RAMİZ MEHDİYEV-SABİR RÜSTƏMXANLI DAVASI BAŞLADI - Hesablaşma

Hakimiyyətin "seçki proyektində" iştirakdan imtina etdiyi və neytral mövqe tutduğu üçün Sabir Rüstəmxanlı ilə də haqq-hesab çəkməyə başlayıblar

Millət vəkili Prezident Administrasiyasını nişan verdi və mesaj göndərdi: "Heç kimin qarşısında boyun əymək fikrim yoxdur”

Son dövrlər bəzi mətbauat orqanlarında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, yazıçı Sabir Rüstəmxanlıya qarşı total kampaniyanın aparılması müşahidə olunurdu. Noyabrın 1-də Milli Məclisin üzvü Sabir Rüstəmxanlı ona qarşı hücumlarla bağlı məqalə ilə çıxış edib. “Mənə küçüklər hürür” başlıqlı məqalədə müəllifin sərt tonu sonadək davam edir: “Son vaxtlarda Prezident Administrasiyasına hansı deşiklərdən keçib gəldiyini hamının bildiyi, amma hansı keyfiyyətinə görə gətirildiyini heç kimin bilmədiyi və bilməyəcəyi bəzi məmurların başçılıq etdiyi saytlarda mənim haqqımda bir neçə təhqiramiz yazı yerləşdirilmişdir. Bu yazıların üslubu məni təəccübləndirmir. Hərə öz mühitinin, öz ailəsinin tərbiyəsi ilə, öz alışdığı dillə danışır. Nə görürlər, onu da götürürlər. Ağla qaranın sərhəddinin itdiyi, yaxşıyla pisin fərqinin bilinmədiyi, millətə üzqaralığı gətirməyin - millətə xidmətdən yüksək tutulduğu, oğurluğun, soyğunçuluğun, mənəviyyatsızlığın, vətəndaşa saymazyana münasibətin adi hal aldığı bir mühitdən çıxanlardan başqa yazı tərzi, normal dialoq əxlaqı gözləmək sadəlövhlük olardı. Cins öz yerində durur. Nə qədər təlim keç, ağzını açan kimi "a... a" deyə anqıracaq. Bu yazıların müəllifi də məni təəccübləndirmir. Çünki belələrini kim “saxlayırsa”, ona qulluq edir; kimin üstünə qısqırdırlarsa, onun üstünə cumurlar.

Məni hədəf seçmələri də başadüşüləndir. Bu, xüsusi bir layihədir: Gərək ölkədə abırlı adam qalmasın, hamını öz günlərinə salsınlar ki, rahat nəfəs alsınlar... Mən də belələrinin cavabını çoxdan vermişəm: “Taleyim Bakı küləyidir, mənə doğru tüpürmək istəyənlərin tüpürcəyini öz üzünə yaxır”.

Göründüyü kimi, Rüstəmxanlı ona qarşı hücumların özfəaliyyət olmadığını, təşkil edildiyini bildirib. Həm də Prezident Administrasiyasından. Rüstəmxanlı eyni zamanda yalnız onun özünə qarşı mətbuatda aparılan kampaniyanın deyil, qardaşı Şahbaz Xuduoğluya məxsus “Qanun” Nəşrlər Evində başlanan vergi yoxlamalarının da sifarışli olduğunu bildirib. “Yeni Müsavat”ın sualını cavablandıran Sabir Rüstəmxanlı Şahbaz Xuduoğludan fərqli olaraq məsələnin siyasi mahiyyətini qabardıb: “Mənə hücum da ”Qanun"a basqın da eyni mərkəzdən idarə olunur. Mən artıq buna vərdiş eləmişəm. Qanunda qurumlara vergi yoxlamaları ilə bağlı dəqiq qaydalar var. Ancaq bu qaydalar “Qanun” Nəşrlər Evinə tətbiq olunmur. Ölkədə adı yasaq olan bir müəllifin kitabı çıxan kimi o dəqiqə “Qanun”dan şübhələnirlər. Mənim, rəhbərlik etdiyim “Vətəndaş Həmrəyliyi” Partiyasının işində hansısa bir addım kiminsə xoşuna gəlməyəndə “Qanun” qaralanır. Bu o deməkdir ki, bizim bütün nəslimizin, mənim təmsil etdiyim böyük bir sülalənin əlində nə bir dükanı, nə bir kiçik şirkəti olmamalıdır. Kitaba bağlı olduğumuz üçün mənim qardaşımın nəzarət elədiyi bir nəşriyyat var. Orada imkansız, köçkün ailədən, elə bizim ailədən nə qədər işsiz adam var. Yığışıb ölkəyə gərək olan kitabları çap eləyirlər. Bura nəşriyyatdır - orda kitab çap edirlər. Mən anlamıram ki, burada nə axtarırlar. Ora faktiki hücum olub, bilgisayarları götürüb aparıblar. Hələ bilmək olmaz, o bilgisayarda hansı əməliyyatlar eləyəcəklər. Azərbaycanda belə yoxlama sistemi yoxdur. İcazə ilə, sənədlə-sübutla gələrlər, sənədləri tələb edərlər, yoxlama apararlar. Bu nə düşmən münasibətdi? Bu nəşriyyatdakılar vəzifə sahiblərinin çoxunun qohum-əqrəbaları kimi bəlkə qaçaqmalçılıqla məşğuldurlar? Bəlkə narkotik ilə məşğuldurlar? Bəlkə qanunsuz tikinti ilə məşğuldurlar? Bəlkə ölkə iqtisadiyyatına böyük zərbə vururlar? Kitab nəşri mədəniyyət sahəsidir. Buna bir mədəni yanaşmaq forması olmalıdır. Heç rüşvət üstündə tutulanlara belə basqın etmirlər".

Sabir Rüstəmxanlı deyir ki, məsələ ilə bağlı prezidentə müraciət edəcək: “Qanunlara bu qədər sayğısızlıq olar? Yəqin ki, mən bununla bağlı prezidentə müraciət edəcəyəm. Mən dilə gətirmək istəmirəm. Ancaq biz bu ölkə üçün müəyyən xidməti olan insanlarıq. Dünən yox, sırağagün ortaya çıxanlar, Azərbaycanın taleyindən xəbəri olmayanlar, Azərbaycanda, xaricdə böyük sərvət sahibi olanlar, qitələrarası şirkətlərlə, xarici banklarda milyardları olanlar bizə hücum edirlər. Hər halda bu ölkədə kimsə papağını qabağına qoyub dərindən fikirləşər ki, axı biz bu ailədən nə istəyirik? O zaman da biz qərarımızı verərik ki, bu ölkədə yaşamalıyıq, yoxsa yaşamalı deyilik. Mənim sülaləmdə o qədər işsiz var. 3-4 nəfərin işi var, istəyirlər onların da işini əllərindən alsınlar. Hamını ac-yalavac görmək bu nazirlərə, söz sahiblərinə bu qədər xoşdur və elə hesab edirlər, bununla işləri rahat olacaq, ölkənin vəziyyəti düzələcək, onda qoy eləsinlər. Heç kimin qarşısında boyun əymək fikrim yoxdur”.

Dünən axşam Elnur Aslanova bağlı olduğu iddia edilən bir sıra saytlarda Sabir Rüstəmxanlıya cavab kimi bir video yayılıb. Musavat.com-un məlumatına görə, Orada VHP-nin funksioneri Samir Əsədlinin Milli Şuranın son mitinqindəki çıxışı yer alıb. Cəmil Həsənliyə “cənab prezident”, - deyə xitab edən S.Əsədli iqtidarın ünvanına kəskin tənqidi fikirlər söyləyir.

Bu videonu yayan gün.az saytı iddia edir ki, Milli Şuranın son mitinqində lentə alınmış bu kadrlar “Sabir Rüstəmxanlının siyasi riyakarlığını ifşa edir”.

Sayt hesab edir ki, bu, S.Rüstəmxanlının xüsusi layihəsidir və birbaşa prezidentə qarşı yönələn siyasi addımdır. Yazının başlığı da maraq doğurur - “Sabir Rüstəmxanlının partiyası Prezidentə qarşı-Videofakt”. Materialın sonunda isə S.Rüstəmxanlı “hələ bunların ardı var...”, deyə, hədələnir.

Qeyd edək k, Şahbaz Xuduoğlu da qardaşına qarşı hücumlarda Elnur Aslanova bağlı media qurumlarının aktiv rol aldığını bildirib:“Bir neçə gündür Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanova bağlı media qurumları Sabir Rüstəmxanlıya yönəlik yalan, böhtan dolu yazılar verir. Eynulla Fətullayevin əlindəki media qurumları da bu prosesə qoşulub. Buna çox təəssüf edirəm. Çünki Eynullaya ilk dəfə Azərbaycanda mən iş vermişəm, mən onu böyütmüşəm, mən onu əsgər yola salmışam. Ancaq təəssüf ki, indi o, bu fəaliyyətlə məşğuldur və elədiyim bütün yaxşılıqlara onun cavabı budur. Məndə olan informasiyaya görə, bütün bunların təşkilatçısı Elnur Aslanovdur. Onun da kim olduğunu Azərbaycanda yaxşı bilirlər. O sıradan prezident də bilir, onun ətrafı da yaxşı bilir”.

Ancaq hucumun miqyası və S.Rüstəmxanlının məqaləsindəki fikirləri məsələnin arxasında Elnur Aslanovun dayandığına şübhə yaradır. Elnur Aslanov bu kampaniyada olsa-olsa icraçı ola bilər.

Daha açıq desək, S.Rüstəmxanlının ona və ailə üzvlərinə qarşı başlanan hücumların Prezident Administrasiyasından idarə olunduğunu bildirməsi bunun arxasında Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin dayandığını söyləməyə əsas verir. Hər halda nə Elnur Aslanov, nə də başqa biri Sabir Rüstəmxanlı səviyyəsində bir şəxsə özbaşına hücum təşkil edə bilməz. Ən yüksək səviyyədə razılıq olmadan buna hakimiyyət daxilindən nə kimsə çəsarət edə bilər, nə də kimsə bunu təşkil etmək iqtdarındadır.

Digər tərəfdən S.Rüstəmxanlı ölkədə həm iqtidar, həm də müxalifət düşərgəsinin, eləcə də medianın böyük hörmət bəslədiyi ziyalılarımızdandır. Bu baxımdan S.Rüstəmxanlını hədəfə almaq kiminsə şəxsi təşəbbüsü də ola bilməz. Ən əsası S.Rüstəmxanlının hədəfə götürülməsi ilə eyni vaxtda, Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşının onun qardaşına aid “Qanun” Nəşrlər Evinə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədini və avadanlığını, o sıradan bilgisayarları aparması hörmətli ziyalımıza hücum yüksək səviyyədə sanksiyalaşdırıldığını göstərir.

Sabir Rüstəmxanlının məsələ ilə bağlı prezidentə müraciət edəcəyini bildirməsi ilə dövlət başcısı İlham Əliyevin bu hücumdan xəbəsiz olması deməkdir. Ən azı Sabir Rüstəmxanlı belə düşünür. Azərbaycanda isə bu cür məsələləri İlham Əliyevdən icazəsiz yalnız Ramiz Mehdiyevin sanksiyalaşdırmaq iqdidarında olduğunu yəqin ki, bilməyən yoxdu. İllah da ki, bu şəxs Rüstəmxanlının dediyi kimi Prezident Administrasiyasındadırsa...

Sabir Rüstəmxanlının hədəfə götürülməsinin, həm də bunun seçkidən sonra baş verməsi isə bu hücumun səbəbi barədə müəyyən mülhizə yürütməyə imkan verir. Əlbəttə ki, burada əsas səbəb kimi Rüstəmxanlının özünün, qardaşlarının və patiyasının 9 oktyabr prezident seçkilərində tutduğu mövqe olduğu şübhə doğurmur. Hakimiyyət üçün həyatı əhəmiyyət daşıyan bu seçkidə Sabir Rüstəmxanlı demək olar ki, neytral mövqe tutdu. Hakimiyyətin "seçki proyektlərində" iştirak etməməklə yanaşı, Milli Şuraya, onun namizədi Cəmil Həsənliyə qarşı Prezident Administrasiyasından idarə olunan "ifşaedici" kampaniyaya da qatılmadı.

"AzPolitika.info"-ya daxil olan məlumata görə, buna cəhd edilsə də, Sabir Rüstəmxanlı qəti şəkildə rədd edib. Elə Rüstəmxanlının ittiham dolu məqaləsindəki bir abzas da bunu təsdiqləyir: "Başa düşmürlər ki, bizlər əlimizə qələm alandan bu millətin vəkili olmuşuq və milli təəssübkeşliyi, dövlət marağını vəzifəyə, Məclisdə olub-olmamağımıza dəyişən adamlardan deyilik. Bunların təsəvvüründə mənim son iyirmi beş ildə üzdə olmağım, millət vəkili seçilməyim, kitablarımı yazaraq, cəmiyyətdə mövqeyimi saxlayaraq, ən müxtəlif mühitlərdə sözümü deməyim çoxüzlülükdür. Niyə gəlib-gedən dəstələrin arasında, hakimiyyət uğrunda savaşlarda məhv olmamış, sıradan çıxmamışam. Onları əsəbləşdirən göz önündə olan və hər gün yeni səhifəsi açılan cinayətlərinə bizim şərik olmamağımızdır. Bu adamlar cəmiyyəti davamlı olaraq gah o qütbə, gah bu qütbə dartmaqdan başqa, xalqı iki yerə bölüb üz-üzə qoymaqdan başqa yol bilmirlər. Müxalifətdəsənsə, iqtidarla "salam-əleyk"i kəsməlisən və ya tərsinə. Ölkədəki gedişatı dünya siyasəti fonunda səbrlə təhlil edib, yeni problemlər yarada bilən artıq münaqişələrədən yayınaraq, iqtidar-müxalifət münasibətlərini düşmənçiliyə çevirmədən yaşamaq istəyimiz onlara sərf etmir. Bizi də özlərinə qoşmaq istəyirlər ki, xalqın qarşısına çıxmağa üzümüz olmasın".

Seçki ərəfəsində mİllət vəkilinin şəxsi bloqunda Milli Şuranın prezidentliyə namizədi, professor Cəmil Həsənli barədə yazdığı "Alim və vətəndaş fədakarlığı" adlə məqalənın yayılmasının isə hakimiyyətdəki məlum qurupu Rüstəmxanlıya qarşı daha da aqressivləşdirdiyi şübhə doğurmur. Bura VHP funksionerlərinin Milli Şura üzvü olmalarını, o cümlədən S.Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin professor Cəmil Həsənlini açıq mətnlə müdafiə etməsi və “Mən İlham Əliyevdən yorulmuşam”, başlığı ilə müsahibə verməsini də əlavə etsək, Mehdiyev qrupunun qəzəbinin səbəbi tam aydınlaşar.

"Bizimlə deyilsənsə, düşmənimizsən" tezisini özlərinin başlıca fəaliyyət istiqaməti secən "könhə qvardiya" təmsilçilələri seçkidən sonra REAL HAKİMİYYƏTİ ələ keçirdiklərindən, onlarla işbirliyindən imtina edən hər kəs kimi, Sabir Rüstəmxanlı ilə də haqq-hesab çəkməyə başlayıblar.

Ancaq görünən budur ki, Sabir Rüstəmxanlı da sadəcə müdafiə olunmaq niyyətində deyil. Hər halda onun yuxarıda adını çəkdiyimiz "Mənə küçüklər hürür” başlıqlı məqaləsindəki fikirləri belə söyləməyə əsas verir. Millət vəkili ad çəkməsə də, kim(lər)i nəzərdə tutduğu açıq-aydın bilinir. O da bilinir ki, Sabir Rüstəmxanlı Mehdiyevin atdığı əlcəyi götürüb- DAVA BAŞLAYIB.

Buna əmin olmaq üçün Rüstəmxanlının məqaləindən götürdüyümüz yaznın girişindəki və aşağıdakı sitatları oxumaq kifayətdir:

-"Sözü gedən saytlar ortaya heç bir dəlil-sübut qoymadan məni "xain, satqın, agent, yunan allahı kimi çoxüzlü" adlandırırlar. Yəni qanlarına işləmiş rus dilində onların mahiyyətinə aid, əsillərinə-nəsillərinə yaraşan nə qədər murdar söz varsa, əndərirlər mənim başıma.

Yadıma Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimlinin ona böhtan atanlara cavabından bir cümlə düşür: “Üstümə dünyanın bütün çaylarını axıtsalar da, mən lil altda qalmaram”. Mən də belələrinin cavabını çoxdan vermişəm: “Taleyim Bakı küləyidir, mənə doğru tüpürmək istəyənlərin tüpürcəyini öz üzünə yaxır”. "

-"...Biz Azərbaycan türklüyünün böyüklüyündən danışanda, bunlar "nə türkbazlıqdır" deyə milləti təhqir edirlər. Gizli və açıq tapşırıqlar verirlər ki, mətbuatdan, kitablardan türk kəlmələri yığışdırılsın. Mən ömrümün ən gözəl illərini dövlət müstəqilliyi uğrunda mübarizəyə verəndə, onların böyükləri rusun ayaqqabısını yalaya-yalaya Moskvadan ayrılamaq istəmirdilər. İndi mənim adımı qəsdən Zori Balayanın adı ilə yanaşı çəkirlər. Çünki vaxtikən bunların mənəvi bənzəri olan Zori Balayanın sayıqlamalarını alt-üst edən kitab yazmışdım... Mən milli mədəniyyətimizi, ana dilimizi təbliğ edəndə, bunlar Bakıda yenidən rus məktəblərinin sayını artırmağa çalışır, yetimləri ilə rusca qırıldaşır, mətbuatı, televiziyaları mənəvi dəyərlərimizə qarşı yönəldirlər."

-"...Bunlara qalsa, Azərbaycanda türk sözünü, millət, ləyaqət, ədalət, haqq sözünü dilinə alan adam qalmamalıdır, hamı qoyun sürüsünə dönüb bunların ardınca getməlidir. Anlamırlar ki, bu millətin özü müəyyən şərtləri nəzərə alıb susar, amma onu zorla susdurmaq olmaz. Bu millətin gəncliyi tərbiyəsinə qısılıb gözləyər, ancaq tərbiyəsiz gənc məmurun antimilli sifəti üzə çıxanda, dünyanı ayağının altına alar."

-"...Onları əsəbləşdirən göz önündə olan və hər gün yeni səhifəsi açılan cinayətlərinə bizim şərik olmamağımızdır. Bu adamlar cəmiyyəti davamlı olaraq gah o qütbə, gah bu qütbə dartmaqdan başqa, xalqı iki yerə bölüb üz-üzə qoymaqdan başqa yol bilmirlər. Müxalifətdəsənsə, iqtidarla "salam-əleyk"i kəsməlisən və ya tərsinə. Ölkədəki gedişatı dünya siyasəti fonunda səbrlə təhlil edib, yeni problemlər yarada bilən artıq münaqişələrədən yayınaraq, iqtidar-müxalifət münasibətlərini düşmənçiliyə çevirmədən yaşamaq istəyimiz onlara sərf etmir. Bizi də özlərinə qoşmaq istəyirlər ki, xalqın qarşısına çıxmağa üzümüz olmasın."

-"...Bizim seçkilərə münasibətimiz məntəqə, dairə və MSK-dakı nümayəndələrimiz tərəfindən rəsmiləşdirilib. Lakin məhz bu sayt sifarişçilərinin prezidentə "ayı xidməti" seçkilərlə bağlı beynəlxalq təşkilatlarda çoxlu suallar yaratdı və ölkəni bəzi problemlərlə üz-üzə qoydu...".

Məqalədən gətirdiyimiz sitatlardakı son cümlə fikrimizcə, Rüstəmxanlının ittihamlarının kimə yönəldiyini açıq göstərir...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar