Şəkidə məhkəmə önündə gərginlik -VİDEO

Hazırda Şəkidə ezamiyyətdə olan reportyorlarımızın verdiyi məlumata görə, İsmayıllıda baş verən iğtişaşların təşkilində günahlandırılaraq həbs edilən Tofiq Yaqublu və İlqar Məmmədovun Şəki rayon məhkəməsindən keçirilən məhkəməsi öz işinə başlayıb. Məhkəmənin qarşısında keçik çəkən polislər media nümayəndələrini məhkəmə salonuna buraxmayıblar. Məhkəmə salonuna ittiham olunanların bir neçə yaxını buraxılıb. Bu, jurnalistlərin və məhkəmə prosesində iştirak etmək istəyən digər şəxslərin narazılığına səbəb olub, onlar deyiblər ki, içəridə kifayət qədər yer olduğu halda adamların bayərda saxlanılması qanunsuzluqdur. Ancaq onların etiraz və tələblərinə məhəl qoyulmayıb.

Deyerler.org saytının əməkdaşının verdiyi məlumata görə, məhkəmə zalına kənardan insanlar doldurulub. O, eyni zamanda bildirib ki, polis jurnalistlərin məhkəmə həyətində də işləməsinə ciddi maneəçilik yaradır.

N.Yaqublunun verdiyi məlumata görə, məhkəmədə Müsavat Partiyasl başqanının müavinləri Arzu Səmədbəyli, Arif Hacılı, hüquq müdafiəçiləri Arzu Abdullayeva, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, keçmiş vicdan məhbusu Vidadi İsgəndərli və digər fəallar iştirak edir.

Əməkdaşımız Günel Manaflının Şəkidən verdiyi xəbərə görə, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu müttəhimin ailə üzvü olaraq məhkəmə salonuna keçmək istəsə də, polislər ona da icazə verməyiblər. Onlar N.Yaqubluya içəridə yer olmadığını deyiblər. Bu barədə məlumat alan bir nəfər bayıra çıxıb öz yerini N.Yaqubluya vermək istəyib, ancaq polislər "içəridə yer yoxdur" bəhanəsini yenidən təkrar ediblər.

Əməkdaşımızın verdiyi xəbərə görə, İsmayıllı hadisələrinə görə təqsirlənidrilən şəxslərin içəri buraxılmayan əzizləri məhkəmə binasının qarşısında göz yaşı axıdır. Polislərin sırasında dayanmış bir mülki geyimli şəxs isə onlara baxaraq gülür, onları ələ salır, üstəlik heç kəsin içəri buraxılmamasına dair göstərişlər verir.

G.Manaflının verdiyi xəbərə görə, təqsirləndirilən şəxslərin yaxınları məhkəmə keçirilən zalın pəncərəsindən içəri baxmaq istəsələr də, içəridə olan polis pəncərəni bağlayıb. Bu da çöldə yaxınlarını gözləyənlərin hiddətinə səbəb olub. Bir gənc oğlan məhəccərdən içəri atılaraq pəncərəni açıb. Bunu görən 3-4 polis oğlanın üstünə tökülüb onu vurublar. Təqsirləndirən şəxslərin yaxınları birtəhər həmin gənci polislərin əlindən alıblar. İçəridə olan şəxslərin balaca övladlarını da içəri buraxmayıblar. Uşaqlar pəncərə arxasından "ata" deyərək ağlayıblar.

Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar