İSTEFALAR NİYƏ MƏHZ BURDA BAŞLADI? - (VİDEO)

Hadisələr göstərir ki, Müsavatda olaylar hələ indi başlayır

Müsavat partiyasında Başqan seçkisindən sonra başlanan qalmaqallar kütləvi istefalarla nəticələndi. Müsavat partiyasının Tovuz rayon təşkilatının istefa verməsi barədə məlumatlar yayıldı. İstefaların səbəbi nədir? Müsavat partiyasında nə baş verir?

ANS TV-nin məlumatına görə, Müsavatın qurultayı bu partiyanın sakit nizamını pozdu. İsa Qəmbərin başqanlıq postunda Arif Hacılının oturması ölkənin əsas oturuşumuş müxalifət partiyasını parçalanmaq zərurəti ilə üz-üzə qoyub. Parityanın Tovuz rayon təşkilatı tam tərkibdə istefa verib. İstefa verənlər bunın səbəblərini qurultay ərəfəsi və sonrası təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması və s. bu kimi məsələlərlə izah ediblər.

Partiyanın Tovuz təşkilatının sədri Miryaqub Ağamirlinin ANS-ə açıqlamasına görə, təşkilatın 400-ə yaxın üzvü var və onlar kollegial şəkildə partiyadan kənarlaşmaq haqda qərar qəbul ediblər.

Tovuza ezam olunmuş müxbirimizlə görüşməkdən qəti şəkildə imtina edən partiyanın təşkilat sədri səbəb kimi təkcə Müsavatın yerli qərərgahının binasının olmadığını yox, həm də kollektiv olaraq istefa məsələsini şişirtməklə gündəmə gəlmək istəmədiklərini əsas gətirib.

Maraqlıdır, istefalar niyə məhz Müsavatın Tovuz təşkilatından başladı? Əcəba, bu məsələdə Vurğun Əyyubun və yaxud Rauf Arifoğlunun rolu ola bilərmi? Axı hər iki partiya funksioneri Tovuzdandır və onların heç birinin Arif Hacılı ilə münasibətləri isti deyil. Düzdür, əvvəllər Arif Hacılı ilə Rauf Arifoğlu dost olub, hətta bir yerdə məhbus taleyi də yaşayıblar, amma sonradan Rauf Arifoğlu Arif Hacılını partiyanın proqramını davamlı olaraq pozmaqda və s. bu kimi məsələlərdə ittiham edib və tərəflər biri-birini, hətta Allahsızlıqda belə günahlandırıblar. Vurğun Əyyuba gəlincə, onun da Arif Hacılı ilə münasibətləri tarixən sərin olub. Bu yaxınlarda isə bu münasibətlər daha da kəskinləşib. Arif Hacılının başqa partiyanın sədri olan qardaşını Müsavatın işlərinə qarışmaqda ittiham edən və onu nadzor adlandıran Vurğun Əyyubu qarşı tərəf də belə bir cavab ilə ittiham etmişdi. Biz müxalifət mübarizəsinin həmişə cəfasını görəndə, Vurğun Əyyub səfasını görüb. Hər halda, bu gün partiyanın məhz Tovuz təşkilatından çat verməsi bu haqda ciddi düşünməyə əsas verir. Amma əlbəttə ki, Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli bu məsələdə heç kimdən göstəriş almadıqlarını deyir. Elə Vurğun Əyyub da açıqlamasında Tovuz təşkilatının tam tərkibdə istefa verərkən kiminlə məsləhətləşdiyi, nədən bu qərara gəldiklərindən xəbərsiz olduğunu deyib.

O bildirib ki, istefalar partiyanın rəhbərliyində olan adamları maraqlandırmalıdır ki, bunlar hansı səbəbdən baş verir və qarşısını necə almaq olar. Partiyanın başqanı Arif Hacılı isə bu mövzuda hələ ki, susmağı üstün tutur. Hər halda, ondan müsahibə almaq cəhdlərimiz baş tutmadı və Arif Hacılı bu haqda danışmayacağını bildirdi. Hərçənd, o, başqan seçiləndən sonra ANS-ə müsahibə vermiş və açıqlamasında Müsavatda istefalar olacağına inanmadığını bildirmişdi.

“Demokratik qurluşlarda müəyyən fikir ayrılıqların olması və açıq müzakirələrin ketməsi təbii bir haldır. Buna normal yanaşıram. Ancaq Müsavat Partiyasında parçalanmalar olmayacaq” – deyə Müsavatın başqanı Arif Hacılı vurğulayıb.

Hadisələr isə göstərir ki, Müsavatda olaylar hələ indi başlayır. Arif Hacılını istefaya göndərməyə yönəlik bu təzyiqlər sonda nə ilə nəticələnəcək, bax bunu zaman göstərəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar