Pərviz Həşimlinin atası İran prezidentinə müraciət etdi

Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin atası Kamran Həşimov İran prezidentinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

İran İslam Respublikasının prezidenti, çox hörmətli Həsən Ruhani cənablarına!

Məni- Azərbaycan Respublikası vətəndaşını, 30 ildən çox bəşəriyyətin ən müqəddəs peşələrindən hesab olunan müəllimlik etməklə ailəsini halal yolla dolandıran Kamran Həşimovu Sizə müraciət etməyə vadar edən səbəbləri diqqətinizə çatdırmaq istəyirəm. Bildirim ki, oğlum Pərviz Həşimli bu ilin sentyabrın 17-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq həbs olunub və bu günədək ailəsi onun taleyindən qanedici məlumat ala bilməyib. Tanınmış jurnalist və hüquq müdafiəçisi olan oğlumun tamamailə qanunsuz olaraq həbs edildiyini, bu gün onun nazirliyin istintaq təcridxanasında bir girov kimi saxlanıldığını bütün dünya bilir. Yeri gəlmişkən, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları bu həbsi pisləyən bəyanatlarla çıxış ediblər, onu vicdan məhbusu kimi tanıyıblar. Mən də tam əminəm ki, oğlum vicdan məhbusudur və Azərbaycanda vüsət almış hakimiyyətdaxili mübarizənin günahsız qurbanlarından biridir. Artıq bu bir sirr deyil ki, ondan zorla, mənəvi və psixoloji təzyiq etməklə kimlərəsə qarşı qondarma ifşaedici etiraflar almağa cəhdlər edilir.

Cənab Prezident!

Bir İslam dövlətinin başçısı olaraq Sizə müraciət etməyə məcbur olmaqdan çox böyük utanc hissi və mənəvi əzab keçirirəm. Axı mən müstəqil bir ölkənin vətəndaşıyam və qanunla bütün vətəndaş hüquqlarımın qorunduğu bəyan edilən bir dövlətdə yaşayıram. Ancaq təəssüf hissiylə bildirmək istəyirəm ki, mən artıq iki aya yaxındır ki, öz ölkəmdə tamamilə hüquqsuz, taleyin ümidinə buraxılmış qərib bir insan kimi əlacsız yaşamağın əzabını çəkirəm və günahsız zindana atılan balamın hüquqlarını qoruya bilməkdə acizliyim mənə dəhşətli əzablar verir. Bunu iddia etməyə əsasım da var. Ötən iki aya yaxın müddət ərzində müraciət etmədiyim ünvan qalmadı, nazirlərdən tutmuş prezidentədək hər kəsə xahiş edərək bu həbsə biganə qalmamağa çağırdım, ancaq nəinki tədbir görülmədi, hətta müraciətlərimə cavab verməyə belə lüzum görmədilər.

Cənab Prezident!

Oğluma qarşı silah qaçaqmalçılığı maddəsiylə qondarma ittiham elan ediblər. Guya oğlum İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yoluyla Azərbaycana gətirilən silahı alıb satacaqmış. Bu ittihamın ikrahdoğurucu və gülünc olması bir yana, mən bir valideyn olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəhbərinə müraciət edərək onlardan cavab istədim ki, niyə sərhədlərimiz etibarlı qorunmur ki, kimlərsə onu qanunsuz pozmağa nail olsunlar? Sual etdim ki, MTN-nin iddia etdiyi tarixdə hər hansı sərhəd pozucusu saxlanılıbmı, ən azı belə bir cəhd qeydə alınıbmı? Həmin dövrdə İranla sərhəd ərazilərdə xidmət aparan hansı əsgər, zabit və ya komandir cəzalandırılıb? Bir sözlə, ünvanladığım bütün suallar əslində bəlli səbəbdən cavabsız qaldı. Ona görə də məcbur olub oxşar suallarla Sizə müraciət etmək qərarına gəlmişəm və ümid edirəm ki, Siz müraciətimə biganə qalmayaraq onu məsləhət bildiyiniz şəkildə cavablandıracaqsınız. Doğrudanmı İran sərhəddi də Azərbaycan sərhədləri kimi qorunur? Doğrudanmı istənilən sərhəd pozucusu heç bir çətinlik çəkmədən İran sərhəddini keçə bilir? Əlbəttə, bunlara mən inanmıram və inanmaq istəmirəm. Ancaq əminəm ki, müraciətimi oxuduqdan sonra məni bu cür düşünməyə, daha doğrusu, bu cür suallar verməyə məcbur edən səbəbləri də bildiniz.

Cənab Prezident!

Oğlum ötən il Müqəddəs Həcc ziyarətində olub. Onun silah qaçaqmalçısı olduğu barədə irəli sürülən ittihamı bir valideyn kimi necə həzm edə bilərəm? Bu insanlar ölkə qanunlarından öz məqsədləri üçün istifadə edirlər, bəs Allahdan, onun qanunlarından, qəzəbindən qorxmurlarmı? Bir Hacıya belə ittihamı necə rəva görürlər?

Cənab Prezident!

Sizdən çox xahiş edirəm, heç olmasa Siz mənim övladımın taleyinə biganə qalmayın və onun nə zamansa İran sərhəddini qanunsuz keçən qaçaqmalçılarla əlbir olmadığını, ümumiyyətlə iddia olunduğu kimi həmin dövrdə heç bir sərhəd pozucusunun qeydə alınmadığını ortaya qoyun. Səlahiyyətinizdən istifadə edərək öz müvafiq orqanlarınıza belə bir ehtimalın nə dərəcədə mümkün ola biləcəyini araşdırmağınızı, nəticələri barədə gözü yolda qalan girov atasına, oğlumun 4 yaşındakı gözüyaşlı körpəsini məlumatlandırmağınızı xahiş edirəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar