"SƏFƏR ƏBİYEVİ VƏTƏN XAİNİ, XALQ DÜŞMƏNİ, SATQIN HESAB EDİRƏM" - Bəyanat

"Xalq isə bu qorxaqdan və xaindən qəhrəmanlıq gözləyirdi" 

 “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin rəhbəri Yaşar Cəfərli bu gün yeni bəyanatla çıxış edib. Musavat-com-a istinadla keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı sərt ittihamlarla, həmçinin ifşaedici məlumatlarla zəngin həmin bəyanatı təqdim edirik:

Sabiqlər sırasına qoşulmuş Müdafiə naziri Səfər Əbiyevlə bağlı “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin 29 oktyabr 2013-cü il tarixli bəyanatını cəmiyyətin birmənalı qarşılamaması, təşkilatımızın bir vətəndaş kimi Səfər Əbiyevin də söz demək haqqını, müdafiə olunmaq hüququnu müdafiə etməyə hazır olduğunu bildirməsi fikirlərinin, guya mənim və bizim təşkilatın S.Əbiyevə münasibətinin dəyişməsindən xəbər verməsi kimi yozulması yeni bir bəyanata ehtiyac olduğunu ortaya çıxardı.

Bir yandan da, jurnalist dostlarımızın S.Əbiyevin getməsi, Zakir Həsənovun gəlməsi dilemmasına aydınlıq gətirmə israrlarını mənə ünvanlaması və guya mənim ordunun yeni rəhbərliyinin dəvətilə hərbi xidmətə qayıdacağım haqqında yayılan şayələrə münasibətimi öyrənmək istəmələri məni vadar etdi ki, aşağıdakı fikir və mülahizələrimi sizinlə bölüşüm. Amma dövlətin mühüm siyasi postundan kənarlaşdırmanın və yeni təyinatın gözlənilən olması, proqnozlarımızın özünü doğrultması, məhz nə üçün Zakir Həsənovun Müdafiə Naziri təyin olunması səbəbləri üzərində dayanmaq istəmirəm.

Bu barədə fikirlərimi yaxın zamanlarda ictimaiyətə açıqlamağa çalışacağam. Hazırda “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin 29 oktyabr 2013-cü il tarixli bəyanatını şərh etmək və mənim guya hərbi xidmətə qayıdacağım barədə yayılan şayələrə aydınlıq gətirmək istəyirəm.

İlk olaraq bidirmək istəyirəm ki, mənim Səfər Əbiyevlə bağlı kəskin mövqeyim dəyişməyib və dəyişə də bilməz. O, Müdafiə Naziri kimi xidmət etdiyi 19 ilə yaxın bir müddətdə xalqımıza və Vətənimizə əlindən gələn pisliyi edib. Ordumuzu, peşəkar kadrları, sözün əsl mənasında, düşməncəsinə sıradan çıxarmaqla məşğul olub. Bu adam Rüfət Əmirov, Elxan Orucov, Rafiq İbrahimov, Rafiq Əsgərov, Əli Kazımov, Dağlar Abdullayev, Şair Ramaldanov, Aleksandr Vasyak, Canmirzə Mirzəyev, Əli Məmmədov, Fuad Yusifov, Rasim Muxtarov, Teymur Səmədzadə, Məhərrəm Cahangirov, Sahib Qarayev, Elçin Məmmədov, Bilal Məmmədov, hətta Milli Qəhrəmanlar Eldar Ağayev və Fəxrəddin Cəbrayılov və sair bu kimi xeyli sayda akademik təhsilli, böyük hərbi təcrübəsi, həyat bilgisi, yüksək intellektual bilik və bacarığı olan zabitlərimizi layiq olduqları vəzifələrdən, alın təri ilə tutduqları mövqelərdən sıxışdırıb çıxarıb, onları daim mənəvi və psixoloji təzyiq altında saxlayıb, onlara bilik və bacarıqlarını orduda tətbiq etməyə, gənclərə öyrətməyə imkan verməyib.

Nazir olduğu dövrdə S.Əbiyev Valeh Bərşadlının, Nəcməddin Sadıkovun və Milli Qəhrəman Rövşən Əkbərovun yaxın dostları və tərəfdarları saydığı bütün peşəkar kadrları sıradan çıxarıb. Adama deyən lazımdı ki, “ay “zəkalı və cəsarətli” nazir, sənin N.Sadıkovdan, R.Əkbərovdan xoşun gəlmirsə Ali Baş Komandan qarşısında vəsatət qaldır və problemi bir dəfəlik çöz. Daha peşəkarları, milli kadrları niyə məhv edirsən?” Amma bu zatın rəhbəri iradəsi yox idi, qanun çərçivəsində doğru addım atmağa cürət edə bilmirdi, qorxurdu. Bütün idaretməni də belə çürük yanaşma və cılız hisslər üzərində qurmuşdu. Səfər Əbiyev oxşar əqidədaşlarını, öz “standartlarına” uyğun olan qeyri-peşəkarları layiq olmadıqları yüksəkliklərə qaldırır, onları söz və nüfuz sahibi edirdi. Əməlləri ilə ordunu, hərbi peşəni dəhşətli dərəcədə nüfuzdan salırdı. Hərbi peşənin bu gün ən populyar olmayan peşələr siyahısında olması birbaşa onun əməllərinin nəticəsidir. Bütün bunlara görə mən onu Vətən xaini, xalq düşməni, satqın hesab edirəm. Xalq isə bu qorxaqdan və xaindən qəhrəmanlıq gözləyirdi.

“Bu yaxınlarda S.Əbiyevin Almaniyanın Hamburq şəhərində obyektləri olması barədə yeni bir məlumat əldə eləmişik"

S.Əbiyev həm də mənim şəxsi düşmənimdir. Ona görə ki, o mənim hərbi karyeramı öz haytasının, kaprizlərinin qurbanına çevirdi. 14 yaşından həyatımı hərbi xidmətlə bağlamışdım. O, mənim bütün arzu və istəklərimi öz şeytan əməlləri ilə ürəyimdə qoydu. Bunun da əsas səbəblərindən biri o idi ki, mənim vəzifəmi icra etmiş öncəkilər kimi N.Sadıxova, R.Rzayevə, Ə.Hüseynova və özünü nisbətən müstəqil aparan, işində prinsipal mövqe nümayiş etdirən digər nazir müavinlərinə və idarə rəislərinə qarşı donoslar toplayıb ona çatdırmaqla məşğul olmaq istəmirdim. S.Əbiyev hesab edirdi ki, bizi vəzifəyə o təyin etdiyi üçün ağına-bozuna baxmadan ona “işləməliyik”. Bu prinsiplərə tabe olmayan hər kəsi gec-tez müxtəlif saxta ittihamlar və bəhanələrlə vəzifədən azad edirdi. O, məndən hətta onun "adamları" kimi tanınan M.Beydullayevə və M.Səlimova qarşı da donoslar gözləyirdi. 2001-ci ilin yay aylarında daxili telefonla mən zəng edib dediyi sözlər indiyədək yadımdadır: “Xəbərin var, sənin rəisin Əlağa ilə görüşüb məni müzakirə edirlər. Sən orda nəyə oturmusan? Nəylə məşğulsan?” Mənim susmaqda davam etdiyimi görüb dəstəyi asdı. Onunla işləyənlər çox yaxşı bilirlər ki, bu S.Əbiyevin əsas iş prinsiplərindən biri idi. Bu adam dünyada tayı-bərabəri bilinməyən intriqaçıdir və öz mənəvi instiqlərini təmin etmək naminə çavuşla belə intriqaya getməyə hazır idi.

Səfər Əbiyev 2003-cü ildə məni saxta ittihamlarla həbs etdirib. 2005-ci ildə və 2013-cü ildə mənə qarşı sui-qəsd təşkil etmək barədə göstəriş verib. Səfər Əbiyev başqaları kimi məni də övlad imtahanına çəkməyə cəhd edib. Sadəcə Tanrının qismətilə mən bu işdən vaxtında duyuq düşdüm. Səfər Əbiyev övladlarımdan başqa ağır şəkər xəstəliyindən əziyyət çəkən anamın və yaşlı atamın da mənim himayəmdə olduğunu bilməsinə rəğmən 11 ildir ki, hər ay mənim təqaüdümdən qeyri-qanuni olaraq təqribən 300 - 350 AZN kəsilməsinə nail olub. Yəni bu adam uzun müddət mənim ailə büdcəmə ziyan vurub. Səfər Əbiyev məni şəxsi düşmən kimi görərək xeyrimə çıxarılmış 3 məhkəmə qətnaməsinin icra edilməsinə mane olub. Onlardan biri 11 il 6 aydan, biri 7 ildən, digəri isə 6 ildən çoxdur ki, icra olunmur.

Səfər Əbiyev tərxis olunduğum gündən bu günədək, yəni 11 il 6 ay ərzində məni ordunun düşməni, Vətən xaini elan edərək şəxsimə qarşı saxta ittihamlarla qara piar kampaniyası aparıb, haqqımda təhqiramiz ifadələrlə dolu xeyli sayda yazılar yazıdırıb. Səfər Əbiyevin şəxsən mənə, təşkilatımıza, koalisiyamıza, saytımıza qarşı törətdiyi digər cinayətkar əməllər haqqında isə mətbuatda kifayət qədər informasiyalar var.

Bəs onun bizə qarşı qəzəbinə, təzyiq və təsirlərinə səbəb nə idi? Əlbəttə ki, bizim hamıya bəlli olan və ölkənin qanunları çərçivəsində həyata keçirdiyimiz ictimai fəaliyyətimiz. 11 illik fəaliyyətimiz ərzində qaldırdığımız heç bir problem inkar edilməyib, verdiyimiz heç bir bəyanat, heç bir açıqlama, yaydığımız heç bir məlumat təkzib edilməyib. Edə bilməzdilər. Çünki söylədiklərimiz, yazdıqlarımız həmişə danılmaz faktlara söykənib. Əllərindən yalnız saxta ittihamlarla kollektivimizə və şəxsən mənə qarşı qara piar kampaniyası aparmaq gəlirdi. Məsələn, yazdırırdılar ki: “Y.Cəfərlinin arvadı ukraynalıdır, xarici kəşfiyyata işləyir, arvadı ilə yalandan boşanıb, Sovet Ordusunda özünə saxta xəstəlik sənədi düzəldib, rüşvət alırdı” və sair bu kimi saxta ittihamlar. Sual olunur: “Bəs niyə Y.Cəfərliyə qarşı əlinizdə olan sənədləri ictimaiyyətə təqdim etmirsiniz, törətdiyi cinayətlərə və saxtakarlıqlara görə ona qarşı cinayət işi qaldırmırsınız?”

Amma biz həmişə faktlar və sübutlarımızı ictimaiyyətə təqdim eləmişik. Bəzən isə heç xırdalıqlarına getməmişik. Məsələn, biz heç vaxt deməmişik ki, S.Əbiyev korpus komandiri olduğu zaman Tovuzda rüşvət kimi aldığı televizorun hesabatını versin. Həmin dövrə aid belə faktlar barədə Tovuzda məlumatı olanlar çoxdur, şahidlik etməyə hazır olanlar da var. Biz qanun pozuntusu kimi ortaya çıxan saysız-hesabsız belə faktların deyil, onun xarici banklardakı hesablarının axtarışını davam etdiririk. Bu yaxınlarda S.Əbiyevin Almaniyanın Hamburq şəhərində obyektləri olması barədə yeni bir məlumat əldə eləmişik. İndi bu məlumatı tədqiq edirik.

Biz onun öz evində ailəsilə, ata evində anası ilə, həyat yoldaşının övladları ilə hansı dildə danışmasını da heç vaxt mətbuata çıxarmamışıq. Biz onun Sovet ordusunda tutduğu ən yüksək vəzifədən hansı səbəblərdən çıxarılması barədə məlumatları heç zaman ictimailəşdirməmişik. Çünki biz kişilik məktəbi keçmişik, şərəf və ləyaqətin nə olduğunu bilirik.

Onun və komandasının bizi qaralamaları bəzən öz yerini hiyləyə tərk edirdi. Açıqlama verib bildirirdilər ki, “Bu problem bizlik deyil. Bu işə görə Nazirlər Kabinetində və Prezident Administrasiyasındakılar məsuliyyət daşıyır”. Belə açıqlama verməklə S.Əbiyev və onun əlaltıları işi bitmiş, məsuliyyəti öz üzərlərindən atmış olurdular. Mənim bu fikirlərimə dəlalət edən faktlara dair məlumatlar MN-in rəsmi saytında da yer alıb.

Əbiyev və onun əlaltılar istəyirdilər ki, biz danışmayaq, susaq, problemləri ictimayələşdirməyək. O istəyirdi ki, biz gedək ona baş əyək, ondan nəyə görəsə üzr istəyək, onun şanına əl çalaq, yalandan onu tərifləyək və gedib ona yalvaraq ki, “sən allah, gəl bizim xeyrimizə dövlət adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra elə”. Belə xəyallara yalnız xəstə təxayüllü rəhbərlər düşər.

Bütün yuxarıda sadaladıqlarımdan sonra siz özünüz fikirləşin - onu bağışlamaq olarmı?

Səfər Əbiyev mənim anamın, 19 il ərzində dünyasını dəyişmiş əsgərlərimizin analarının ayaqları altında diz çöküb üzr istəmli və daha sonra intihar etməlidir. Bəlkə bundan sonra mən onu bağışlaya biləm. Bəlkə bundan sonra mən onu şəxsi düşmənlərimin siyahısından silə biləm.

Mənim aləmimdə Səfər Əbiyev insan obrazına girmiş iblisdir. Təsəvvür edin, 19 il ərzində, demək olar ki, hər gün əsgər ölümü xəbərini alasan, və bunun məsuliyyəti sənin boynunda ola, amma kreslodan da əl çəkməyəsən. Buna hansı normal insan psixologiyası tab gətirə bilər? Səfər Əbiyev isə bütün bunlara biganə yanaşmaqla bərabər, kortəbii əməliyyat komandaları verib və xeyli sayda əsgərlərimizin həlak olmasına bir başa hökm verib. Hər dəfə məsələ ictimailəşdiriləndə isə, o bu işdən xəbəri olmadığını bilidirib, bütün məsuliyyəti korpus və hərbi hissə komandirlərinin üstünə atıb.

Amma onu da qeyd etmək istəyirəm ki, mənli-mənsiz bədbəxt Səfərin o qədər düşməni var ki - o öz iblis hərəkətləri ilə özünə sayı-hesabı bilinməyən düşmənlər qazanıb. S.Əbiyev o qədər evlər yıxıb, çıraqlar söndürüb, neçə-neçə ailələri başsız qoyub. Dövlətin ona verdiyi vəzifə səlayihətlərindən sui-istifadə edərək özünün mənfur əməlləri ilə minlərlə zabitimizi alçaldıb, generallarımızı təhqir edib, saxta ittihamlarla damğalatdırıb, həbs elətdirib, evlərini əlindən alıb və s. Mən aysberqin yalnız görünən tərəfiyəm, özü də düşmənlərin ən mərhəmətlisiyəm.

Bəzən məni qərəzli olmaqda, özümün və rəhbəri olduğum təşkilatın fəaliyyətini guya Səfər Əbiyevlə olan şəxsi münasibətlər üzərində qurmaqda günahlandırırlar. Mən bütün bu iddiaları rədd edirəm. Əminəm ki, bu şayələr də Səfərin göstərişi əsasında qurulub. Bu onun şeytani əməlləridir və rəqiblərinə qarşı taktikasıdır. Bilirəm ki, yuxarıdakı sətirləri oxuyandan sonra bəzi məsələdən xəbəri olmayanlar yenə də, Səfərin şeytani əməllərinin qurbanı ola bilərlər. Ona görə də fürsətdən istifadə edib bu məsələyə də aydınlıq gətirmək istəyirəm.

Birincisi, Səfər Əbiyevlə mənim aramda 14 il yaş fərqi var. Biz heç vaxt bir yerdə oxumamışıq, bir bölgədən deyilik və qohumluq əlaqələrimizdə yoxdur. Bu baxımdan bizim aramızda heç vaxt şəxsi münasibətlər də olmayıb. Mən onunla ilk dəfə 1992-ci ilin yayında tanış olmuşam. Həmin vaxt indiki Qazax briqadası yaradılırdı. Mən kapitan rütbəsində həmin hərbi hissənin qərargah rəisi, S.Əbiyev isə polkovnik rütbəsində Baş Qərargah rəisinin müavini idi. Guya bizim bölgədə korpusun yaradılmasına kömək etmək üçün gəlmışdi (Sonralar rəhmətlik general Bərşadlı mənə özü danışmışdı ki, “Nazirlikdə intriqa ilə məşğul olduğuna görə Səfəri tez-tez bölgələrə ezam edirdik. Amma g....ü boş olduğundan elə məsul işlər dalınca göndərə də bilmirdik. Getdiyi yerdə də intriqa salırdı”). Elə Qazaxda da yollarımız ayrıldı. Sonralar o Müdafiə Naziri, mən isə Bərdə korpusunun kadrlar şöbəsinin rəisi olanda görüşdük. Mənim onunla münasibətlərim sırf xidməti maraqlar üzərində qurulub.

Mən fərd olaraq Səfər Əbiyevin haytasının, kaprizlərinin və şeytan əməllərinin minlərlə qurbanlarından biriyəm. Məyər mənim öz hüquqlarımı müdafiə etmək haqqım yoxdurmu? Nə üçün mənim öz hüquqlarım uğrunda apardığım mübarizə Səfər Əbiyevə qarşı qərəz kimi qiymətləndirilməlidir? Bəlkə mənim tələblərim qanuni tələblər deyil? Bəlkə mən S.Əbiyevə qarşı saxta ittihamlar irəli sürmüşəm? Hər bir zabit, hər bir hüquq müdafiəçisi ilk növbədə özünü və ailəsini qorumağı bacarmalıdır. Əgər hər hansı bir zabit və ya hüquq müdafiəçisi bunu bacarmırsa, o nə başqalarının hüquqlarını, nə də Vətənini qoruya bilməz, o nə hüquq müdafiəsi təşkilatının, nə də ki, hər hansı bir hərbi birləşmənin işinə rəhbərlik edə bilməz. Digər tərəfdən, fərd olaraq mənim hüquqlarımın bərpası, minlərlə zabitin hüquqlarının bərpasına xidmət edir. Çünki problemlər eynidir. Onu da qeyd etməliyəm ki, biz həmişə problemlərin həllinə həm ümumi, həm də fərdi qaydada yanaşmışıq. Məni və rəhbərlik etdiyim təşkilatı qərəzli mövqedən çıxış edənlər kimi dəyərləndirməyin özü qərəzdir.

İndi isə Səfər Əbiyevlə bağlı “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi adından yayılan 29 oktyabr 2013-cü il tarixli bəyanatın digər aspektləri, daha doğrusu əsas mahiyyəti barədə şərh vermək istəyirəm.

Birincisi, nəzərə almaq lazımdır ki, bu fərd olaraq təkcə mənim deyil, həm də təşkilatın mövcud vəziyyətlə bağlı mövqeyini əks etdirən bəyanatdır;

İkincisi, bəyanat şəxsi maraqları və münasibətləri deyil, milli maraqları əks etdirən problemlərə həsr olunub;

Üçüncüsü, bəyanat gündəmə gəlmək xatirinə deyil, problemləri KİV-də işıqlandıraraq, müvafiq dövlət qurumlarının və ictimaiyətin bu problemlərə diqqətini cəlb etmək məqsədi ilə yayılıb;

Dördüncüsü, bəyanat ictimai müzakirələr, mətbuatda işıq üzü görən materiallar, ekspertlərin və analitiklərin verdiyi açıqlamalar nəzərə alınaraq və rəsmi mənbələrdən əldə edilən məlumatlar əsasında hazırlanıb;

Beşincisi, bəyanatın mütəxəssislər, dövlətin idarə edilməsində iştirak edən siyasi rəhbərlər və özlərininin taleyini Səfər Əbiyevin çıxarılması ilə əlaqələndirib "qurban" sayanlar tərəfindən oxunacağı nəzərə alınıb;

Altıncısı, bəyanatın mətni həm də Səfər Əbiyevə və onun kimi “uzunömrlü” rəhbərlərə hesablanıb.

Bu bəyanatda biz siyasi hakimiyyətə, demokratik müxalifətə, yeni rəhbərliyə və ordu mənsublarına mesajlar vermişik. Səfər Əbiyevin və onun komandasının fəaliyyətinə verdiyimiz qiyməti ictimaiyətə açıqlamaqla yanaşı, bütün demokratik dövlətlərdə olduğu kimi, onları da ictimai müzakirələrə qoşmağa cəhd etmişik. Və ən əsası ordumuzu gələcək təhlükələrdən qorumağa, köhnə səhvlərin təkrarlanmasının qarşısını almağa çalışmışıq. Biz həm də yeni Müdafiə Nazirinin ictimai rəylə hesablaşan bir şəxs olduğunu nəzərə alaraq, onu səhvlərdən sığortalamaq, kadr siyasətində prioritet məsələlərə diqqətini cəlb etmək məqsədi güdmüşük.

Bu bəyanatı biz ordu quruculuğunun yeni mərhələsində ilk ictimai dəstək, ilk ictimai töhvə kimi dəyərləndiririk. Hesab edirik ki, bəyanatımız kifayət qədər obyektiv, ölçülüb-biçilmiş, peşakar səviyyədə hazırlanmış bir bəyanatdır və milli maraqlara xidmət edir.

O ki, qaldı bəyanatımızın Səfər Əbiyevi müdafiə etməyə hazır olduğumuzu bəyan etdiyimiz hissəsinə, biz bunun müxtəlif cür yozulacağını əvvəlcədən bilirdik. Bəyanatın bu hissəsi ilk növbədə Səfər Əbiyevə və onun kimi “uzunömrlü” rəhbərlərə hesablanıb. Qeyd etməliyəm ki, Səfər Əbiyevin həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatdıqdan sonra da 9 ay ərzində Müdafiə Naziri vəzifəsində saxlanılması onun iradəsindən asılı olmayıb, hüquqi cəhətdən o məcburi qaydada işlədilib. Bu fakt bizim üçün tapıntı idi. O elə bilirdi ki, heç kimin bu işdən xəbəri yoxdur. S.Əbiyev bu qaydada çoxlarının hüquqlarını pozub. Biz ona göstərdik ki, özgəsinə quyu qazan özü düşər. Biz S.Əbiyevə və onun kimilərinə anlatdıq ki, siz də nə vaxtsa vəzifədən gedəcəksiniz və qurduğunuz sistemin qurbanı olacaqsınız - millətə qan uddurmayın. Biz S.Əbiyevə mesaj verdik: “uzun illərdir sənin əməllərinin qurbanlarını müdafiə edirdik, indi sənin özünün müdafiəyə ehtiyacın var”. Qoy bu mesaj onun kimilərə də dərs olsun. Səfər Əbiyev bizim təşkilatın hüquq müdafiəçisi təşkilatı kimi qeydiyyatdan keçməsinə imkan vermirdi, biz bu hüququ ictimai rəydə özümüz qazandıq. Bəyanatın bu bəndi həm də bu fakta işarədir. Bəyanatın bu bəndində biz bütün məmurlara mesaj verdik ki, vətəndaş cəmiyyətilə, mətbuatla konfliktə getmək doğru yol deyil - sonu məğlubiyyətdir.

Guya mənim ordunun yeni rəhbərliyinin dəvətilə hərbi xidmətə qayıdacağım haqqında yayılan məlumatlar doğrudan da şayədən bağqa bir şey deyil.

Birincisi, Milli Şura üzvünü hökumətdə təmsil olunmağa dəvət etmək Müdafiə nazirinin səlahiyyətlərinə aid olan məsələ deyil.

İkincisi, ortada belə bir təklif yoxdur.

Üçücüsü və ən əsası, Milli Şuranın prezident seçkilərinin nəticələri ilə əlaqədar qərarı hamımıza bəllidir. Mən də Milli Şura üzvü olaraq bu qərarı dəstəkləyirəm.

Etiraf edirəm ki, reallıqla hesablaşmağın, problemlərin həllinə praqmatik yanaşmanın, ümummilli maraqlar naminə iqtidar və müxalif güclər arasında münasibətlərin sağlam məcraya yönəldilməsinin tərəfdarıyam. Çünki ən doğru nicat yolunun “Milli Barış”dan keçdiyinə şübhə etmirəm. Amma burada əsas məsuliyyətin YAP hakimiyyətinin üzərinə düşdüyünü də dərk edirəm. Ona görə də hökumətlə istənilən formada siyasi əməkdaşlığa yalnız Milli Şuranın rəsmi qərarı əsasında razılıq verə bilərəm. Müdafiə nazirliyində hər hansı bir vəzifə təklifini qəbul etmək isə Milli Şura üzvlüyündən çıxmaq deməkdir. Mənim gələcək planlarımda belə qərarlara yer yoxdur. Əksinə, yaxın gələcəkdə təhlükəsizlik və müdafiə sektorunda ictimai fəaliyyətimi yekunlaşdırmağa, Milli Şura tərkibində isə siyasi fəaliyyətimi gücləndirməyə qərar vermişəm.

“Səfər Əbiyev dövrü, yumşaq desək, “itirilmiş imkanlar dövrü” kimi tarixə düşdü"

Bununla yanaşı heç kim inkar etməz ki, ordumuz iqtidar-müxalifət münasibətlərində mübahisə predmeti deyil, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs Silahlı Qüvvələrimizə bacardığı köməyi etməyə hazırdır. Mən də bir zabit, ictimai birlik sədri və QHT-lər koalisiyasının rəhbəri kimi ordumuza və ordunun yeni rəhbərliyənə imkanlarım daxilində dəstək verməyə çalışacağam. Bütün ehtiyatda olan zabitləri, QHT-ləri, ekspertləri, analitikləri, media nümayəndələrini də yeni ordu rəhbərliyinə dəstək verməyə çağırıram.

İndi Ordu quruculuğu sahəsində ölkəmiz üçün yeni bir şans yaranıb, hamının çoxdan ümidlə gözlədiyi yeni bir mərhələyə start verilə bilər. Amma burada 4 amil aparıcı rol oynayacq:

1)Siyasi rəhbərliyin növbəti 5 il üçün ordu quruculuğu sahəsindəki hədəfləri;

2)Ordu mənsublarında qanunların aliliyinə və insan haqlarına inamın bərpası;

3)Hərbi büdcənin səmərəli istifadəsi;

4)Ordu quruculuğu proseslərinə ictimai dəstəyin təşkili. 

Bu amillərin uzlaşdırılması məsuliyyəti isə yeni rəhbərliyin və onun komandasının üzərinə düşür.

Səfər Əbiyevdən Zakir Həsənova çox ağır və dərinliklərə kök atmış problemlər miras qalıb. Bu 4 amildən heç birinə indiyə qədər elmi əsaslarla yanaşılmayıb. S.Əbiyev hər şeyi təkbaşına və öz bildiyi kimi həll etməyə çalışıb. Nəticə isə göz qabağındadır.

Amma gəlin etiraf edık ki, Silahlı Qüvvələrimizin bundan da ağır günləri olub. Müharibə apara-apara sıfırdan ordu yaratmaq hər xalqın işi deyil. Biz isə bacardıq.

Heç şübhə etmirəm ki, biz bundan artığını da bacararıq. Yetər ki, xalqımızın orduya olan inamını, ordumuzun döyüş ruhunu bərpa edək! Yetər ki, milli maraqları şəxsi maraqlara qurban verməyək!

Səfər Əbiyev dövrü, yumşaq desək, “itirilmiş imkanlar dövrü” kimi tarixə düşdü.

Yeni mərhələ “Dirçəliş və sıçrayışlı inkişaf dövrü”dür, Zakir müəllim!

Sizə və komandanıza uğurlar arzulayıram!

Tanrının sizə bəxş etdiyi şansı əldən verməyin! Əminəm ki, bacaracaqsınız.

Vətən uğrunda irəli!!!

Yaşar CƏFƏRLİ, e.o. polkovnik-leytenant

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, hərbi ekspert, “Milli Şura”nın üzvü

03 noyabr 2013-cü il

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar