SABİQ HAKİMİN ÖVLADLARININ DA ƏMLAKINA HƏBS QOYULDU- O da keçmiş sədri Mahmud Nəbiyevlə bağlı ağır ittihamlar səsləndirdi

"Mahmud Nəbiyevin kürəkəni barəsində 20 milyonluq maxinasiya üzrə il yarım-iki ildir iş gedir. Onu ört-basdır elədi"

"Mahmud Nəbiyevin yerinə ola bilərdi, amma Zakir Qaralovun yerinə keçmək istəyi yatsam heç yuxuma da girməzdi”"

Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin materiallarına görə Ramazan Səlimova adlı iş adamından onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verməklə 600 min manat alan Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyev yeni açıqlamalarla çıxış edib.

Cnayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər və ya hərəkətsizlik) maddələrilə ittiham olunan Həsən Əliyev virtualaz.org saytına açıqlamasında 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində işə başladığı gündən məhkəmə sədri Mahmud Nəbiyevlə ulduzlarının heç cür barışmadığını deyib.

Bunun səbəbini isə o məhkəmə sədrinin kreslosuna göz dikməsilə bağlı Mahmud Nəbiyevdə yaranmış yanlış fikirlərlə izah edib. Elə sabiq hakimə ona qarşı aqressiyanın kökündə də bu məsələnin dayandığını bildirib. H.Əliyevin ədliyyə nazirinin kadrı kimi qələmə verilməsinin isə münasibətləri daha da korladığı iddia edilib. Bildirib ki, yeni gələn hakimin nazirə yaxın olması barədə deyilənlərə əsasən han onun yerinə keçməsi ehtimalı məhkəmə sədrini rahat buraxmayıb.

H.Əliyevin dediklərindən: “Mahmud Nəbiyev öz davranışı ilə hakim dostlarımı, texniki işçiləri də məndən çəkindirməyə çalışırdı. Həmin şəxslər mənimlə ünsiyyət qurmaqdan çəkinirdilər. Məni bir növ qaralamışdı. Hər vəchlə məni gözdən salmağa çalışırdı. Hakim səlahiyyətlərimə xitam veriləndən sonra şəxsi əşyalarımı aparmaq üçün kabinetin açarının birini özümdə saxlamışdım. MTN-ə verdiyim səs yazısından sonra məni cəzalandırmaq tapşırığı gəlmişdi. Mənim qapım möhürləndi, Mahmud Nəbiyev sanki orada bir xof yaratdı.

Qeyd edim ki, qapı yalnız istintaq zamanı möhürlənə bilər. Mahmud Nəbiyev isə məhkəmənin texniki işçisinə göstəriş vermişdi ki, Həsən Əliyev özü gəlməyincə əşyalarını vermə. Sonra mənə zəng vurub dedi ki, gətir vəsiqəni qaytar. Dedim mən vəsiqəni Ədliyyə Nazirliyinə verməliyəm. Cavabında “rəhbərlik mənə tapşırıb” dedi.

Əminəm ki, Ədliyyə Nazirliyindən ona heç kim belə tapşırıq verməmişdi. Bəs Mahmud Nəbiyevin rəhbəri kim idi? Bax, müəmmalı olan budur.

Mən yalnız əməkhaqqına işləyən hakim olmuşam. 7 il ərzində çıxdığım işlər hamısı analoji işlər olub. Bəraət hökmü çıxardığım işlər də olub. Prokurorluq protest verməsinə baxmayaraq bəraət verdiyim işlər öz gücündə qalıb”.

Sabiq hakim baş prokurorun yerinə iddialı olması barədə yayılan məlumatlara isə təəccübləndiyini deyib: “Mən kiməm ki, kiminsə yerinə göz dikim? Bəlkə də Mahmud Nəbiyevin yerinə ola bilərdi. Amma Zakir Qaralovun yerinə keçmək istəyi yatsam heç yuxuma da girməzdi”.

Sabiq hakimin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevlə bağğlı ağır ittihamlar da səsləndirib: “Mən yalan danışmıram. Əməllərimdə iynə ucu boyda qüsur axtaran Mahmud Nəbiyev öz gözündə tiri görmür, görmək istəmir. Onun kürəkəni barəsində 20 milyonluq maxinasiya üzrə il yarım-iki ildir iş gedir. Onu ört-basdır elədi. Axı əməllərimdə nə vardı ki, məni bu cür tələyə saldılar, cinayət işi quraşdırdılar?! Hər şeyin sifariş olduğu məlum idi. Bu, bir oyun idi. Ədliyyə naziri Fikrət Məmmədov ədaləti qoruyan insandır. Əgər o olmasaydı, görün nələr baş verərdi. O insanın varlığı çox şeylərin qabağını aldı”.

H.Əliyevin sözlərinə görə, ona 600 min manat rüşvət ittihamı irəli sürən Ramazan Səlimovun pulunun dəyərini ödəmək məqsədi ilə 18 avqust, 2014-cü ildə Nəsimi Rayon Məhkəməsində oğlu Vüqar Əliyevə mərhum anasından miras qalmış mənzilin üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarılıb: “Nəsimi Rayon Məhkəməsinin 8 sentyabr tarixli qərarı ilə digər oğlum Tural Əliyevin adına olan 3 min manatlıq “Niva” markalı maşının üzərinə həbs qoyulub. Məgər mənim oğlum özünə maşın ala bilməz? Həyat yoldaşımın adına olan əmlaka da həbs qoyulub. Hakimlər bu cür qərarları sifarişlə çıxarırlar. Bunu özləri də etiraf edirlər. Belə qərarlar çıxarmağa göstəriş verən qara qüvvə kimdir? Onlara təbii ki, məhkəmə sədri tapşırıq verir. Yaxşı, məhkəmə sədrinə sifarişi kim verir? Bax, məsələ bundadir. Əgər söhbət cinayət işində olan cinayətdən gedirsə, mülki qaydada əmlak üzərinə həbs qoymaq nə deməkdir? Əmlak üzərinə mülki qaydada həbs qoyurlarsa, onda bu cinayət işi nə deməkdir? Hal-hazırda o qərardadların apelyasiyada ləğvi ilə məşğulam. Konstutisiyaya görə, hər kəsin əmlakı toxunulmazdır. Ata oğula, oğul ataya görə cavab verməməlidir. Yəqin bu təqib belə davam edərsə, deməli, mənim bacım, qardaşlarım, digər qohumlarım da əmlak həbsinə məruz qalacaqlar...”

Xatırladaq ki, 2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri, 2007-ci ildən etibarən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləmiş və bu ilin fevral ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə səlahiyyətlərinə xitam verilib, bir-neçə ay əvvəl isə haqqında cinayət işi açılıb. H.Əliyev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həsən Əliyev bu cinayət işi üzrə yeganə təqsirləndirilən deyil, onunla yanaşı daha iki nəfər var. Bunlar Elman Məmmədov və Taleh Süleymanovdur. Hər iki şəxsin barəsində həbs-qətimkan tədbiri seçilib.

Həsən Əliyevə verilən ittihamın mahiyyəti ondan ibarətdir ki, o, Ramazan Səlimov adlı şəxsə vəzifədə

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla R.Səlimovdan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar