3 TON HEROİN İŞİNDƏ ŞOK - Baş nazirin müavininin BMT-yə müraciətinin pərdəarxası

Bu gün iyulun 11-də Gürcüstan ərazisində tutulan 3 ton heroin işilə bağlı sensasiyalı sayıla biləcək bir məlumat yayılıb. Belə ki, rəsmi Bakının Azərbaycan ərazisindən külli miqdarda narkotik vasitələrin tranzit olaraq keçirilməsi ilə bağlı Gürcüstanda aparılan cinayət işinin təhqiqatına beynəlxalq ekspertlərin cəlb edilməsi üçün BMT-yə müraciət etdiyi məlum olub.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında bildiriblər ki, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və həmin narkotik maddənin Azərbaycan ərazisindən tranzit olaraq keçirildiyi barədə məlumat yayıb. “Hazırda bu məsələ ilə əlaqədar Gürcüstanda cinayət işi açılıb və istintaq aparılır.

Prosedur qaydalarına görə, Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən, sözügedən məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə köməklik göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuri Fedotova müraciət ünvanlayıb.

Araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcək" - deyə Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Çox nadir hallarda açıqlama ilə çıxış edən Nazirlər Kabinetinin mətbuat xidmətinin belə bir məlumat yayması, təbii ki, maraq doğurmaya bilməz. Sözügedən faktın üzərindən 3 ay keçdikdən sonra Azərbaycan hökumətinin bu məsələni yenidən gündəmə gətirməsi, hadisənin beynəlxalq səviyyədə araşdırılmasını istəməsi müəyyən suallar doğurur. Rəsmi Bakı nədən belə bir araşdırmaya ehtiyac duyur və ya bunda maraqlı olduğunu göstərməyə çalışır?

Bu sualın cavabına keçməzdən öncə xatırladaq ki, bu il iyul ayının 11-də Gürcüstan polisi yük maşınında üç ton maye heroin aparan iki nəfəri saxladığı barədə məlumat yayıb. DİN bu qədər böyük miqdarda narkotikin tutulmasını “presedentsiz hadisə” adlandırıb. Müəyyən edilib ki, iki Gürcüstan vətəndaşı Azərbaycandan Türkiyəyə gedirmiş. Avtomobilə baxış zamanı 30 litrlik 93 qabda maye narkotik aşkarlanıb. Kriminalistlərin məlumatına görə, narkotik maddənin 80 faizi xalis heroindən ibarətdir. Onun bazar qiyməti 100 milyonlarla dollar təşkil edir.

Beynəlxalq aləmin diqqətini cəlb edən bu hadisənin üzərindən xeyli vaxt keçsə də, Azərbaycan hökuməti, o cümlədən Dövlət Gömrük Komitəsi və Sərhəd Xidməti 3 ton heroinin Azərbaycan sərhədindən necə keçdiyinə dair ictimaiyyəti inandıra biləcək izahat verməyiblər. Hadisədən 1 gün sonra narkotik maddənin Gürcüstan ərazisinə Ermənistandan keçirildiyi haqda məlumat dövriyyəyə buraxılsa da, Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bu məlumatı təkzib etdi və “malın” Azərbaycan vasitəsilə ölkəyə gətirildiyini bir daha bəyan etdi.

Bundan sonra təxminən 150 milyon dollar dəyərində olan heroinin Gürcüstanda tutulması əməliyyatından Azərbaycan tərəfinin məlumatlı olduğu barədə xəbərlər yaydırıldı. Hətta iddia edildi ki, Gürcüstanın daxili işlər naziri əməliyyatdan Azərbaycan tərəfinin məlumatlı olduğunu bildirib. Yəni, guya Azərbaycan “mal”ı əməliyyat çərçivəsində sərhəddən buraxıb. Ancaq bu məlumat da təsdiqini tapmadı. Nazirlər Kabinetinin mətbuat xidmətinin yuxarıda qeyd etdiyimiz açıqlaması da təsdiqlədi ki, Azərbaycan tərəfinin bu əməliyyatdan ümumiyyətlə xəbəri olmayıb.

İndisə qayıdaq yuxarıda qoyduğumuz suala: Azərbaycan rəsmiləri, o cümlədən hüquq-mühafizə orqanları 3 aydan artıq 3 ton heroin işi ilə bağlı susmaqda davam etdiyi bir halda, baş nazirin müavininin BMT-nin müvafiq qurumuna belə bir məktub göndərməsi nə ilə bağlıdır?

Bu haqda dəqiq bilgilərimiz olmasa da, əldə olunan məlumatlara əsaslanaraq 2-3 ehtimal üzərində dayanmaq olar.

Birincisi, rəsmi Bakı Gürcüstan tərəfinin bir ucu dünya səviyyəsində narkoticarəti idarə edənlərə bağlı olan bu işin istintaqını tam şəkildə apara biləcək, cinayətin bütün iştirakçılarını ortaya cıxaracaq imkanlara malik olduğuna inanmır.

İkincisi, Azərbaycan hökuməti Gürcüstan tərəfinin bu işi obyektiv aparacağına ümid etmir.

Üçüncüsü, rəsmi Baki istintaqın Azərbaycan hökumətinin əleyhinə cevriləcəyindən ehtiyatlanır və ya bu haqda müəyyən bilgilər əldə etdiyindən, belə bir açıqlama ilə çıxış etməyə ehtiyac duyub. Yəni, qabaqcadan istintaqın hərtərəfli aparılmasında özünün də maraqlı olduğunu nümayiş etdirir və ya bunu nümayiş etdirməyə çalışır...

Qeyd edək ki, rəsmi Bakının beynəlxalq ekspertləri bu işə cəlb etmək üçün ilk 2 ehtimala əsaslandığı Əli Həsənovun BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuri Fedotova müraciətində də öz əksini tapıb. Səbəb kimi “sözügedən məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ” göstərilib.

Ancaq Azərbaycan hökumətinin belə bir müraciətlə çıxış etməsinin səbəbinin bizim qeyd etdiyimiz 3-cü ehtimalla bağlı olması da istisna deyil. Hətta daha inandırıcıdır.

Məsələ ondadır ki, məlum hadisədən bir müddət sonra “Azadlıq” qəzeti 3 ton heroinin tutulması əməliyyatını Amerika kəşfiyyatının Gürcüstan hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi xəbərini yaymışdı. Hətta bu məlumatda iddia edilirdi ki, heroinin Azərbaycan ərazisində hərəkəti, o cümlədən MƏXFI BİR YERDƏ SAFLAŞDIRILMASI ƏMƏLİYYATI ABŞ kəşfiyyatı tərəfindən lentə də alınıb…

Həmin vaxt hökumətə yaxın mənbələrdən “AzPolitika.info”-ya daxil olan məlumatlarda bildirilirdi ki, bu informasiya hakimiyyət daxilində də cox ciddi narahatçılığa səbəb olub. Rəsmi Bakı bəzi dairələrin bu hadisədən Azərbaycan hakimiyyətinin əleyhinə istifadə etmək, hökuməti beynəlxalq narkomafiya ilə bağlamaq niyyətindən narahat olub. Ona görə də, 3 ton heroinin Azərbaycan ərazisinə necə daxil olması və çıxarılması ilə bağlı genişmiqyaslı, ancaq məxfi istintaqın aparılması barədə hüquq-mühafizə orqanlarına tapşırıq verilib.

AzPolitika.info”-ya verilən məlumatda həmçinin qeyd edilirdi ki, bununla əlaqədar onlarla adam istintaqa cəlb edilib, xeyli saxlanılanlar olub. Yollarda quraşdırılmış müşahidə kameralarının incələnməsindən sonra “yük” Azərbaycan ərazisinə daxil olandan sonra onu müşaiyyət edən avtomobillər müəyyənləşdirilərək kimlərə məxsus olduğu aydınlaşdırılıb, kamera görüntüləri sayəsində içindəki şəxslər saxlanılıb. Bundan başqa telefon siqnalları və danışıqların təhlili də ciddi ipucları verib. Gömrük sənədlərinin araşdırılması zamanı məlum olub ki, yükün ümumi dəyəri cəmi 5 min dollar göstərilib, lakin qəribədir ki, 5 min dollarlıq “mal”a görə 8 min dollar “rüsum” alınıb…

Elə bir qədər əvvəl Astara Gömrük-Keçid Məntəqəsinin qaçaqmalçılıq şöbəsində çalışan 4 məmurun işdən çıxarılmasının da bununla bağlı olduğu bildirilir. Xatırladaq ki, bu haqda musavat.com-a məlumat verən mənbə işdən çıxarılan gömrükçülərin məhz Gürcüstanda saxlanılan 3 ton heroin, ardınca da Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanılan 60 kiloqram heroin əməliyyatlarının qurbanı olduqlarını iddia edib. Bildirib ki, gömrükçülər məsuliyyətsizlikdə təqsirli bilinərək gömrük sistemindən kənarlaşdırılıblar: “Bu əməliyyatı ört-basdır etmək üçün Astara gömrüyü ”günah keçi”si axtarıb tapıb. Gürcüstanda saxlanılan 3 ton heroinin məhz bu məntəqədən Azərbaycana keçməsi barədə məlumatlar var. Gürcüstandakı əməliyyat ictimailəşəndən sonra Astara gömrüyünə qarşı yuxarı dairələrdən ciddi təzyiq olub, gömrük rəisi Hikmət Məmmədovdan haqq-hesab sorulub, bu işin necə baş verməsinin izahatı tələb edilib.

Gömrük rəisi də təcili Astara gömrüyündə araşdırmalara başlayıb, 3 ton heroinin keçməsində müqəssirlər ortaya çıxarılıb. Nəticədə 4 gömrükçü işindən uzaqlaşdırılıb. Amma bu, elə böyük miqyaslı işdir ki, 4 gömrükçünün səlahiyyətləri çərçivəsinə sığmır. Onları işdən “gözə kül üfürmək” üçün uzaqlaşdırıblar.

Qeyd edək ki, “AzPolitika.info”-ya verilən məlumatda o da bildirilirdi ki, istintaq qrupu üzvləri, eyni zamanda Gömrük Komitəsinin rəhbər şəxsləri bu işlə bağlı Gürcüstanda ezamiyyətə göndəriliblər.

Ancaq indi Əli Həsənovun məktubundan belə məlum olur ki, Gürcüstan Daxili İşlər Nazirliyi bu işlə bağlı Azərbaycan tərəfinə məlumat verməkdən, istintaq materiallarını bölüşməkdən imtina edib.

Bu faktın rəsmi Bakının narahatlığını daha da artırdığı istisna deyil. Mümkündür ki, Azərbaycan hökuməti artıq 3 ton heroin işi ilə bağlı istintaqın onun üçün arzuolunmaz istiqamətdə aparıldığını təxmin edib. Elə buna görə də, belə bir müraciət hazırlayaraq, onu ictimailəşdirməyə ehtiyac duyub.

Bunun Gürcüstanda aparılan istintaqın nəticəsinə təsirinin olub-olmayacağını, Azərbaycanın müraciətinə hansı cavabın veriləcəyini əlbəttə, zaman göstərəcək. Ancaq proseslərin gedişi 3 ton heroin işi ilə bağlı Azərbaycan hökumətini yüksək rütbəli məmurlardan kim(lər)i isə “qurban” vermək məcburiyyətində qoya bilər. Kimi?

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar