Orxan Zeynalov ekspertizadan keçəcək

Prokurorluq «Rus marşı»nın əsas təşkilatçısına xəbərdarlıq etdi

Azərbaycanlılara 4 noyabr xəbərdarlığı: “Moskva küçələrinə çıxmayın!”

Rusiyada Yeqor Serbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalova qarşı həbsxanada heç bir təzyiq yoxdur. Bunu, O.Zeynalovun vəkili Viktor Anikuşkin deyib. Onun sözlərinə görə, onun üzərindəki döyülmə əlamətləri ekspertizadan keçiriləcək.

Rusiya Prokurorluğu isə noyabrın 4-də Moskva şəhərində keçirilməsi planlaşdırılan «Rus marşı»nın əsas təşkilatçısı olan «Ruslar» Birliyinin lideri Dmitri Dyomuşkinə xəbərdarlıq məktubu göndərib. Baş prokurorluq orqanı paytaxtın Maryino rayonunda keçiriləcək «Rus marşı» mitinq-yürüşün əvvəlcədən planlaşdırılmış şərtlər çərçivəsində təşkil olunmasını tələb edir. Belə ki, Moskva hökuməti ilə razılaşdırıldığı kimi, Milli Birlik Gününə həsr olunan bu aksiyaya minlərlə insanın qatılacağı gözlənilir. Mövcud qanunvericiliyin və ictimai asayişin pozulmaması məqsədilə D.Dyomuşkina əvvəlcədən xəbərdarlıq edilib. Ümumilikdə isə, noyabrın 4-də Moskva şəhəri ərazisində 10 müxtəlif tədbirin keçirilməsi planlaşdırılır(APA). Qeyd edək ki, milliyyətçilər “Rus marşı”na 30 min insan cəlb etmək niyyətindədirlər. Lakin hakimiyyət aksiya iştirakçılarının 15 mini keçməməsini tələb edir. “Ruslar” İctimai Birliyinin lideri Dmitri Demuşkin bir neçə gün əvvəl açıqlama verərək bu tələblə razılaşmayacağını bildirib: “Moskvanın cənub-şərq dairəsinin prefekturası təkid edir ki, aksiyada 15 min insan iştirak etsin. Mən bununla razılaşmadım və prokurorluqdan ekstremist hərəkətlərinin yolverilməzliyi barədə xəbərdarlıq aldım». Onun sözlərinə görə, təşkilatçı kimi, cərimələnsə belə, insanların aksiyaya buraxılmamasına yol verməyəcək.

Həmin gün irinovskinin sədri olduğu LDPR isə Puşkin meydanında 5 min nəfərin iştirakı ilə mitinq keçirəcəyini elan edib. Gün ərzində metronun “2 Oktyabr meydanı” stansiyasının qarşısında Romanovlar sülaləsinin 400 illiyi ilə bağlı aksiya da təşkil olunacaq.

Moskvadakı azərbaycanlılar narahatdılar

Moskvadakı Azərbaycan diaspor təşkilatları Rusiyada işləyən azərbaycanlıları noyabrın 4-də mümkün qədər küçələrə çıxmamağa çağırıb. Bu barədə modern.az-a Moskvadakı soydaşlarımız məlumat veriblər. Noyabrın 4-də Moskvada keçiriləcək “Rus marşı”ında təxribatların baş verəcəyindən narahat olan diaspor təşkilatları belə halların olmaması üçün soydaşlarımıza müraciət ediblər. Orxan Zeynalovla bağlı hadisədən sonra əsas hədəfə düşən azərbaycanlı miqrantlar rus millətçilərinin də iştirak edəcəyi bu marşla bağlı ciddi narahatlıq keçirirlər. “Hazırda bazarlarda, kafelərdə və digər yerlərdə işləyən azərbaycanlılar narahatlıq içərisindədirlər. Onlar son günlər Moskvada baş qaldırmış millətçi dalğanın bu mitinqdə fəsadlar verəcəyindən qorxurlar”, -deyə soydaşlarımızdan biri vurğulayıb.

Qafqazlılarla yerli sakinlər arasında növbəti dava

Dünən Moskvada kafelərdən birində qafqazlılarla yerli sakinlər arasında növbəti dava olub(anspress). Məlumata görə, kütləvi davada 3 nəfər bıçaqlanıb. Yerli polis idarəsindən bildiriblər ki, hadisə səhər saat 05:00 radələrində Volkov küçəsində baş verib. Qafqazlılar kafeyə gələn iki şəxsi və bir kafe əməkdaşını bıçaqlayıb, sonra isə gizləniblər. Yol polisi Leninqrad küçəsində hadisədə şübhəli bilinən şəxsləri saxlayıb.

Rusiya Orxan Zeynalova görə beynəlxalq məhkəməyə verilə bilər

«Əgər Orxan Zeynalovun əməlində cinayət tərkibi sübut olunmasa, o zaman Azərbaycan Rusiya qarşısında daha ciddi məsələlər qaldıra bilər». Bunu Rusiyada yaşayan Türkdilli Xalqlara Dəstək Fondunun Bakı nümayəndəsi Mirkazım Seyidov deyib(avropainfo). Onun sözlərinə görə, əgər O.Zeynalovun əməlində cinayət tərkibi varsa o, layiqli cəza almalıdır: “Amma bu sübut olunmazsa, o zaman Rusiyanı beynəlxalq məhkəməyə vermək və məsələyə beynəlxalq səviyyədə cavab verilməsi tələbi qoyula bilər. Azərbaycan diaspor təşkilatları da bu qeyri-qanuni hərəkətlərə qarşı dövlətin cavab verməsini tələb etməlidirlər». Diaspor nümayəndəsinin fikrincə, yaranmış mövcud durum həm Azərbaycan dövləti, həm də diaspor təşkilatlarımızın gələcək fəaliyyəti ilə bağlı yeni bir situasiya yaradıb və onları yeni addımlar atmağa vadar edir: "Bunun üçün ilk olaraq birləşib yaşadığımız ölkədə bütün qarşılıqlı ittihamları, umu-küsüləri kənara qoyub bir mütəşəkkil vahid siyai qüvvəyə çevrilməliyik. Siyasi qüvvəyə çevrilməklə niyyətimiz heç də başqa məqsəd güdmək deyil. Sadəcə olaraq yaşadığımız ölkədə soydaşlarımızın hüquqlarını qorumaqdır. Bax, bu məqsədlə də biz vahid siyasi qüvvəyə çevrilməliyik və belə olduqda biz hüquqlarımızı qoruya bilərik. Bununla da bizə qarşı olan təzyiqlər zamanı beynəlxalq aləmi özümüzə cəlb edə bilərik”.

Rusiyada vəziyyət paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsindən sonra qarışıb. Qətl yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed” Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov isə oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmədə bu ifadəni təzyiq altında verdiyini bildirib və ittihamları rədd edib. Srağagün isə vəkili onun günahını qismən etiraf etdiyini bildirib. Vəkil deyib ki, müdafiəçisi olduğu şəxs bunu qətl saymır. O.Zeynalov hadisə zamanı özünü müdafiə etdiyini söyləyib: “Hər şey söz atmaqdan başlayıb, zərərçəkən Zeynalovu təhrik edib, bundan sonra o, Şerbakovu vurmağa başlayıb”.

Şerbakovun sevgilisi Kseniya Popova isə O.Zeynalovun qətli necə törətdiyini gördüyünü iddia edir. Artıq o, şahid qismində istintaq hərəkətində iştirak edib. K.Popova oktyabrın 31-də Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə gedib və Orxan Zeynalovun Y.Şerbakovun ürəyinə bıçaq zərbəsini necə vurduğunu müstəntiqlərə təsvir edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar