Azərbaycanda narkotik plantasiyasına basqın – Atışma

Baş Prokurorluq Zaqatala Dövlət Təbiət Qoruğunda baş verən silahlı basqınla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, oktyabrın 3-də güllə yarası xəsarəti ilə naməlum kişi meyitinin Balakən rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə və Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 8-ci dolayısında yerləşən hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hadisə yerinə baxış keçirilərkən iki sahədə əkilib becərilmiş 67 ədəd narkotik xassəli çətənə bitkisinə oxşar bitkilər aşkar edilib. Həmçinin həmin sahənin yaxınlığında qurudulmuş vəziyyətdə 10,5 kq çəkidə narkotik xassəli bitkinin budaq və yarpaqları aşkar olunub.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 235.4.3 (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə), 237.2.1 və 237.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda bitkiləri kultivasiya etmə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər müəyyənləşdirilməklə istintaq qrupu yaradılıb.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayət hadisəsinin açılması təmin edilib.

İstintaq zamanı Balakən rayonu, Gərəkli kəndində yaşayan Tahir Qarayev, Elnur Qarayev, Elçin Mamedov və Vaqif Omarovun qabaqcadan əlbir olub, qrup halında 2014-cü ilin may ayının əvvəllərindən başlayaraq Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 8-ci dolayısında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərə aqrotexniki qaydada qulluq edərək kultivasiya etməsində, bu barədə məlumatları olan Balakən rayonunun Gərəkli kənd sakinləri İntiqam Umarov və Məhəmməd Xizriyevin həmin narkotik vasitələri oğurlamaq qərarına gələrək Mənsur Heydərzadə, Rəhman Təhməzov, Sahil Quliyev, Əvəz Məmmədovun digərləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil etməklə oktyabrın 3-də saat 05 radələrində qeyd edilən sahəyə silahlı basqın edib, həmin sahədə olan narkotik vasitələri talan etmələrində və basqın zamanı Sahil Quliyevin Vaqif Omarova özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açıb onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan T. Qarayev, E. Qarayev, E. Mamedov, İ. Umarov, M. Xizriyev, Ə. Məmmədov, R. Təhməzov, M. Heydərzadə və S. Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Tahir Qarayev, Elnur Qarayev və Elçin Mamedov Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü, İntiqam Umarov, Məhəmməd Xizriyev, Əvəz Məmmədov və Rəhman Təhməzov 235.4.3-cü, Mənsur Heydərzadə 32.3, 235.4.3-cü, Sahil Quliyev isə 120.1 və 235.4.3-cü maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar