Yeni ümid qığılcımı

Son günlər sabiq müdafiə naziri Səfər Əbiyevin əyri yollarla əldə etdiyi mülklər - villalar, saraylar, daşınmaz əmlaklar və çəpərə aldığı hektarlarla torpaq sahələri haqda KİV-də yayımlanan məlumatlar hər kəsin diqqətini özünə cəlb etməkdədir. Adam sanki hərbi qabiliyyətsizliyini mülki qənimətlər əldə etmək sahəsində olan “məharəti” ilə kompensasiya edirmiş.

Aydın məsələdir ki, müharibə şəraitinin yaşandığı bir ölkədə ifrat dərəcədə cah-cəlal, mal-mülk həvəskarlığı hərbi peşəkarlıqla bir araya sığa bilməz. Ümumiyyətlə, müstəqillik dövründən üzü bəri hərbi sənaye üzrə nazir Yavər Camalov da daxil olmaqla, bizim bütün müdafiə nazirlərimizin fəaliyyəti hərbiçidən daha çox sovet dövrünün oğru təsərrüfat müdirlərinin fəaliyyətini xatırladır. Keçmiş müdafiə naziri M.Rəfiyevin işdən azad olunandan sonra nəinki qiymətli əşyalarını, hətta, hərbi hissələrdən əldə etdiyi “fin evləri”nin dəmirlərini də özü ilə bərabər getdiyi ölkəyə daşıdığı heç kəsin yadından çıxmayıb.

Tarixdə hərbi nazirlərin fəaliyyətinə dair elə örnəklər var ki, onlardan nəticə çıxarmaq lazımdır. Kutuzovun hər cür təmtəraqdan uzaq yaşadığı əsgər həyatı və hərbi peşəkarlığı rus ordusunun Fransa üzərində qəbəsini təmin edən əsas şərtlərdən biri idi. Napoleon 24 yaşında briqada generalı oldu və Direktoriyanın yarıtmazlığı ucbatından orduda yaranan nizamsızlığı qısa bir zamanda aradan qaldıra bildi. O, triumfal qələbələrdən əldə edilən hərbi qənimətləri öz karyerasının güclənməsinə deyil, sonradan bütün dünyaya örnək olan Fransa respublikasının ayaqda qalmasına yönəltdi.

Bəs, hərbə ayrılan milyardları ac qurd kimi gəmirən, özü günü-gündən şişən, əsgəri günü-gündən zəifləyib vərəm xəstəliyinə düçür olan bu cür nazirləri bəsləməkdə hakimiyyətin məqsədi nədir? Niyə bir dəfə də olsun ordunun başına sırf peşəkar insanlar gətirilmir? Bir orduda daha nə qədər uğursuzluq, nə qədər rüşvətxorluq və korrupsiya faktları aşkar olunmalıdır ki, rəsmiyyət bu neqativlərdən düzgün nəticə çıxarsın?

Bir ildə müharibəsiz, döyüşsüz verilən əsgər itgiləri, zabitlərin öz əsgərləri ilə qul kimi rəftarı, ordu təchizatına misli görünməmiş vəsaitlər ayrılmasına baxmayaraq əsgərlərin öz valideynlərinin hesabına yedizdirilib-geyindirilməsi faktları, ordudan yayınma, fərarilik, peşəkar zabitlərin göz ardı edilməsi, qeyri peşəkarların filan nazirin qohumudur deyə irəli çəkilməsi ordumuzda yaşanan acı reallıqlardır. Şübhəsiz ki, orduda yaşanan bu rəzalətlər bərbad hala salınmış cəmiyyətimizlə bağlı məsələdir.

Ordu cəmiyyətin ayrılmaz tərkib hissəsidir və cəmiyyətdə baş verən ədalətsizliklər, avtoritar idarəetmənin ortaya qoyduğu naqisliklər, korrupsiya və rüşvətxorluq faktları, regionçuluq və tayfabazlıq nümunələri istər-istəməz daha sərt formada orduya kopiyalaşır. Hərbiçi görür ki, burada hərbi karyera əldə etməyin yolu heç də peşəkarlıqdan deyil, tabe olduğu komandanlığa küllü miqdarda rüşvət verməkdən keçir. Nazir görür ki, hərbi güc milyardlar əldə edən digər nazirlər kimi onun cəmiyyətdəki nüfuzunu artırmır və o, öz çəkisini qorumaq naminə nazir həmkarları ilə sərvət rəqabətinə girişir.

Bu arada ölkə rəhbərliyinin apardığı kadr dəyişikliyindən bəhrəsini alan nazirlər sırasında yeni müdafiə naziri Z.Həsənovun təyinatından da danışmaq yerinə düşər. Əlbəttə, yeni nazirin sırf hərbi peşəkar korpusadan deyil, jandarm məktəbindən bu vəzifəyə gətirilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Cəmiyyət onu daha çox dinc aksiyalarda etirazların qarşısını xüsusi peşəkarlıqla almağı bacaran, hakimiyyətə sədaqəti ilə şübhə doğurmayan bir şəxs olaraq tanıyıb və görünən odur ki, yeni nazir öz sələfinin bu sahədə buraxdığı boşluqları doldurmaq istəyindədir. Amma hər bir yeni təyinat köhnə həyatdan bezənlər üçün yeni ümid qığılcımıdır və arzu olunan odur ki, bu qığılcım öz atəşini demokratik tələblərlə meydana atılan dinc etirazçılar üzərində deyil, bizi millət olaraq təhdid edən düşmən Ermənistan səmalarında saçılsın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar