dövlətlər, bir də müxalifət nəsə deyir. Cəmiyyətin böyük əksəriyyəti isə özünü elə aparır ki, sanki bu ölkədə heç bir seçki olmayıb.

Belə olan təqdirdə ölkədə hansısa dəyişiklik baş verə bilərmi? Çox nadir hallarda hakimiyyətlər özləri özlərini məhdudlaşdırmağa gedirlər. Tarixdə az da olsa, belələri olub. Amma Azərbaycanın bəxtinə belə bir hakimiyyət düşməyib.

Ona görə də hər şey cəmiyyətin özündən gəlməlidir. Cəmiyyət isə susur…

(azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar