Helsinki hava limanında koronavirusu aşkarlamağın yeni üsulunu tapıblar

Helsinki Beynəlxalq Hava Limanında sərnişinlər arasında COVID-19-a yoluxanları aşkarlamaq işi itlərə həvalə olunub.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, hökumətin tətbiq etdiyi pilot layihə çərçivəsində hava limanında dörd xüsusi iyləyici it fəaliyyətə başlayıb.

Xaricdən gələn sərnişinlərə kiçik əski təqdim edərək boyunlarını yüngülcə silməyi təklif edir, sonra həmin əskiləri ayrıca otaqda qaba qoyur və itə iylədirlər. Virus aşkarlandıqda it bunu hürməklə, yerə yatmaqla, yaxud eşmə hərəkətləri etməklə bildirir. Həmin sərnişinə rəyi təsdiqləmək üçün PCR testindən keçmək tövsiyə olunur.

Helsinki Universitetində keçirilən ilkin sınaqlar zamanı daha əvvəl xərçəng, yaxud şəkərli diabet kimi xəstəlikləri aşkarlamaq üçün cəlb olunmuş itlər koronavirusu da 100 faizədək dəqiqliklə, hətta xəstədə əlamətlər üzə çıxmasından bir neçə gün əvvəl təyin etməyi bacarıblar. Həmçinin koronavirusu laboratoriyada aşkarlamaq üçün 18 milyon molekul tələb olunursa, it bunu cəmi 10-100 molekul vasitəsilə də təyin edə bilir.

Helsinki Universitetinin əməkdaşı Anna Hielm-Byörkman bildirib ki, it koronavirusun olub-olmamasını 10 saniyə ərzində təyin edir, bütövlükdə isə proses bir dəqiqədən az vaxt aparır. Ekspertin fikrincə, bu üsuldan xəstəxanalarda, qulluq evlərində, idman və mədəni tədbirlər zamanı da istifadə oluna bilər.

Yerli rəsmilərə görə, son 4 ay ərzində həyata keçirilən pilot layihə 300 min avroya başa gəlib ki, bu da laboratoriya vasitəsilə aparılan sınaq üsullarına nisbətən xeyli azdır. Hazırda bu məqsədlə 16 itin təlim keçdiyi bildirilir.

Bu istiqamətdə layihələr Avstraliya, Fransa, Böyük Britaniya, Almaniya kimi ölkələrdə də həyata keçirilir. Ötən ay Dubay Beynəlxalq Hava Limanında da bənzər sınaqlara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar