Arturun yaşıdı

Srağagün Gürcüstanın yeni baş nazirinin kim olacağı açıqlanıb. Bu, hazırki daxili işlər naziri Irakli Qaribaşvili imiş. Əlbəttə, deyə bilərsiniz, Gürcüstandan, Qaribaşvilidən bizə nə?

Amma məsələ burasındadır ki, həmin bu Qaribaşvilinin vur-tut 31 yaşı var, o, 1982-ci il təvəllüdlüdür. Bizdə isə onun yaşıdları azad seçki, ədalətli məhkəmə, demokratik idarəetmə, elementar hüquqların təmin edilməsini tələb etdikləri üçün şərlənərək, qondarma ittihamlarla Kürdəxanı təcridxanasında, cəzaçəkmə müəssisələrində çürüdülür.

Üstəlik, təsəvvür edin ki, bizim Artur Rəsizadə baş nazir təyin ediləndə Iraklinin cəmi 14 yaşı varmış, məhəllədə tay-tuşları ilə “dava-dava”-zad oynayırmış.

Buyurun, demokratik, ədalətli bir ölkə olmağın üstünlüyünü gözlərinizlə görün. Görün belə bir ölkədə gəncliyin, gələcəyin önü necə asanlıqla, rahatlıqla açılır. Bizdə isə hələ də 70 yaşlı elmlər namizədi doktorluq dissertasiyasını müdafiə edəcəyi günü gözləyir. Camaat 30 yaşlı gəncini baş nazir edir, bizdə isə hansısa nazirlikdə baş məsləhətçi olmaq üçün də belin bükülüb çənən əsməli, saçında bir qara tük olmamalıdır.

Əslində Artur müəllimlə Irakli arasındakı yaş fərqi həm də çağdaşlaşma, modernləşmə, demokratikləşmədə Gürcüstanla Azərbaycan arasındakı fərqin ifadəsidir. Bu yaş fərqi qonşu ölkənin bizdən siyasi uğurlarına görə 50 il irəlidə olduğunun göstəricisidir.

Irakli bu yaşda Azərbaycanda da baş nazir ola bilərdimi?

Öz hökumətini 78 yaşlı Artur Rəsizadədən az qala 3 dəfə gənc bir kadra həvalə edən Gürcüstan bizə yalnız demokratik dəyişikliklərin bir ölkəni dünyada necə parlada bildiyinin, onu ölkələr arasında necə sayğıdəyər bir yerə çıxardığının, hər cür inkişafın önünü necə açdığının nümunəsini göstərmir. Gürcüstan nümunəsində biz həm də ölkə idarəetməsini çox mürəkkəb, dəhşətli dərəcədə ağır, çətin, yalnız bir adamın görə biləcəyi, yalnız bir adamın bacaracağı, yalnız bir adamın qadir və layiq olduğu iş kimi təqdim edənlərin iflasını və ifşasını görürük. Görürük ki, gücünü xalqdan alan...

Milli iradənin məhsulu olan...

Azad, ədalətli seçkilərlə formalaşan bir hakimiyyətin özünə güvəni, inamı da sarsılmaz olur. Hətta o qədər ki, 31 yaşlı gənci hökumət başına gətirirlər, üstəlik də, elə bir hökumətin ki, hətta prezident səlahiyyətlərinin xeyli hissəsi də ona verilib.

Azərbaycanda isə formal statusa malik, idarəetməyə təsir imkanları az qala 0-ın altında olan, varlığı ilə yoxluğu bilinməyən baş nazir postuna belə, yenidən, allah bilir, neçənci dəfə Artur Rəsizadəni əyləşdirdilər. Onsuz da səlahiyyətsiz olan bir baş naziri dəyişmək cürətini belə, göstərə bilmədilər.

Səbəb?

Səbəb Əliyevçi sistemin nüvəsində xalqın dayanmamasıdır. Milli iradədən su içməməsidir. Nəticədə özünə güvən, inam çatışmazlığıdır. Belədə isə məcburən yaşlaşmış, heysiz komandana etibar etməli, onunla davam etməlisən. Başqa yol, sadəcə, yoxdur.

Yaşın nə vaxt fərqi olmur?

Digər tərəfdən isə sən özünü və ölkəni hər cür dəyişimə, yeniləşməyə qapalı elan etmisənsə, hansı posta neçə yaşlı kadr təyin etməyinin də mənası qalmır. Biz bunun nümunələrini az görməmişik. Elə təzəlikcə təhsil naziri postuna 38 yaşlı birini gətirəndə bəziləri toy-bayram edirdi, uzağagedən nəticələr çıxarırdı, hakimiyyət komandasının “cavanlaşacağı” barədə optimist proqnozlar verirdi. Guya bu “cavanlaşma” olsa, biz dürüst, ədalətli idarəetmənin şahidi olacaqdıq. Amma buyurun baxın, nə dəyişib? Mikayıl Cabbarovlu təhsilimizdə Misir Mərdanov dönəmindən fərqli olan nədir?

Bəli, məsələ yalnız hansısa qoca məmuru göndərib yerinə gənc birini təyin etməkdə də deyil. Əgər bu gəncləşmə, yeniləşmə, dinamikləşmə idarəetmə təfəkkürünün özündən başlamırsa...

Hələ də çağdışı, antidemokratik üsullarla idarəetmə məqbul sayılırsa...

Idarəçilik mandatını xalq vermirsə...

Hüquq və azadlıqlar nəinki üçüncü, dördüncü, hətta onuncu, yüzüncü dərəcəli məsələ kimi ortaya çıxmırsa, idarəetmədəki gənclər və qocalar bölgüsü də formal, görüntü xarakterli bir şeyə çevrilir. Gələnin gedənə rəhmət oxutdurduğu əcaib bir mənzərə yaranır.

(azadliq/info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar