Vilnüs sammitinin bəyannamə layihəsi bəlli oldu

Bəyannamədə Avropa İttifaqı - Ermənistan münasibətlərinə aid hissə isə boş buraxılıb

Avropa İttifaqının Vilnüs sammiti bəyannaməsinin "Azadlıq" radiosuna bəlli olmuş layihəsində Şərq Tərəfdaşlığının üzvü olan 6 ölkənin Avropa «istəkləri» bir daha vurğulanır, hərçənd bu da bildirilir ki, Minsk, «Belarus vətəndaş cəmiyyəti» barədə ifadələrin sənəddən çıxarılmasını istəyib. Bəyannamədə Avropa İttifaqı - Ermənistan münasibətlərinə aid hissə isə boş buraxılıb.

Bəyannamənin yekun mətninin Şərq Tərəfdaşlığının Litva paytaxtında, noyabrın 28-29-da keçiriləcək sammitində Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna rəsmiləri tərəfindən qəbul ediləcəyi gözlənilir. Bu bəyannamə həm indiyədək əldə edilmiş nailiyyətləri göstərməli, həm də 2015-ci ildə keçiriləcək növbəti sammitə qədər görüləcək işlər üçün çərçivə sənədi olmalıdır.

TƏRƏFDAŞ QONŞULARIN STATUSU

Bəyannamə layihəsinin üzərində daha çox müzakirələr getmiş paraqrafı 6 tərəfdaş ölkənin Avropa İttifaqı ilə münasibətlərinin statusuna aiddir. Hazırkı layihədə deyilir ki, «sammit hər bir üzv ölkənin Avropa İttifaqı ilə münasibətlərdə öz istəklərinin formasını və son məqsədini seçmək kimi suveren hüququnu tanıyır». Bu isə o deməkdir ki, Şərq qonşuları Avropa İttifaqı ilə münasibətlərində Brüssellə müqavilənin 8-ci maddəsinə əsasən «tərəfdaş» kimi qala və ya öz Avropa istəklərini həmin müqavilənin 49-cu maddəsinə əsasən davam etdirə bilərlər.

«Avropa istəkləri» ifadəsi Şərq Tərəfdaşlığının bundan əvvəlki 2011-ci il Varşava sammitində qəbul edilmiş bəyannamədəki formuluna oxşardır, lakin Avropa İttifaqının genişlənməsinə tərəfdar olan ittifaq üzvlərinin arzu etdiyindən daha zəif müddəadır.

Bu ölkələr Şərq Tərəfdaşlığı ölkələrinə də Qərbi Balkan ölkələrinə aid edilən «Avropa perspektivi» formulunun şamil edilməsini istəyirlər. Bu formul tərəfdaş ölkələrin bir gün Avropa İttifaqının üzvü olacağını nəzərdə tutur, hərçənd bunun üçün dəqiq vaxt təyin etmir.

Layihədə olan formulun dəyişdiriləcəyinə ümid yoxdur, belə ki, əsas etibarilə Fransa kimi bir sıra ittifaq üzvləri tərəfdaşlıq ölkələri üçün gələcək üzvlüyü nəzərdə tutan heç nə vəd etmək istəmirlər.

BRÜSSEL BAKI İLƏ DANIŞIQLARA HAZIRDIR

Bəyannamə layihəsinin mötərizədə yazılmış paraqrafında Ukrayna ilə Assosiasiya Sazişinin, habelə Dərin və Hərtərəfli Azad Ticarət Zonası (Deep and Comprehensive Free Trade Areas - DCFTA) paktının, Gürcüstan və Moldova ilə isə həmin sazişlərin niyyət protokollarının imzalanması salamlanır.

Assosiasiya Sazişinə dair Azərbaycanla aparılan danışıqlardakı tərəqqi də salamlanır və qeyd olunur ki, Brüssel bu ölkə ilə DCFTA sazişi barədə danışıqların başlanmasına hazırdır.

Yerevan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmaq niyyətində olduğunu elan etdiyinə görə, bəyannamə layihəsində Ermənistana aid hələlik heç bir formul yoxdur. Avropa İttifaqı diplomatları bildiriblər ki, əvəzində Ermənistanla gələcək əməkdaşlığa dair anlaşma memorandumu imzalana bilər.

MİNSK «XALQ» SÖZÜNÜ İSTƏMİR

Minsk, bəyannamə mətnində «Belarus cəmiyyəti»nə aid bütün ifadələrin çıxarılmasını istəyir. Bu paraqraflardan birində deyilirdi ki, Avropa İttifaqı özünün Belarus cəmiyyəti ilə əlaqələrini Brüsseldə 2012-ci ildə qəbul olunmuş «modernləşmə» haqda xüsusi dialoq çərçivəsində genişləndirib və Belarus xalqını dəstəkləmək məqsədilə Belarus hakimiyyəti ilə danışıqlara ümid edir.

Minsk həmçinin Belarusla imzalana biləcək mümkün viza sazişinin «bütövlükdə əhalinin xeyrinə ola biləcəyi» barədə müddəanın layihədən çıxarılmasını istəyib.

Çox güman ki, Avropa İttifaqı üzvləri belə dəyişikliklərə qarşı çıxacaqlar, lakin beş tərəfdaş ölkə Belarusun istəyini dəstəklədiyini bildirib.

Bəyannamə layihəsinin viza bölümündə Moldovaya aid hissə də boş buraxılıb. Avropa İttifaqı tələbələr və biznes adamları üçün viza rejimini liberallaşdıracaq təkliflərə hazırdır, lakin Kişinyovun istədiyi şəkildə genişmiqyaslı viza liberallaşmasına çətin ki, razı olsun.

DONDURULMUŞ MÜNAQİŞƏLƏR

Bəyannamədə tərəfdaş ölkələrin ərazilərindəki dondurulmuş münaqişələr barədə çox az yazılıb, lakin Gürcüstan sənədə üzv ölkələrin Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının tam şəkildə icra edilməsini dəstəklədikləri barədə müddəanın daxil edilməsini istəyib. Tbilisi həmçinin tərəfdaş ölkələrin Cenevrə danışıqlarına dəstəyinin qeyd olunmasını istəyir.

Çox güman ki, Moldova da bəyannamə mətninə Dnestryanı əyalət barədə buna bənzər hər hansı müddəanın daxil edilməsini istəyə bilər. Ermənistan və Azərbaycanın dondurulmuş Dağlıq Qarabağ münaqişəsi barədə əlavələrinin olub-olmayacağı hələlik bilinmir.

Bəyannamə layihəsi hazırda Avropa İttifaqının diplomatları və 6 tərəfdaş ölkənin rəsmiləri arasında müzakirə edilir və ilkin olaraq Avropa İttifaqı səfirlərinin noyabrın ortalarında keçiriləcək görüşündə qəbul edilməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar