RUSİYA RUBLU “SƏRBƏST ÜZMƏYƏ” BURAXIR – “55 milyard dollar sərf etməsinə baxmayaraq...”

İsveçrənin ”Le Temps” qəzeti Rusiyada rublun kəskin ucuzlaşması ilə bağlı maraqlı məqalə dərc edib. AzPolitika.info mövzunun aktuallığını nəzərə alaraq, “Neft qiymətinin aşağı düşməsi Rusiyanı sanksiyalardan da güclü vurur” sərlövhəli məqalənin tərcüməsini təqdim edir.

İyun ayından düşməyə başlayan neft qiymətləri Moskvanı qəzəblə dişlərini bərk-bərk sıxmağa məcbur edir. Məsələ ondadır ki, dövlət büdcəsinə vergilərdən yığılan pulun yarısından çoxu karbohidrogenlərin ixracından gələn maliyyədən asılıdır. Rusiyanın özü də qara qızılın ucuzlaşması üçün müəyyən dərəcədə rol oynayıb. Beləki, Rusiya bu ilin sentyabr ayında postsovet dövründən indiyədək rekord həddə - gün ərzində 10,61 milyon barel neft çıxarmağa başlayıb. Brent markalı neftin bir barelinin 89 dollara düşməsi Rusiya büdcəsinin balansını pozub və nəticədə isə rus valyutası olan rubl aşağıya doğru yuvarlanır. İkinci nəticə kapital axınıdır. Rusiya Mərkəzi Bankının proqnozuna görə, bu məbləğ 2014-cü ildə 100 milyard dollar təşkil edəcək. Rusiyaya pul yatırmamaq arzusu bu ölkədə işgüzarlıq və siyasi iqlimin korlanması ilə əlaqədar olsa da, neftin qiymətinin düşməsi də mövcud durumu kəskinləşdirir. Bütün bu faktlar rus iqtisadiyyatını ləngidəcək və o, yeni ilin başlarından öz yerindən güclə tərpənə biləcək səviyyəyə qədər geriləyəcək. Mütəxəssislərin bədbin proqnozlarına görə, yeni ildə bu ölkənin iqtisadi artım tempi 0,5% -dən yuxarı olmayacaq.

Artıq beş həftədir ki, rubl dayanmadan dəyərdən düşməkdə davam edir. Bu, neftin qiymətinin azalması və Rusiyaya qarşı maliyyə sanksiyalarının tətbiqi sayəsində böyük banklarının Qərb kreditlərinə yolunun qapanması nəticəsində baş verir. Bir ay ərzində Rusiya valyutası 7% və yanvardan indiyədək isə 20% -dən artıq dəyər itirib. Rublu möhkəmləndirmək məqsədi ilə Rusiya Mərkəzi Bankının il ərzində 55 milyard dollar sərf etməsinə baxmayaraq, onun aşağa düşüşünün qarşısını saxlaya bilməyib. Bu gün Mərkəzi Bankın valyuta ehtiyyatı 454 milyard dollardır. Prinsip etibarı ilə, Mərkəzi Bank 2015-ci ilin yanvarında rublu “sərbəst üzməyə” buraxacaq, yəni onlar öz valyutalarını dollar və avro sərhədləri “koridorunda”müdafiədən imtina edəcəklər. Bütün müdaxilələr yalnız maliyyə sisteminin stabilliyinin müdafiəsi ilə məhdudlaşacaq. Bir çox mütəxəssis rus valyutasının “sərbəst üzməyə” başladığı ilk günlərdən kəskin zəifləyəcəyi fikrindədirlər.

Bazarın bir hissəsi rublun üzərindəki yükün azaldılması üçün Mərkəzi Bankın yenidən maliyyələşdirilməsi planı çərçıvəsində uçot dərəcələrinin 0,5% yüksəldiləcəyini gözləyir. Amma bu tədbir də xarici valyuta əldə etmək istəyini azaltmaq üçün yetərli deyil. Bu ilin sonuna kimi Rusiya şirkətləri xarici kreditorlara 47 milyard dollar ödəməlidirlər. Sanksiyalar ucbatından beynəlxalq kreditlərdən məhrum olmuş özəl şirkətlərə yalnız Mərkəzi Bank yardım edə bilər. Hətta maliyyə naziri Anton Siluanov nəzəri baxımdan müstəqil olan Mərkəzi Banka bir neçə tövsiyyə də verib. Bu barədə o bildirib: ”Biz hesab edirik ki, indiki şəraitdə, yəni neftin qiymətinin aşağı düşdüyü və ölkədən xeyli kapital axınının baş verdiyi bir vaxtda Mərkəzi Bankın öz qızıl valyuta ehtiyyatını sürətlə xərcləməməsi üçün valyuta kursuna daha çox yığcamlıq gətirilməlidir”. Nazirin fikrinə görə, hazırdakı başlıca məqsəd rublun kursunun proqnozlaşdırılmasıdır. Rusiya Mərkəzi Bankı öz sərəncamında olan xeyli valyuta ehtiyyatı ilə yanaşı daha iki mühüm göstərici ilə də öyünə bilər. Bunlar müsbət xarici ticarət saldosu və dövlət borcunun çox aşağı səviyyədə olmasıdır.

Ancaq hər necə olsa da, bütün bunlar rusiyalılar üçün zəif təsəllidir. Onlar bu ilin yanvarından qiymətlərin 10% yüksəlişi ilə qarşılaşıblar. Ölkə əhalisinin 30%-i dövlət sektorunda işləyir (polislər, hərbçilər, məmurlar, tibb işçiləri, müəllimlər və sair). Rusiyalılar nəzərəçarpacaq inflyasiya fonunda məvaciblərin azaldılması və ya dondurulması ilə qarşılaşırlar ki, bu da onların alıcılıq qabiliyyətinə ciddi zərbə vurur. Bunlar hələ ən qorxulusu deyil. Gələn ilin əvvəlindən daha 300 min rusiyalı həyat səviyyəsinə görə yoxsulluq həddinin altına düşəcək. Hazırda isə bu göstərici ümümən 20 milyon nəfərə çatır.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar