İDARƏÇİLİKDƏ YENİ QURUM – Xüsusi nümayəndələr işğaldan azad edilən bölgələri necə idarə edəcək?

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri yaradılır. Yanvarın 19-da bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Həmin sənədə əsasən, onlara Prezidentin vəzifəyə təyin, vəzifədən azad etdiyi və birbaşa dövlət başçısına tabe olan xüsusi nümayəndələr rəhbərlik edəcək. Sənəddə bu, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin sürətləndirilməsi, dövlət orqanlarının, digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə izah edilib.

Yanvarın 18–də Prezident Azərbaycan Televiziyasına müsahibədə azad edilmiş torpaqlarda hər şeyin planlı şəkildə, düzgün aparılmalı olduğunu söyləmişdi: "Azad olunan bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları". İ.Əliyev qeyd edib ki, ölkənin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir: "Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür... Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik". Ölkə başçısı sonrada demişdi: "Hər kəs bunu bilsin, heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var".

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc "Turan" agentliyinə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə fərqli idarəetmə siyasətinin tətbiq olunmasına gerçəkdən zərurət var: "Çünki bu, dünyada analogiyası olmayan hadisədir. Əgər siz İkinci Cahan Savaşından sonrakı vəziyyəti analiz etmək istəsəniz... Bir tərəfə Sovetlər Birliyi müharibə nəticəsində sahib durmuşdu, onu "Demokratik Almaniya" adlandırıb qurmuşdu və o idarəçiliyin ideoloji şəklini qoruyub saxlayırdı. İkinci tərəfə isə "Marşal planı" tətbiq edildi və "Federativ Almaniya" adı ilə bərpa olundu. 30 il ərzində bütün infrastrukturun məhv edilməsi, ondan sonra təkrar orada həyatın bərqərar olunması hadisəsi demək olar ki, bu gün yoxdur".

Deputata görə, Azərbaycanda həmin ərazilərdə elə idarəetmə forması tətbiq olunmalıdır ki, bir tərəfdən bütün həyata keçirilən siyasətə nəzarəti təmin etsin, o biri yandan çeviklik olsun: "Üçüncüsü, ictimai-sosial ədalət orada bərqərar olunsun və yeni-yeni çağırışlara adekvat, yerindəcə cavab verə bilsin. Açıq demək lazımdır ki, həmin rayonların icra hakimiyyətlərinin bunları həyata keçirəcəyinə inam çox aşağı idi".

Z.Orucun vurğulamasına görə, Azərbaycan dövlətinin on illər ərzində fədakarlığı idi ki, bütün o rayonları siyasi, inzibati idarəetmə vahidi kimi ləğv etmədi: "Maliyyə yükünə qatlaşaraq hər hansı birləşdirməyə getmədən onların mövcudluğunu qorudu. Ancaq ictimai etibarın aşağı olması fonunda həmin 7 rayona (üstəgəl Şuşaya) böyük qayıdış, quruculuq və inteqrasiya təmin olunmalıdır".

Z.Oruc qeyd edib ki, bəzi adamların fikrincə, bu, konkret olaraq bir neçə rayonda müvafiq icra hakimiyyəti sisteminə müəyyən qədər etibarın aşağı olması deməkdir: "Bu mülahizələrin qarşısını almaq mümkün deyil. Sosial Tədqiqatlar Mərkəzi kimi icra hakimiyyətləri ilə bağlı sorğular apararkən bunlara münasibətin çox aşağı olduğunu görmüşük".

Z.Oruc sonra deyib: "Hazırkı Qarabağ ətrafı ərazilərə və Şuşaya, o cümlədən qarşıdakı dövrdə BMT-nin Qaçqınlar üzrə Komissarlığı vasitəsilə digər ərazilərimizə - Xankəndinə, Xocavəndin digər ərazilərinə, Xocalıya insanlarımızın qayıdışı zamanı mütləq burada dövlət başçısı ilə vətəndaş arasında çevik əlaqə mexanizmlərinə ehtiyac olacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

Moshu 2021-01-21 05:58:37

Yaxşı, bunu qandıq, bəs bu nümayəndələr kimlərdir? Yenə kimlərinsə adamları olacaq?

Xalq 2021-01-20 23:29:21

sən heç bir yeni fikir söyləmədin, yeni fikir söyləyənlər gəlməlidir

Son yazılar